Dünya

Türkiyəli siyasətçi: “Son 21 il ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq” – FOTO

Sharing is caring!


“Cümhuriyyətimizin 100 ilinin son 21 ili Türkiyə siyasəti tarixinə qızıl hərflərlə yazılacaq”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Prezident Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, siyasətçi İsmayıl Safi bildirib.

O, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qurucularından biri olaraq təşkilatın fəaliyyətində yaxından iştirak etdiyini qeyd edib:

“AK Parti iqtidara gəldikdən sonra ölkə iqtisadiyyatına, infrastrukturuna, müdafiə sənayesinə önəmli yatırımların olunduğuna şahidəm. 2001-ci ildən öncə Türkiyədə müasir yolların uzunluğu cəmi 3 min kilometr olduğu halda, hazırda 21 min kilometrdən çox ən müasir avtomobil yolları salınıb. Yüzlərcə modern tunellər, metrolar, dəmiryolları, sürət qatarları, hava limanları inşa olunub. 20-21 il ərzində görülən bütün işlər Türkiyə üçün 50 il sonra üçün də kifayət edər”.

O vurğulayıb ki, müdafiə sənayesi sektoruna da güclü yatırımlar edilib:

“Türkiyə NATO-nun sadiq müttəfiqi olsa da, biz zamanla gördük ki, ittifaq dostlarımız bizim sənayemizdə, xüsusən də təhlükəsizlik və müdafiə sənayemizdə inkişafımızın qarşısını bir şəkildə kəsib. Odur ki, müdafiə sənayesində təqribən 70 faiz yerli və milli istehsala önəm verilib. Bu gün təyyarə mühərrikindən tank, raket, pilotsuz uçuş aparatları (İHA), silahlı pilotsuz uçuş aparatı (SİHA), gəmi mühərrikinə qədər yerli istehsalımız var. Xüsusilə İHA, SİHA-da çox böyük inkişafa nail olmuşuq. Bu gün özəl sektorda Baykar, dövlət sektorunda Türk Aerokosmik Sənayesinin (TUSAŞ) istehsal etdiyi İHA, SİHA-lar dünyada təqdirlə göstərilən bir durumdadır. Azərbaycan da bu İHA və SİHA-ları istifadə edib və çox böyük bir fayda görüb. Sadəcə Yaxın və Orta Şərqdəki dostlarımız deyil, Avropadakı ölkələr belə Türkiyənin bu müdafiə məhsullarını idxal edirlər”.

Türkiyənin daxili və xarici siyasətini təhlil edən İsmayıl Safi bildirib ki, siyasi, strateji, hərbi mövqeyini möhkəmləndirən bu cür ölkələrin adətən düşmənləri də az olmur:

“Tam sərhədlərimizdə, Suriyanın şimalını bir terror dövləti qurma nöqtəsinə qədər gətirdilər. Hətta 15 iyul 2016-cı ildə ölkəmizdə dövlət çevrilişinə cəhd edilən günün səhəri gözlənilməyən güc və qətiyyətlə o ərazilərə müdaxilə etdi, terror yuvalarını dağıtdı. Həmçinin Liviyada sülhü bərqərar etdi. Bütün bunlar Türkiyənin xidmətidir”.

Türkiyə-Rusiya münasibətlərini xüsusilə dəyərləndirən siyasətçi deyib:

“Türkiyə bu məsələdə çox balanslı və ağıllı siyasət yürüdür. Güclü dövlətlər arasında Türkiyə bəlkə də Rusiya və Ukrayna arasında sülhün olması üçün bütün səmimiyyətilə çalışan yeganə ölkədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir