Dünya

Suriyada kartların dəyişdirilməsi cəhdləri: Ermənistanın çalarları – TƏHLİL + FOTO

Sharing is caring!


Nüfuzlu Müharibə Tədqiqatları İnstitutu “İran, Rusiya və Suriya rejimi ABŞ-ni Suriyadan çıxarmaq üçün məcburedici kampaniyalarını koordinasiya edirlər” başlıqlı hesabat yayımlayıb.

Moskva-Tehran-Dəməşqin səyləri Çinin Yaxın Şərqdə ABŞ-nin nüfuz dairəsini üstələməsi cəhdləri ilə əlaqəli şəkildə qurula bilər. Əgər hər şey plan üzrə getsə, Çinin regionda formalaşdırdığı yolun uzunluğu genişlənəcək.

Yaxın Şərqdə ABŞ üçün yaranan risklər Vaşinqtonun Suriya ərazisində cızdığı nüfuz dairəsinə müdaxilə imkanlarına yol açır – Rusiya, İran və Suriya boşluq yarandığını düşünüb oraya dolmaq istəyirlər. Lakin Ağ Evin Suriyada təşəbbüsünü əldən buraxan izlərə rast gəlmək mümkün deyil.

ABŞ Suriyanın, obrazlı desək, ən varlı oyunçusudur, o mənada ki, onun təyin etdiyi qövs (şimal-şərq regionunda) ölkənin təbii sərvətlər baxımından ən zəngin əraziləridir.

Ancaq Suriyadakı üç müttəfiq ABŞ-ni tutarlı şəkildə geri oturtmaq üçün fərasətlərini birləşdirdikdən sonra Vaşinqton oxunun fırlanma sürətində temp düşə bilər.

Rusiya

Kremldən basılan düyməyə əsasən, Rusiya mart ayının ortalarından bəri Suriyada ABŞ qüvvələrinin yerləşdiyi bazalara istiqamətlənən aqressiv uçuşlar həyata keçirir.

İran və Suriya

Bu iki müttəfiq iyul ayından etibarən Suriyanın şimal-şərqində ABŞ-nin nəzarətində olan ərazilərdə Vaşinqton üçün qalxan rolunu oynayan Suriya Demokratik Qüvvələrinin təmas xəttinə canlı qüvvə və hərbi texnika yerləşdirib.

Üç oyunçunun Deyr-əz Zor vilayətindəki aktivlikləri nəzərə çarpmaqdadır, beləliklə, ABŞ-nin qısnanılması planının icra edilməsi Suriyadakı donmuş cəbhə xətlərini yenidən şəkilləndirə bilər.

Strateji oyunda kartları dəyişdirən xüsusiyyətlərdən biri də Türkiyənin Suriya hakimiyyəti ilə danışıqlara “yaşıl işıq” yandırmasıdır, hərçənd ki, hələ də dövlət başçıları səviyyəsində görüş təşkil edilməyib.

Türkiyənin maraqları Suriyada qopa biləcək hər hansı tozanaqdan sonra terrorçu ünsürlərin aktivləşmək ehtimalına qarşı tədbirlər paketinin icrasına istiqamətlənib.

Ancaq Türkiyənin Qərblə münasibətlərinin arasında hörülən çəpərləri əzib daha konstruktiv danışıqlara köklənməsi cəhdi Ankara ilə Moskvanın Suriyada bölüşdüyü maraqları parçalaya bilər.

Bu, ayrı bir məcradır, amma bəllidir ki, Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması cəhdləri Rusiyanın maraqlarına adekvat formada təşkil edilir.

Digər bir variant belədir ki, ABŞ də Türkiyənin Suriya rejimi ilə istiləşən münasibətlərini özünün böyük plandakı təminedici xarakteri kimi bərkitməyə çalışır.

Oyun masasında nələrin dəyişib, nələrin sabit qalacağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında yaxın zamanlarda baş tutacaq görüş, bundan sonra isə mümkün Vaşinqton-Ankara danışıqları ilə aydınlaşacaq.

Ona görə də Türkiyə ilə Rusiya Suriyada maksimal şəkildə bir-birinin sinirinə toxuna biləcək addımlardan çəkinir – ən azından, Ərdoğan-Putin görüşünə qədər gərginləşmənin müşahidə olunacağını proqnozlaşdırmaq çətindir.

İranın proseslərdəki rolu Moskvanın izlərindən daha yüngüldür, ona görə də Moskva bir nöqtədən sonra Tehranın maraqlarını İsrailin Suriyadakı işləkliyi önündə qurban verə bilər.

İranın isə Suriyada nüfuz xətləri genişdir, Tehran bu “ənginlik”dən istifadə edib maraqlarını tamamlayan məqsədləri ən çox Moskvada axtarmağa davam edəcək.

Tehranın Türkiyə ilə anlaşmaq ehtimalı isə yalnız etiket xarakterli ola bilər, bu mənada Ankara ilə Tehranın maraqlarının birləşəcəyi zəif versiya kimi görünür.

Bilinən budur ki, Rusiya-Ukrayna müharibəsinin müşayiətilə Suriyanın gələcəyi uğrundakı rəqabət ölkənin iqtisadi resurslarına çıxışı təşviq edəcək.

Bunun nə dərəcədə strateji fikir ayrılıqları əks etdirəcəyini toqquşan və birləşən maraqlar kontekstində müəyyən etmək elə də asan olmayacaq.

Bəlli olan tərəflər budur ki, həm Vaşinqton, həm Moskva, həm Ankara, həm də Tehran Suriyada möhkəmlənməyə daha geniş məqsədlər üçün bir vasitə kimi baxırlar.

Suriyada yaranan öhdəliklər eyni oyunçuların aktiv olduğu Mərkəzi Asiya, Cənubi Qafqaz bölgələrinə də təsirsiz ötüşmür, ona görə də bu regionlar strateji maraqlarda vahid cismin ayrı-ayrı orqanları kimi qiymətləndirilir.

Suriya ilə Ermənistanın mənzərəsi arasında müqayisələr fonunda Cənubi Qafqaza təsirlər aydınlaşa bilər.

Beləliklə, Suriyada əsas oyunçular ABŞ, Rusiya, Türkiyə, İrandır.

Ermənistan

– Rusiya ölkənin iqtisadi vəziyyətində üstün mövqedədir,

– Kreml Ermənistanın təhlükəsizlik sferasına nəzarət edir, Rusiya hərbçiləri ölkənin İran və Türkiyə ilə sərhədlərində, Azərbaycanla sərhədin bəzi hissələrində xidmət edirlər,

– Hava limanının təhlükəsizliyi Rusiyanın əlindədir,

– Avropa İttifaqının missiyası Fransanın kölgəsi altında yarımhərbi statusda Azərbaycanla sərhədə yerləşdirilib, bu, ABŞ-nin maraqları ilə uyğunluq təşkil edir,

– İran ölkəni öz çətiri altında tutmağa çalışır, hərbi ritorika ilə bunu nümayiş etdirir.

Azərbaycan və Türkiyə

Strateji müttəfiqlər Qarabağ müharibəsinin nəticəsində Azərbaycanın Ermənistan sərhədlərinə çıxış əldə etməsindən sonra Ermənistan içərisində nüfuz dairəsi formalaşdırırlar.

2022-ci ilin sentyabrında sərhəddə baş verən toqquşmalardan sonra Azərbaycan və Türkiyə digər oyunçuların Ermənistandakı nüfuz dairəsinin həndəvərinə daxil oldular və bununla da özlərinin strateji müdafiə potensiallarını artırdılar.

Suriyada hərbi hərəkətlilik və iqtisadi resurslara çıxış uğrunda mübarizə şiddətləndikcə uduzan oyunçulardan biri və ya bir neçəsi Mərkəzi Asiyadan Cənubi Qafqaza uzanan zolaqda digər orqanlarını mühafizə etməyə çalışacaq. 

Azərbaycanla Türkiyə isə rəqabətin arasında müdafiə qabiliyyətlərini yüksəldən addımları davam etdirəcəklər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir