Dünya

Afrikadakı hadisələr: Fransa başqa regionlarda nə axtarır? – TƏHLİL

Sharing is caring!


Nigerdəki dövlət çevrilişi Fransanın qara qitədən qovulması və qlobal təcridə məruz qalması planlarının müşayiətində baş tutdu.

Afrikadakı çevrilişlər qlobal və regional oyunçuların strateji hisslərində zərrə də təəccüb yaratmır.

Bununla belə, beynəlxalq münasibətlərdəki ziddiyyətlərin dərinləşməsi fonunda Parisin mövqelərinin uçurulmasının nəticələrinə hazırlıq mərhələlərinin icra olunması diqqət çəkir.

Fransa Nigerdəki çevrilişin nəticə etibarı ilə uğur qazandığını inkar etməyə girişir.

Görünən budur ki, Nigerdə davam edən proseslər Mali, Burkina-Faso, Çaddakı dəyişikliklərdən sonra Parisin daha sərt reaksiyalarına səbəb olur, lakin Paris özünü soyuqqanlı göstərməklə dağıdılan mövqelərinin üzərinə örtük çəkir.

Bəlkə də, başadüşüləndir, çünki Nigerdəki çevrilişdən sonra Fransanın bu ölkədən tamamilə geri çəkilməsi çağırışları artır. Ancaq Fransanın Nigerdən çıxması Paris üçün fəlakət olardı. 

Nigerdən sonra onunla eyni taleyi Mavritaniya bölüşə bilər ki, bu da Fransanın müəyyənləşdirmək istədiyi xətlərin parçalanmasına gətirib çıxarar.

Hər halda diqqət etmək lazımdır ki, Fransanın Afrikada hər şeyi nəzarət altına almaq səyləri tükənir, onun müstəmləkəçilik paradiqmaları dağılır. 

Ümumilikdə Afrikada baş verən proseslər qara qitə ölkələrinin daha sağlam və bərabər əsasda yenilənmiş tərəfdaşlıq axtarmalarını stimullaşdırır.

Onların bu istəkləri qarşısındakı adekvat siqnal Rusiya-Afrika sammitində Prezident Vladimir Putin tərəfindən verildi.

Hərçənd, Kremlin Ukraynadakı kampaniyasına dəstək qazanmaq üçün Qara dənizdən nəql olunan taxılı Afrika üçün vəd etməsi, belə demək mümkünsə, Moskvanın qitəni aclıqla sınağa çəkməsidir.

Lakin Putin artıq bu sınağı belə, cəlbedici təkliflərlə həyata keçirir, deməli, Fransanın Afrikadakı mövqelərindən geri çəkilməsindən tutmuş Rusiyanın fürsət əldə etməsinə qədər gedən mühüm geosiyasi dəyişikliklər başqalarını da maraqlandırır.

Bu marağı görən Afrika ölkələri beynəlxalq tərəfdaşlar siyahısını Çin, Türkiyə, Hindistan kimi alternativ aktorlar hesabına yeniləməyə çalışır, hərçənd ki, regionda ən böyük maraqlardan biri də ABŞ ilə Böyük Britaniyaya məxsusdur.

Afrikadakı çevrilişlər aktorların artan iddialarından irəli gələn çağırışların icrası üçün həmin qitədə rəqabəti kəskinləşdirir.

Afrikada baş verən hadisələrdən digər regionların yan keçməsi zəmanətləri isə azdır, çünki Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz kimi bölgələrdə aşağı-yuxarı eyni oyunçular var-gəl edirlər.

Bu o proqnozu çıxarmağa imkan yaradır ki, Nigerdən sonra ambisiyaların çoxalması fonunda Afrikada ekstremist hərəkatlar, hərbi çevrilişlər şəbəkəsi daha da parlayacaq və onun digər regionlara sıçrayan təzahürləri görünəcək.

Bunun forma və məzmunu Afrikada kartların necə dəyişməsindən asılı olacaq, məsələn, Fransa strateji məğlubiyyətə və ya onun ekvivalentinə yaxınlaşsa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə alternativlər axtaracaq. Fransa həll olunmamış münaqişələri yenidən təhlil edib problemləri dərinləşdirərək özünün müdaxilə imkanlarını araşdıra bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir