Dünya

Federasiya prezidenti: “Hədəfimiz qatıldığımız bütün yarışlarda zirvəyə çıxmaqdır”

Sharing is caring!


“Mayda Yaponiyada keçirilən kudo üzrə dünya çempionatındakı nəticədən sonra bu uğuru gözləyirdik”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının prezidenti Rafael Bünyatov Yaponiyada təşkil edilən beynəlxalq turnirdə beş qızıl, bir gümüş medal qazanan Azərbaycan idmançılarının Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, katada 18-19 yaş kateqoriyasında qızlar arasında Sevinc Mövsümzadə (50 kq) və +40 yaş kateqoriyasında veteranlar arasında Nazim Mövsümzadənin qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadənin (60 kq) isə gümüş medal qazanmasına münasibət bildirib:

“Turnir bu il Yaponiyada keçirilən ikinci yarışdır. Mayda kudo üzrə dünya çempionatı da orada keçirilmiş və iki idmançımız qızıl medal qazanmışdı. Budəfəki beynəlxalq turnirdə isə həm baş məşqçimiz Nazim Mövsümzadə, həm onun qızı Sevinc Mövsümzadə, həm də Kənan İsmayılzadə uğurlu çıxış etdilər. Bundan sonra da yarışlar olacaq. Planlı şəkildə turnirlərə hazırlaşırıq. Hədəfimiz qatıldığımız bütün yarışlarda zirvəyə çıxmaq, birinci olmaqdır”.

R.Bünyatov, yarış ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisataka tərəfindən beynəlxalq seminarın keçirildiyini əlavə edib:

“Sevindirici haldır ki, Xisataka həmin seminarda özünə köməkçi kimi Nazim Mövsümzadəni seçmişdi. Həmçinin orada mənim 6-cı dan qara kəmərim də təsdiqləndi”.

ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyasının da prezidenti olan Rafael Bünyatov İspaniyanın “Marset” Futbol Akademiyasına göndəriləcək yeniyetmə futbolçulardan danışıb. O bildirib ki, həmin oyunçuların bir neçəsinin böyük potensialı var:

“Marset” akademiyasına seçilən uşaqlardan 5-nin gələcəkdə böyük klublarda oynamaq şansı çoxdur. Bunu həmin akademiyadan bura gələn məşqçilər dedilər. “Marset” Futbol Akademiyasından gələn mütəxəssislər bizim seçdiyimiz 51 yeniyetməyə baxış keçirdi. Seçimdə bizim iştirakımız olmadı. Özləri seçdikləri uşaqların adlarını qeyd etdilər. Həmin tələbələri sentyabrın 1-də İspaniyaya göndərəcəyik. Orada 4 il həm təhsil alacaqlar, həm ispan dilini öyrənəcəklər, həm də futbol bacarıqlarını inkişaf etdirəcəklər. Ora gedəcək uşaqlardan bəziləri, hətta iki ildən sonra Avropanın tanınmış klublarının akademiyalarına da cəlb oluna bilərlər. Çünki həmin vaxt seçim olacaq”.

R.Bünyatov “Marset” Futbol Akademiyası ilə sıx əməkdaşlığı davam etdirəcəklərini əlavə edib:

“Barselonaya tələbə göndərmək ənənəsini davam etdirəcəyik. Hər il 20 uşağı 4 il ərzində təhsil alması üçün ora göndərəcəyik. Bu da o deməkdir ki, 6-7 ildən sonra təxminən 80-100 futbolçu yetişdirə bilərik. Onların çoxunu Azərbaycan klublarına yerləşdirəcəyik”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir