Dünya

Beş dövlət Suriyanı “ölü nöqtədən” tərpədir – TƏHLİL

Sharing is caring!


Suriyadakı nüfuz dairəsi üzrə bölgüdə yeniliklər etmək üçün ölkə içərisindəki münaqişəli vəziyyətlərə əl gəzdirilməsi gündəmdədir.

Suriyada cərəyan edəcək hadisələrin səs-küyü digər regionlardakı mübahisələrin səmtini dəyişə bilər, ona görə də Suriya düyününün açılması üzrə arxa plana keçmiş kimi görünən maraqlar növbəti dəfə aşkar fazada qızışır.

Bu fonda Türkiyə, Rusiya, İran, Suriya müdafiə nazirlərinin və kəşfiyyat rəislərinin aprelin 25-də Moskvada planlaşdırılan görüşü nüfuz bölgüsü üzrə dəqiqləşdirmələr aparılmasını özündə ehtiva edir.

Suriyada əsas aktorlar Rusiya, Türkiyə, ABŞ, İran və İsraildir, son zamanlar isə ən çox narahatlıq İsraildə müşahidə olunmaqdadır.

Çünki İran Suriyadakı proksi qüvvələrini İsrailə zərbə endirmək üçün təlimatlandırıb, bu baxımdan Təl-Əviv Suriyada Tehranın nüfuz dairəsini kiçiltməyi hədəfləyir.

Türkiyənin maraqları Suriya ilə sərhəd zonası boyunca 30 kilometr dərinliyində bufer zona yaratmağı tamamlamaqdır, lakin Ankaranın bu məqsədini reallaşdırması üçün genişmiqyaslı hərbi əməliyyatlar lazımdır.

Türkiyənin işi ona görə çətindir ki, onun təhlükəsizlik zolağı ilə bağlı narahatlıqları böyük miqyasda həm Rusiya, həm ABŞ, həm İran, həm də Suriya tərəfindən qısqanclıqlarla qarşılanır.  

İran özünə qarşı beynəlxalq təzyiqləri sönükləşdirmək üçün bu ölkədə yeni rıçaqlar  qazanıb əldə etdiyi mövqelərlə regional diktələr formalaşdırmaq istəyir.

Rusiyanın dərdi daha böyükdür, çünki Ukraynada apardığı hərbi kampaniyanın bəzi uğursuzluqları onun başqa regionlardakı geosiyasi alətlərini korlayır və beləcə Kreml nüfuz itkisi ilə üzləşir. Buna görə də, Rusiya Suriya üzrə maksimal nəticələri əlində saxlamağa çalışır və o, bu yöndə İranla ənənəvi mövqeyə, Türkiyə ilə əməkdaşlığa daha çox bel bağlayır.

ABŞ-yə gəlincə, o, daha çox Çinin Yaxın Şərqdə artan iddialarının nəticələri olaraq üzləşdiyi strateji çətinlikləri aradan qaldırmağa çalışır. Belə tabloda Vaşinqton Türkiyənin PKK-ya qarşı genişmiqyaslı əməliyyatlarında həmişəki kimi maraqlı deyil. Çünki Ankara yeni strateji hədəflərə yiyələnsə, bu, ABŞ-nin Suriyanın şərq və şimal-şərq regionlarındakı təsirlərini azalda bilər.

İndi top Türkiyənin atdığı addımlar və bunun Suriyada doğurduğu reaksiyaların içərisində fırlanır. Hərçənd ki, Suriya hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusu Ankaranın geniş plandakı istəklərini tam qarşılamır, çünki Bəşər Əsəd hakimiyyəti ölkənin şimalındakı Türkiyə qoşunlarının geri çəkilməsini tələb edir.

Onu bu mövqeyə ən çox təhrik edən Rusiya və İrandır, hərçənd ki, Əsədin mövqeyi ABŞ-nin də arzu və istəkləri ilə üst-üstə düşür.

Türkiyə ilə Rusiya Suriya üzrə əks cəbhələri təmsil etsələr də, onların əməkdaşlıq təcrübəsi də mövcuddur, bunun perspektiv çəkisi isə maraq doğurur.

Ümumilikdə Suriyadakı münaqişənin nizamlanması üzrə məsuliyyətli broker yoxdur, ona görə də Moskvada keçiriləcək görüşün belə nəyisə dəyişəcəyi çətindir.

Ən yaxşı halda, Türkiyə ilə Suriyanın əldə etdiyi razılıqların davamı gələ bilər, lakin bu da iki ölkənin bərk yapışdığı istinad divarlarını dağıtmaq həddində olmayacaq.

Suriyada yaranan boşluqların tədricən effektiv məzmunla doldurulması toqquşan maraqların fonunda xeyli çətin görünür, ancaq Türkiyədəki prezident seçkisindən sonra Ankara qərarlarını qətiləşdirə bilər.

Suriyada hansı dövlətin başqasının yüksəlişini boğmağa çalışmasının nəticələri daha uzunmüddətli rəqabətdə aydınlaşacaq.

Nəzərdə tutmaq lazımdır ki, Suriyadakı aktorların həm də Cənubi Qafqazda maraqları genişlənir. Məntiqlə Suriya üzrə iclasların və həmin ölkədəki geostrateji mübarizələrin nəticələri Cənubi Qafqaz regionuna da təsirsiz qalmayacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir