Dünya

İngiltərə Premyer Liqası “İdman TV”də yayımlana bilər

Sharing is caring!


İngiltərə Premyer Liqasında (İPL) 2023/24 mövsümünün startına sayılı günlər qalıb.

Oxu.Az xəbər verir ki, avqustun 11-də “Bernli” – “Mançester Siti” qarşılaşması ilə yeni mövsüm başlayacaq.

Hələ də Azərbaycanda çempionatın yayımlanıb-yayımlanmayacağı bəlli deyil. Ölkəmizdə “Dumanlı Albion” futbolu həvəskarlarının sayı çoxdur və durum onların narahatlığına səbəb olub.

Dünyanın ən populyar çempionatı hesab edilən liqa Azərbaycanda yayımlanacaqmı?

Ötən mövsüm Premyer Liqanın yayım hüququna sahib olan “İctimai TV”nin bu il üçün belə planı yoxdur. Telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov Oxu.Az-a bildirib ki, bu mövsüm İPL-in yayımlanması nəzərdə tutulmayıb.

“CBC Sport” da çempionatı futbolsevərlərə təqdim etməyəcək. Telekanalın xəbərlər xidmətinin direktoru Şəmsəddin Abbasov Oxu.Az-a açıqlamasında deyib ki, İPL matçları əsasən Azərbaycan çempionatı oyunları ilə üst-üstə düşür, onlar üçün isə prioritet ölkə futboludur:

“Premyer Liqanı yayımlamaq ehtimalımız çox azdır. Çünki yarışın oyunları əsasən Azərbaycan çempionatı matçları ilə eyni vaxta düşür. Son mövsümün təqviminə baxsaq, üst-üstə düşmələr çoxdur. Bizim üçün daha vacib məsələ ölkə futbolumuzu təbliğ etmək, göstərməkdir. Odur ki, İngiltərə Premyer Liqası oyunlarını vermək bu mənada “CBC Sport” üçün çox çətindir”.

Əvəzində yarışın ötən mövsüm yalnız Bundesliqanı azarkeşlərə təqdim edən “İdman TV”də yayımlanması mümkündür. Telekanalın direktoru Rövşən Binnətli Oxu.Az-a deyib ki, hazırda danışıqlar gedir:

“Ehtimal həmişə var. Danışıqlar gedir. Müsbət nəticələnəcəyinə ümid edirik”, – deyə R.Binnətli qısaca bildirib.

Qeyd edək ki, İPL sonuncu dəfə 2020/21 mövsümündə “İdman TV”də yayımlanıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir