Dünya

Kanadalı seysmoloq: “Türkiyədəki zəlzələ ən güclülərin ilk onluğundadır”

Sharing is caring!

“Türkiyədə baş verən son zəlzələlər dünyada indiyə qədər qeydə alınan ən böyük quru əsaslı (episentri quruda olan) zəlzələlər sırasındadır”.

Bu barədə Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Viktoriya Universitetinin seysmologiya professoru Edvin Nissen deyib.

“Ən güclü zəlzələlər, adətən okeanlarda olur. Bu təkanlar isə indiyə qədər qeydə alınmış ən güclü kontinental zəlzələlərin ilk 10-luğuna daxildir”, – deyə o izah edib.

Professor bildirib ki, zəlzələnin sakinlərin sıx məskunlaşdığı yerdə olması fəlakətin miqyasının artmasına gətirib.

“Zəlzələnin gecə vaxtı və qış mövsümündə baş verməsi belə çox ölüm və yaralı sayının arxasında dayanan daha bir amildir”, – deyə o əlavə edib.

Nissen qeyd edib ki, təbii fəlakət 1939-cu ildə ölkənin şərqindəki Ərzincan vilayətində 30 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Türkiyə tarixində ən ölümcül fəlakətdir.

Qeyd edək ki, bundan əvvəl AFAD-ın (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi) zəlzələ və risklərin azaldılması üzrə baş direktoru Orhan Tatar Kahramanmaraşda baş verən 7,7 bal gücündəki zəlzələlərin 500 atom bombasının təsirinə və enerjisinə malik olduğunu bildirmişdi.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası 7,7 bala kimi çatan zəlzələlər baş verib. Episentri Kahramanmaraş olmaqla Türkiyənin cənub-şərqində 10 vilayətə təsir göstərən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 29,6 min nəfəri keçib. “Əsrin fəlakəti” qonşu Suriyada da ölümcül təsir qoyub. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, zəlzələdən sonra təxminən 8,5 min insan həyatını itirib, 10 minə yaxın insan yaralanıb. Bununla belə qurbanların sayının hər gün artdığı vurğulanıb.

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir