Dünya

Anacan, yəni biz bunu udacağıq?

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Dünəndən internet resurslarda Kreml “gözəlçəsi” – “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyanın bu ifadəsi tirajlanır. Orijinalı belədir: “Матушка, неужели мы это проглотим?” (“Anacan, yəni biz bunu udacağıq?”)

Bu, Kreml ruporunun ən çox istifadə etdiyi müraciət formasıdır. Amma bunu Putinəmi deyir, yoxsa böyük Rusiya elinəmi, onu dəqiq heç kim bilmir. 

Ümumiyyətlə Simonyanın alçaqlığını şəxsən mən 44 günlük Vətən müharibəsində, digər üzlərini isə ondan sonra gördüm. Elə nisbətən yaxın keçmişdə Simonyan üz-gözünü cırırdı ki, “Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz”. Təbii ki, bu ifadədə bir hissə Kremlin tapşırığı olsa da, digər hissə Simonyanın şəxsi erməni təşəbbüsündən irəli gəlir.

Daha sonra Simonyanın özünü ortaya qoymasını Ukrayna-Rusiya müharibəsində artıq tək biz yox, həm də ukraynalılar gördü. Dünənə kimi, “axı niyə yola getmirsiniz, ermənilər yaxşı millətdir” deyənlər, şükür, anladılar ki, biz 30 ildir hansı kadrlarla, unikal nüsxələrlə üz-üzə qalmışdıq. Hansı üsullarla mübarizə aparırdıq…

Bu gün isə sosial şəbəkələrin Ukrayna seqmenti Ritanı ağ yuyub, qara sərir, özü də necə. Onu da mütləq qeyd etməliyəm ki, Simonyan kifayət qədər imkanlı, zəngin, geniş əlaqələrə malik adamdır. Və onun Kreml rəhbərləriylə yaxın olması, üzərinə Avropa və ABŞ sanksiyalarının yağmasına səbəb oldu. 

Adam erməni ola bilər, amma bu qədər şərəfsiz ola bilməz deyirsinizsə, o zaman sizə Marqarita xalanın tarixçəsini danışım. Rusiyalılar ona “bobroyed” adı verib ki, bu da “qunduzyeyən” mənasını verir. Nə isə, detallara girmədən keçirən əsas məsələyə. 
Əvvəla ondan başlayım ki, “qunduzyeyən” Simonyanın “ulduzu” Beslan hadisələrində parıldadı. Bu terror zamanı xeyli insan rus hərbçiləri tərəfindən və Rusiyanın ali rəhbərliyinin verdiyi qərara əsasən məhv edildi. Gəlin tarixə qısa bir ekskurs edək. 

Beslan hadisəsi rus-çeçen müharibəsinin bir epizodu kimi dəyərləndirilə bilər. Qeyd edim ki, rus-çeçen müharibəsi rəsmi olaraq iki etapa bölünür. 1991-ci ildə Çeçenistan öz müstəqilliyini elan edərək, Rusiya SSR-dən çıxdı. SSRİ-nin keçmiş generalı Cövhər Dudayevin rəhbərliyi ilə silahlı dəstələr inzibati binaları, radio və telemərkəzi zəbt etdilər. Və seçkilər nəticəsində Dudayev Çeçenistanın ilk prezidenti seçilir. Bu andan etibarən ölkə Rusiyadan faktiki olaraq azad olur.

1994-cü ilin 31 dekabrında Rusiyanın ali rəhbərliyi Çeçenistana hücum edərək, Qroznı şəhərinin altını-üstünə çevirir. Birinci müharibə zamanı 10 000-dən çox (dəqiq rəqəm yoxdur) sıravi vətəndaş qətlə yetirilir. 4000-dən artıq rus hərbçisinin məhv olunması barədə də açıq mənbələrdə məlumat mövcuddur. 

Çeçenistanda rus hərbçilərinin istər sivil insanlara, istərsə də döyüşənlərə qarşı törətdiyi amansızlıqlar nəticəsində (necə ki, bu gün bütün bunları təkrarən Ukraynada görürük) Rusiyaboyu terror aktlarının inkişaf dövrü başlayır. Bunlara Budyonnovski, Kizlyar, Pervomayski epizodlarını misal gətirmək olar. Silahlıların əsas tələbi isə federal hərbi qüvvələrin ölkədən çıxarılması və müstəqilliyin tanınması idi.

Nəhayət 1996-cı ilin 31 avqust tarixində tərəflər arasında Xosavyurd razılığı əldə olunur ki, bu da hərbi əməliyyatların dayandırılması, hərbi qüvvələrin çıxarılması və faktiki olaraq ikinci Çeçenistan müharibəsinə qədər ölkənin müstəqilliyinin qəbul olunması demək idi. İkinci etap isə 1999-2009-cu illəri əhatə edir ki, bu da “qunduzyeyənin” milyonlara sahib olması üçün əsas şərait yaradır. 

1999-cu il 4-16 sentyabr arasında Rusiyada yeni terror dalğası baş qaldırır. Volqadonsk, Rostov hətta Moskvada belə terror açıq-aşkar həyata keçirilir. 30 sentyabr rus hərbi qüvvələri yenidən Çeçenistana girir. Beləliklə Çeçen-İçkeriya Respublikası süquta uğrayır. Lakin məsələ burada bitmir. Silahlı dəstələr Rusiyanın kəşfiyyatına və əks-kəşfiyyatına dərs verəcək terrorlar hazırlayırlar. 2002-ci ildə Moskvanın mərkəzində teatr mərkəzinin zəbti və girovların saxlanılması, daha sonra 2004-cü ildə Şimali Osetiyada 1 nömrəli məktəbin içindəki uşaq və böyüklərlə girov götürülməsi parlaq epizodlardandır.  

Beslan faciəsi bu günə kimi Rusiya tarixində baş verən ən böyük utancverici hadisədir. Və bu biabırçılıq zamanı Marqarita xalanın “ulduzu” alışıb parlayır.

3 sentyabr 2004-cü ildə Şimali Osetiyanın Beslan şəhərində 300-dən çox insanın ölümü və 800-dən çox insanın yaralanması xəbəri bütün dünyaya yayılır. Amma itkilər qəsdən az göstərilir. 

37 minlik əhalisi olan Beslan şəhərinin sakinləri günü bu gün də Rusiyanın ali rəhbərliyini günahsız uşaqların ölümünə səbəb olmada təqsirli sayırlar. Onlar faktların və məlumatların yalan yayıldığını bildirirlər. 

Beslan hadisələrinin şahidləri bildirirlər ki, silahlı dəstə məktəbi və içindəki insanları girov götürəndən sonra hakimiyyətlə danışıqlara gedəcəyi barədə məlumat yayımlayır. Lakin Rusiya hakimiyyəti terrorçularla danışığa getməyəcəyini bildirir. İctimai rəyin təzyiqindən qorunmaq üçünsə girovların sayını KİV-ilə azaldaraq geniş kütləyə çatdırır. 

Və bu zaman səhnəyə Marqarita xala gəlir. O vaxt əlində mikrofon, heç kimə tanış olmayan Rita deyir ki, “bəs narahatlığa ehtiyac yoxdur, silahlıların əlində cəmi 300 nəfər adam var. Hökumət və partiyamız tezliklə onları xilas edəcək. Terrorçularla heç bir danışıqlar aparılmayacaq”.  Bunu eşidən silahlılar idman zalında girov saxladıqları və əksəriyyəti uşaq olan 800 nəfərdən çox olan girovlara bildirir ki, “madam ki, burada cəmi 300 nəfər girov var, deməli rəqəmi 300-ə çatdırmalıyıq. Siz heç kimə lazım deyilsiniz”. Simonyanın belə alçaqcasına insanların həyatı ilə oynaması, ona yuxarıdan gələn əmrin günahsız uşaqların həyatından daha önəmli olmasını bir daha ortaya qoyur. Simonyanın hər dəfə canlı efirə çıxıb bu qəbildən ifadələr söyləməsi nəticədə silahlıların girovlarla hər dəfə daha amansız davranmasına səbəb olur. Əvvəlcə uşaqlara heç olmasa su verilir, ayaqyoluna getməsi üçün icazə verilirdisə, Simonyanın həşirindən sonra uşaqlar öz sidiklərini içməyə məcbur olurlar. 

Terrorçuların isə əsas tələbi Rusiyanın hərbi qüvvələrinin Çeçenistandan çıxarılması idi. Simonyan isə kameraya yorulmadan bildirirdi ki, “terrorçuların heç bir tələbi yoxdur”. Bu ifadələr isə hər dəfəsində silahlıları daha da çılğınlaşdırırdı. 

Və faciə Rusiya ordusunun xüsusi təyinatlı qüvvələrinin bərbad hücumu nəticəsində yaşanır. Girovları xilas etmə əməliyyatı nəticəsində 300-dən çox uşaq həyatını itirir, 800-dən çox insan isə xəsarət alır. Çoxları ömürlük əlil qalır. 

Bu hadisədən isə Yalnız Simonyan xeyirlə çıxır. Qısa zaman ərzində karyera yüksəlişi və bir-birindən maraqlı təyinatlar alır. Məsələn, 2005-ci ildən RT dövlət televiziya kanalının, 2013-cü ildən “Rossiya Seqodnya” beynəlxalq xəbər agentliyinin və 2014-cü ildən “Sputnik” xəbər agentliyinin baş redaktoru vəzifəsini daşıyır. Təbii ki, aldığı külli miqdarda pullar da öz yerində.

Və bu boyda “Tarix Nadiri” yazmağımın məqsədi “qunduzyeyənin” dünən Türkiyənin Prezidenti Ərdoğana söz atması haqqındadır. “Anacan, indi biz bunu udacağıq?” (anacan – yəni Rusiya) deməsi türkiyə prezidenti Ərdoğanın Ukrayna prezidenti Zelenski ilə görüşündən sonra “Azov” zabitlərinin Ukraynaya geri qaytarmasına münasibətin təzahürüdür desək, yanılmarıq. 

Təbii ki, “qunduzyeyən” öz başına heç nə demir və yazmır. Amma onun türklərə qarşı patoloji nifrət hissi bu verilən tapşırıqların daha iyrənc formada icrasını reallaşdırır. 

Marqarita xalanın “Anacan, indi biz bunu udacağıq?” tezisinə isə sosial şəbəkələrdə ən müxtəlif şərhlər yazılıb. Mən isə deyirəm ki, “Xoşun gəlsə də, gəlməsə də, budur Marqarita xala, udmayıb nə edəcəksən ki?”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir