Dünya

Pərviz Mullocanov: “Tacikistan Bakı ilə Tehran arasında vasitəçi ola bilər” – DÜŞƏNBƏDƏN MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri Düşənbədə çox uğurlu hesab edilib. Bunu tacik politoloq, şərqşünas Pərviz Mullocanov Oxu.Az-a açıqlamasında deyib.

“Dövlət strukturları, media, ekspert birliyi eyni fikrə gələrək Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin nəticələrini çox müsbət qiymətləndirib. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu, Azərbaycan liderinin Tacikistana ilk səfəri deyil”, – həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, regionda və dünyada geosiyasi vəziyyət əvvəlki illərlə müqayisədə çox dəyişib və bu, səfərə xüsusi önəm verir:

– Azərbaycan və Tacikistan liderləri arasında beynəlxalq münasibətlər sahəsində qarşılıqlı anlaşma, nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın əhəmiyyəti var.

– Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkədir. Bu təşkilatda türk dövlətləri – Qazaxıstan və Qırğızıstan, eləcə də Belarus bu hərbi ittifaqın bir hissəsi olan Ermənistana deyil, Azərbaycana daha çox rəğbət bəsləyir. KTMT-dəki “Azərbaycanın Dostları Klubu” Tacikistanın hesabına böyüyür?

– Tacikistan ənənəvi olaraq neytral mövqedən çıxış edir, hamı ilə bərabər münasibət saxlamağa çalışır. Bu, bizim çoxvektorlu siyasət konsepsiyamızdır. Düşənbə həmişə Bakının dostu olub. KTMT-də isə Tacikistan heç vaxt Azərbaycana qarşı heç bir neqativlik nümayiş etdirməyib, əksinə, ölkənizə həmişə müsbət münasibət göstərib.

Əgər biz artıq KTMT-yə toxunmuşuqsa, onda qeyd edim ki, bu təşkilat dəyişəcək, onun transformasiyası qaçılmazdır. Bu da qismən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması ilə bağlıdır.

– Yəqin ki, Tehranla Bakının çətin münasibətlərindən xəbəriniz var. Eyni zamanda, Tacikistan və İranı dil yaxınlığı bağlayır, baxmayaraq ki, ölkələr arasında münasibətlər son vaxtlara qədər çox gərgin idi və indi də onları çox isti adlandırmaq olmaz…

– Həqiqətən, 2014-15-ci illərdə Tacikistanla İran arasında münasibətlər çox güclü şəkildə soyuyub. 2021-ci ildən istiləşmə başlayıb, bu, Əfqanıstandakı vəziyyətlə əlaqədar olub. Təsiri olan digər amil isə İranla Rusiyanın yaxınlaşmasıdır, Rusiya Federasiyası isə Tacikistanın tərəfdaşıdır. Amma demək olmaz ki, ölkələrimiz arasında gərginlik tamamilə aradan qaldırılıb. “Soyuqluq” davam edir.

Düşənbə və Tehran konsensus tapmağa çalışsalar da, mədəni irslə bağlı məsələlər var. Tacikistanda “tacik-fars” ədəbiyyatından, yaxud irsdən danışmaq adətdir. İrandan başqa düstur eşidiləndə bu, Düşənbədə qıcıq yaradır. Ancaq hesab edirəm ki, hələ də ortaq məxrəcə gəlmək mümkün olacaq, münasibətlər yaxşılaşır. Və ola bilsin ki, gələcəkdə Düşənbə Bakı ilə Tehran arasında vasitəçi rolunu oynasın. Hər halda belə bir ehtimalın olduğunu görürəm.

– Düşənbə Azərbaycan Prezidentinin Tacikistana səfərinin Tehranda narazılıq yaradacağından qorxmurmu?

– Bəli, bizim İranla mədəni yaxınlığımız var, amma iqtisadi və siyasi asılılığımız yoxdur. İranın mümkün narazılığı Düşənbənin mövqeyinə heç bir şəkildə təsir etməyəcək. Onu da qeyd etmək lazımdır ki, Tacikistanda İranda indi qüvvədə olan idarəetmə formasına, ayətullahların hakimiyyətinə kifayət qədər tənqidi yanaşırlar.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir