Dünya

Rusiya-Afrika sammiti ilə qara qitə üzərinə çökən duman qatılaşır: Kim hansı səfdə dayanacaq? – TƏHLİL

Sharing is caring!


Sankt-Peterburqda Rusiya-Afrika sammitinin keçirilməsi qara qitədə maraqları olan Fransanın, ABŞ-nin, Böyük Britaniyanın, Hindistanın, Çinin, Türkiyənin və sair strateji qərarlar qəbul edən ölkələrin kabinetlərində diqqətlə izlənilir.

Sammit Rusiyanın Afrikadakı hərbi-siyasi və iqtisadi izlərini Saxaradan cənuba doğru genişləndirmək niyyətini ortaya qoyması ilə əlaqəlidir və Kremlin Ukrayna müharibəsindəki taktiki uğursuzluqlarının alternativi kimi qiymət qazanır.

Yəni Rusiya Ukraynadakı işğal kampaniyası səbəbilə itirdiyi geosiyasi mövqelərini bərpa etmək üçün Afrikaya “iddialı qayıdış” proqramını ortaya qoyur.

Ümumiyyətlə, çoxqütblü beynəlxalq münasibətlər sistemində Afrikada yenidən nüfuz bölgüsü aparmaq uğrunda mübarizə kəskinləşir, lakin qədim qitədəki ölkələr keçmişdən, müstəmləkəçilik əzablarından dərs çıxararaq piyadaya çevrilmək istəmirlər.

Afrika ölkələri inkişaf və təhlükəsizlikləri üçün beynəlxalq yardımların səfərbər edilməsinə yaxşı baxırlar, bu mənada onların şirnikləndirilməsi üçün həmin köməkliklər göstərilməyə davam edəcək.

Lakin maraqların kökü dərindir, xarakteri mürəkkəbdir, üstəgəl Afrikanın zəngin sərvətləri də var ki, bütün bunlar oyunçuların qara torpaqlara diplomatik-siyasi nəzakətlə deyil, yağlı tikə kimi baxmağına gətirib çıxarır.

Rusiyaya da əlavə fürsətlər yaranıb ki, ambisiyalarını humanitar yardım adı altında və Afrikanı Qərbə qarşı ayaqlandırmaq ruhunda inkişaf etdirsin.

Söhbət ondan gedir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə Qara dəniz limanlarından taxıl ixracının təhlükəsiz şəkildə baş tutması üçün Moskva ilə Kiyev arasında əldə edilmiş razılığın müddəti bitib.

İndi Rusiya Prezidenti Vladimir Putin üçün göydəndüşmə şansdır ki, Afrika ölkələrini taxılla sınağa çəkib, onları Qərbə qarşı cəbhə kimi yetişdirsin və Moskvanın rəqiblərinə qarşı təzyiqləri artırsın.

Rusiya-Afrika sammiti həmin planlara baxış bucağından Kreml üçün əhəmiyyətlidir, sözsüz ki, Moskva Afrikada əməliyyatlar keçirən “Vaqner” özəl hərbi təşkilatına təlimatlar verməyə də diqqət yetirəcək.

Rusiya Afrikadakı iştirakının strateji ölçülərini hərbi-siyasi miqyasla və iqtisadi-ticari diplomatiya ilə müəyyənləşdirməkdə yeni xətt tutacaq.

Qərbi Afrika regionu Rusiya üçün həyati əhəmiyyətlidir, bu bölgədəki hərbi rejimlər Moskva ilə əlaqələri gücləndirir. Düzdür, Rusiyanın rəqibləri ilə rəqabət aparmaq üçün resursları bol deyil, amma Moskvanın oynamaq üçün bəzi kartları var.

Məsələn, Rusiya Afrikanın gübrə təminatında ən böyük mənbədir, üstəgəl, o, neft, qaz və mədən sənayesində əhəmiyyətli bir gücdür. Rusiya taxıl dəhlizi ilə bağlı manipulyasiyalarını həmin potensialının gözünə qataraq tərəzidə ağırlığını artırmaq istəyir. 

Ümumi planda isə Afrika hərbi-siyasi qarşıdurma, iqtisadi rəqabət məkanı olaraq qalacaq ki, bu da tarixi bir mirasın davam etdirilməsidir.

Lakin məsələ indi onda fokuslanır ki, maraqları toqquşan və birləşən dövlətlər hansı səfdə qərarlaşacaqlar.

Aşağı-yuxarı kimin hansı xəttin üstündə və buna dəstək ola biləcək maraqların üzərində dayanacağını təxmin etmək çətin görünmür.

Afrika uğrundakı strateji rəqabətdə Qərbə qarşı Rusiya-Çin müqavimət oxu formalaşa bilər, böyük ehtimal ki, Fransa da həmin ox ətrafında fırlanmağa maraq göstərəcək.

Bunun mümkün səbəbi Fransanın qlobal maraqlarının ABŞ-Böyük Britaniya tərəfindən daraldılması cəhdləri ilə əlaqəli ola bilər.

Türkiyə ilə bağlı bir nüans maraqlıdır, Ankara Afrikada Rusiyadan daha geniş nüfuz dairəsinə malikdir və Qərbin maraqlarına zərbə vurmaq məsələsində aqressiv deyil. Məntiqlə bu qənaət hasil olur ki, Türkiyə Afrikada Rusiya ilə münasibətlərə nisbətdə Qərbin maraqları çərçivəsini əsas tutacaq.

Fransa ilə bağlı məsələdə, Türkiyə Afrikada ABŞ-Böyük Britaniya xəttini müdafiə edən yanaşmaları daha çox göstərə bilər.

Rusiya-Afrika sammitindən sonra qara qitənin təhlükəsizlik şoklarına daha da həssaslaşacağı, daha rəqabətli mühitə, aktorların artan iddialılığına keçid edəcəyi gözləniləndir.

Bu o deməkdir ki, Afrikada aktorların əlində proksi qüvvə kimi fəaliyyət göstərən hərbi-qiyamçı dəstələrə yeni təlimatlar ötürüləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir