Dünya

İran xalqının uzunmüddətli etirazları nəticə verir: Müxalifət nəyə hazırlaşır? – “Kaspi”nin TƏHLİLİ

Sharing is caring!

İranda ciddi nəticələr verən etiraz hərəkatının real liderlərinin olmaması etirazçıları və onları dəstəkləyən gücləri hərəkətə keçirib. Xaricdəki müxalifətin əsas lideri kimi sonuncu şahın oğlu Rza Pəhləvi önə çıxır. Ölkə daxilində isə ev dustağı olan Mirhüseyn Musəvi xüsusilə fərqlənir. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İranda ötən ilin sentyabrından start götürən və yüzlərlə insanın ölümü ilə nəticələnən kütləvi etirazlar səngisə də, aksiyaların yenidən başlaya biləcəyi istisna edilmir. Üç ay sürən etirazlar İran İslam Respublikasının mövcudluğu ərzində rejimə qarşı yönələn ən irimiqyaslı aksiyalar hesab edilir. Bu aksiyaların ən mühüm nəticəsi həm də mühacirətdə olan İran müxalifətinin ruhlanmasıdır. Artıq onlar daxili müxalifətlə birləşib hakimiyyəti ələ keçirmək yollarını arayırlar. Onların ən böyük maddi və mənəvi dəstəkçiləri isə Birləşmiş Ştatlardır. Yayılan məlumatlara görə, mühacirətdə olan İran müxalifətinin liderləri Vaşinqtonda hökumət əleyhdarları üçün vahid siyasi platformanın formalaşdırılması probleminə həsr olunacaq ilk ümumi toplantılarını keçirəcəklər. Tədbirin əsas iştirakçılarından biri sonuncu şahın oğlu Rza Pəhləvidir. Son həftələrdə onun adı ətrafında geniş ictimai kampaniya aparılıb. 

“İran demokratik hərəkatının gələcəyi”

Müxalifətin görüşünə Corctaun Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu ev sahibliyi edəcək. Forum molla rejimi üçün əlamətdar vaxta – İran İslam İnqilabının ildönümü günlərinə təsadüf edir. Tədbirin əsas mövzusu “İran demokratik hərəkatının gələcəyi” olacaq. Müxalif “İran İnternational” kanalı vurğulayır ki, ötən ilin sentyabrında hökumət əleyhinə kütləvi nümayişlər başlayandan bəri rejim əleyhdarlarının rəhbər şurasının formalaşdırılması məsələsi az qala əsas müzakirə mövzularından birinə çevrilib. Forum küçə aksiyaları zamanı üzə çıxan liderlik böhranının həll edilməsi məsələsini də müzakirəyə çıxaracaq.

İştirakçılar arasında Pəhləvidən başqa digər məşhur iranlılar da olacaq. Onların arasında futbolçu Əli Kərimi, kürd “Komala” Partiyasının lideri Abdullah Mohtadi və Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Şirin Ebadi də var. Qeyd etdiyimiz kimi, əsas diqqət mərkəzindəki fiqur Pəhləvi olacaq. Son həftələrdə onu dəstəkləmək üçün geniş ictimai kampaniya başlayıb. Belə ki, etiraz hərəkatının idarəçiliyinin İran şahının oğluna həvalə edilməsinə dair onlayn petisiya ilə 450 minə yaxın imza toplanılıb. Yanvar ayında Pəhləvi molla rejiminə qarşı kampaniyada dəstək əldə etmək üçün bir sıra xarici səfərlər etmək planlarından danışıb.

Pəhləvi müxalifətin vahid lideri ola bilərmi?

“Sky News” telekanalına müsahibəsində Pəhləvi hakimiyyətə can atmadığını qeyd edib. “Mənim yeganə məqsədim ölkəmizi İran xalqının azad və ədalətli seçkilərlə öz gələcəyini müəyyən edə biləcəyi bir nöqtəyə gətirməkdir”, – deyə o bildirib. Əlavə edib ki, heç bir vəzifəyə namizəd deyil və dövlət aparatında heç bir siyasi yer axtarmır. O vurğulayıb ki, Tehranda mövcud hakimiyyəti sıradan çıxarmaq üçün müxalifəti birləşdirib, hakimiyyəti ədalətli şəkildə bölüşdürmək lazımdır. Onun bəyanatlarından belə çıxır ki, ideal ssenari keçid hökumətinin yaradılması və ölkənin gələcəyi ilə bağlı ümumxalq referendumunun təşkilidir.

Yerli lokal rəhbərlər var, amma xalq onlara etibar etmir 

Münasibətlər isə fərqlidir. Məsələn, Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Nikita Smaqin hesab edir ki, Pəhləvi son vaxtlar siyasi istiqamətdə daha fəal olmağa çalışır: “Təbii ki, o, ötən ilin payızında İranda etiraz dalğası olan kimi bu işə başlayıb, son vaxtlar ona dəstək verən ictimai hərəkat da formalaşıb. Düzdür, söhbət ilk növbədə İran diasporundan, yəni xaricdə olanlardan gedir. Kampaniya “Mən güvənirəm” adlanır, yəni dövləti idarə etmək üçün Pəhləviyə etibar etməyi nəzərdə tutur”, – deyə ekspert bildirib. O hesab edir ki, Pəhləvi sonda hansısa demokratik idarəçiliyə gətirib çıxaracaq keçidə rəhbərlik etməlidir. Pəhləvinin populyarlığı İranda etirazın nəzərəçarpan siyasi liderlərinin olmaması ilə bağlıdır: İslam Respublikası bu hərəkatın başında dayanmaq və ya özünü ciddi şəkildə bəyan etmək istəyən hər hansı bir şəxsi aradan götürməyə çalışır. İslahatçılar sırasında olan əvvəlki siyasi liderlər artıq əhalini qane etmir. Bu, “balıq qıtlığı” vəziyyətidir, yəni, yerli lokal rəhbərlər var, amma xalq onlara etibar etmir, ümummilli liderlər isə ümumiyyətlə yoxdur. Eyni zamanda, ölkədən kənarda media resursu olan bir qrup fəal var, amma yenə də söhbət daha çox diasporla bağlıdır”. 

İslam inqilabının ildönümünü boykot çağırışları effekt verdi

İranda hazırkı antihökumət aksiyalarında həlak olmuş etirazçılar da daxil molla rejimi tərəfindən öldürülənlərin ailələrinin “Twitter”də diplomatları 1979-cu il İran İslam İnqilabının ildönümü tədbirlərində iştirak etməməyə çağıran kampaniyası da effekt verib. Ailələr “#BoycottIRIDay” həştəqi yaradaraq İrandakı diplomatik missiyaları təntənəli mərasimlərin boykotuna çağırıblar. Bu çağırışlar nəticə verib. Ev dustağı olan Mirhüseyn Musəvi də aktivləşib.

İranın müxalifət xadimi Mirhüseyn Musəvi də son vaxtlar aktivləşib. Hazırda ev dustağı olan siyasətçi İranda azad referendumun keçirilməsinə və yeni konstitusiya layihəsinin hazırlanmasına çağırıb. 2011-ci ildən ev dustaqlığında olan Musəvi yaydığı bəyanatda bildirib ki, son zamanlar hakimiyyət əleyhinə etirazlar zamanı çoxlarının səsləndirdiyi “qadın, həyat, azadlıq” şüarı əsasında köklü dəyişiklik istəyidir. Musəvi qeyd edib ki, bu üç söz zülm, yoxsulluq, təhqir və ayrı-seçkilikdən azad parlaq gələcəyin toxumlarıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir