Dünya

Afrikada uduzan Fransa Cənubi Qafqazda da uğur qazana bilmir – ŞƏRH

Sharing is caring!


Fransanın sıxışdırılması prosesinin aydın nişanələri Afrika qitəsində müşahidə edilir. Bu, geniş bir paketdə qeyd olunan və icra edilən planın bir hissəsidir.

Məsələn, Nigerdə dövlət çevrilişi, iğtişaşlarda Rusiya bayrağının dalğalanması Moskva-Paris rəqabətindən çox, Fransanın qlobal təcridini sürətləndirən Böyük Britaniya ilə ABŞ-nin maraqlarına uyğun nəticələr kimi başa düşülür.

Afrikadakı qeyri-sabitlik modelinin Fransanın sıxışdırılması ilə dərinləşməsi, prosesdə Türkiyənin də aktiv rol alması Parisi Moskva və Çinlə sövdələşmələrə məcbur edə bilər.

Çünki Fransa NATO üzvü olsa da, onun London-Vaşinqton ikilisi ilə birgə hərəkət imkanları sonuncular tərəfindən məhdudlaşdırılıb, burada Paris üçün alternativ Kreml və Pekindir.

Ancaq Kreml də, Çin də Fransaya xoş münasibətdə deyillər, bu baxımdan Afrikadakı beynəlxalq qaynama prosesi Yelisey sarayı üçün dəyərli tərəfdaş tapmağı çətinləşdirir. Ümumiyyətlə, Afrikada beynəlxalq oyunçuların bir-birilə etibarlı tərəfdaşlıq qurması mürəkkəb məsələdir.

Afrikadakı hadisələrlə Fransanın çoxtərəfli səylərinin sabitliyin qurulmasına deyil, müstəmləkəçilik ideallarına söykənməsi faktlarına yeniləri əlavə olunur.

Çünki kimin nə etməsindən asılı olmayaraq, Fransanın xarici siyasəti zəngin regionların sərvətlərini sovurub aparmaq, xalqlarına qarşı isə yuxarıdan aşağı baxmaq ideallarına söykənir. Məzlum Afrika qitəsindəki mövcud durumda Fransanın payı çoxdur, xalqlar isə əzablar çəkdikcə onların üzərindən oyunlar qurulması davam etdirilir.

Fransa isə Afrikadakı münaqişələri idarə etmək potensialından məhrum olduqca üzünü başqa regiona, məsələn, Cənubi Qafqaza çevirərək acığını buradan çıxmaq üçün qurdalanır.

Ancaq Fransa bir addım irəli getmək istəyərkən geriyə doğru itələnir, ölkə daxilindəki iğtişaşlar, sosial-iqtisadi etiraz dalğası, pərdə arxasındakı qlobal təzyiqlər Parisin işini müşkülə salır.

Yenə də Fransa üçün Cənubi Qafqaz prioritet region olaraq qalır, Afrikadakı qürub dövründən sonra Paris Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini öz dağıdıcı məntiqi əsasında inşa etməyə cəhd edir.

Dinc dayanmayan Fransa bu dəfə 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndələrini Qarabağdakı ermənilərə dəstək verilməsi adı ilə ayaqlandırıb. Hərçənd, görüntü budur ki, guya həmin şəxslər özləri Fransa hökumətinə müraciət edərək Parisdən Qarabağa dəstək verilməsini tələb edirlər.

Fransanın hərəkətləri ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyindəki hərəkətliliyi mənzərəsində diqqət cəlb edir. Fransa hərəkətləri ilə Vaşinqtonun da addımlarını zədələmək məqsədlərini daşıya bilər.

Parisin siyasəti həm də Qərbin bir qanadı olan Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı moderatorluq səylərini, onun etibarlılıq statusunu korlamaq prinsiplərinə söykənir.

Görünür ki, Fransa ABŞ-nin, Avropa İttifaqının maraqlarından kənar, əlahiddə statusda bir dövlət kimi regionda “at oynatmağa” çalışır.

Bunun Fransa üçün effekt verəcəyini gözləmək olmaz, çünki Parisin regionda səsinə səs verəcək güclü oyunçu yoxdur.

Hərçənd, ara-sıra Fransanın Rusiya və İranla sövdələşmələrə gedərək əməkdaşlıq etdiyinə dair məlumatlar mövcuddur, buradan yola çıxsaq, Parisin regionda situativ olaraq Moskva və Tehranla bir səhnə üzərinə çıxacağı gözləniləndir. Lakin bu, Parisin maraqlarını geniş mənada əks etdirən potensial kimi inkişaf edə bilməz.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir