Dünya

Molla rejiminin diplomatlarının acınacaqlı durumu: Tabe olduqları qurumun siyasətdən xəbəri yoxdur – ŞƏRH

Sharing is caring!


İranın Xarici İşlər Nazirliyi Azərbaycana qarşı əsassız iddialarla çıxış edir. Tehranın Azərbaycandakı səfiri Abbas Musəvinin Azərbaycan mediasına qarşı məlum “etiraz notası” bunu bir daha təsdiqlədi.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Azərbaycana qarşı çıxışları, nazirliyin sözçüsü Nasir Kənaninin hədyan dolu əsassız açıqlamaları bu ölkənin xarici siyasət kursunun böhranlı və çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. Əslində, bu, həm də Tehran rejiminin daxildə və xaricdə yürütdüyü yarıtmaz siyasətin nəticəsidir. Ölkənin ali rəhbəri ayətullah Əli Xameneinin son illər verdiyi ziddiyyətli bəyanatlar da bunu təsdiqləyir.

İkinci Qarabağ müharibəsi dövründə Tehran rejimi, ona bağlı KİV, dövlət qurumları Ermənistanı hərbi texniki təchizat, təbliğat, informasiya dəstəyi və diplomatik baxımdan dəstəkləyib, yardımlar edib.

Amma Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində İran rəhbərliyi buna əsaslı münasibət bildirməyib, Azərbaycan öz ərazilərini düşmən tapdağından təmizlədikdən sonra da ziddiyyətli açıqlamalar verib.

Eyni zamanda Rusiyanın Ukraynada apardığı müharibədə Tehran rejiminin Moskvanın mövqeyini müdafiə etməsi, Səudiyyə Ərəbistanına qarşı yürüdülən pozucu siyasət, son 6 ayda İranda keçirilən etiraz aksiyalarına yanaşması və başqalarını da İranın yarıtmaz daxili və xarici siyasətinə nümunə göstərmək olar.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zaman İran XİN-in qatilin keçirdiyi “mətbuat konfransında” verdiyi açıqlama ilə eyni mövqedən çıxış etməsi də İran diplomatiyasının düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.

Tehran rejimi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilmədiyini gizlətməkdə çətinlik çəkir. Bu isə onu regionda təhlükəsizliyi təhdid edən ünsürə çevirib.

Ona görə də İran səfirliyinin Azərbaycan mətbuatının fəaliyyəti ilə bağlı XİN-ə verdiyi nota əsassız və yersizdir. Rejimin təbliğat maşını 24 saat Azərbaycana qarşı şər-böhtan dolu çıxışlar yayır. Odur ki, “öz gözündə tiri” görməməyə adət etmiş Tehran təmsilçisinin Azərbaycan mediası ilə bağlı notası da məntiqsiz, reallıqdan uzaqdır.

İranda baş verən hadisələri Azərbaycan mediası qədər obyektiv işıqlandıran ikinci KİV yoxdur. Çünki bir çox amillərə görə İran Azərbaycan üçün başqalarından fərqli ölkədir. Odur ki, oradakı olayları təhrif etmək və ya qərəzli yanaşmaq Azərbaycan Respublikasının maraqlarına uyğun deyil. Bu baxımdan Azərbaycan mediasını İranla bağlı baş verən hadisələrin güzgüsü də saymaq olar.

İranın beynəlxalq məsələlər üzrə tanınmış mütəxəssisi Əli Begdeli yerli İLNA agentliyinə müsahibəsində ölkəsinin xarici siyasət kursunu tənqid edib:

“Ağ evi Hüseyniyyəyə (İranda məscidləri belə də adlandırırlar – red.) çevirmək istəyən düşüncə, bizi qlobal məsələlərdən geri qoydu”.

Onun sözlərinə görə, ölkənin problemlərini həll etmək üçün ölkə hakimiyyəti dünyaya baxışını dəyişdirməlidir. Mütəxəssis bildirib ki, İrandakı mövcud yanaşma və siyasətlə Ağ evi Hüseyniyyəyə çevirmək istəyiblər:

“Bu, bizi bir çox qlobal problemlərdən geridə qoyan emosional düşüncələrdən qaynaqlanır”.

Ə.Begdeli müxbirin – “İran Xarici İşlər Nazirliyinin son bir ildə fəaliyyətini necə qiymətləndirirsiniz? Nazirlik hansı uğurları qazanıb?”, – sualına cavabında deyib:

“Ötən il Xarici İşlər Nazirliyinin siyasəti çox uğurlu olmadı. Buna səbəb bəlkə də xarici siyasətimizin əvvəldən dəqiq formalaşmamasıdır. Yəni xarici siyasətimizdə konkret strategiyamız yoxdur. Bu xarici siyasətimizdə böyük qüsurdur. Başqa dövlətlər belə etmirlər. Hər hal üçün qərar qəbul etmirlər. Yəni qərar siyasi məntiq əsasında verilir. Onlar öz siyasətlərini buna əsaslanaraq davam etdirirlər”.

Ə.Begdeli İranın körfəz ölkələrinə istiqamətlənmiş siyasətini tənqid edərək deyib:

“Formalaşdırılmamış və proqnozlaşdırılmamış xarici siyasətin yoxluğu ziyanımıza olacaq”.

O, İran XİN-in xarici siyasətlə bağlı müstəqil qərar qəbul edən qurum olmadığını da vurğulayıb. Mütəxəssis dinə əsaslanan xarici siyasi kursu tənqid edib:

“Bizim dövlət siyasətimiz dini maraqlara əsaslanaraq yürüdülür. Bu zaman dini maraqlarımız bərqərar olur. Biz milli maraqlarla dini birləşdirmək istəyirik”.

Onun sözlərinə görə, İran XİN-də təcrübəli kadrlar yoxdur:

“Nazirliyin sxolastik seçimi çox zəif fəaliyyət göstərməsinə səbəb olub. Biz təcrübəli kadr seçməmişik. Bu, bizə çox baha başa gəlir. Bir çox diplomatımız xarici dilləri lazımi səviyyədə bilmir. Bu da işi çətinləşdirir”.

Əli Begdeli əlavə edib ki, xarici işlər nazirindən tutmuş müavinlərinə qədər heç biri diplomatiya və siyasət sahələrində bacarıq, təcrübəyə malik deyillər. Mütəxəssis XİN kadrlarının savadsızlığı ilə yanaşı diplomatiyadan xəbərsiz olduqlarını da vurğulayıb. O, İran diplomatiya məktəbinin keyfiyyətinin aşağı olduğunu da nəzərə çatdırıb. Ekspert vurğulayıb ki, Ukraynadakı müharibəyə münasibət və bir sıra daxili məsələlər İranı təcrid edib.

Bütün bunlar Azərbaycan mediasına qara yaxan İran Xarici İşlər Nazirliyinin hansı vəziyyətdə olduğunu göstərmək üçün yetərlidir. Ümumiyyətlə, kütləvi informasiya vasitəsi ölkə cəmiyyətinin, dünyanın güzgüsüdür. Onu sındırmaq, onu ləkələməklə problem həll olunmur. Bəlkə, dünya dəyişir, siz də dəyişəsiniz…

“Report” Informasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir