Dünya

Rusiya-Ukrayna müharibəsində ölən Tacikistan vətəndaşı: Rokossovski ola bilməyəcək məhbuslar – ŞƏRH + FOTO

Sharing is caring!

Rusiya Ukraynada döyüşmək üçün məhbuslardan da yararlanır. Bu ilin yazında tərəflərin qəti hücuma keçəcəkləri barədə məlumatlar yayılır. Hətta Rusiyanın səfərbərlik planı ilə bağlı da müxtəlif informasiyalar gündəmi zəbt edib. Britaniyanın “The Times” nəşri yazıb ki, Rusiya 500 min nəfərlik səfərbərlik planı hazırlayır və qərar yaxın günlərdə qəbul olunacaq:

“Orduya çağırılanlar yeni genişmiqyaslı hücum üçün cəbhəyə göndəriləcəklər”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən isə bildirilib ki, Rusiya 2 milyonluq ordu yaratmağa çalışır, bunun üçün növbəti dəfə səfərbərlik elan olunacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, səfərbərlik haqqında məlumatı yalnız ölkənin rəsmi orqanları yaya bilər. O, bu mövzuda teleqram kanallarında yayılan məlumatlara etibar etməməyə çağırıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib, oktyabrın 31-də isə onun başa çatdığını açıqlayıb. Kreml artıq ikinci səfərbərlik dalğasının planlaşdırılmadığını bildirib. Rəsmi mənbələrin məlumatına əsasən, 300 mindən çox Rusiya vətəndaşı səfərbər edilib.

Cəbhədə vəziyyət gərginləşdikcə müharibəyə Rusiyadakı cəzaçəkmə müəssisələrindəki məhbusların da cəlb olunduğu barədə məlumat yayılır. Bildirilib ki, bu fəaliyyətlə daha çox Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkəti məşğul olur. Şirkətin sahibi, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamı sayılan Yevgeni Priqojin məhbuslara Ukraynada müharibədə 6 ay iştirak qarşılığında əfv vəd edir. Bu günlərdə Tacikistana Rusiya cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış, Ukraynada müharibədə ölmüş daha bir nəfərin meyiti gətirilib və qohumlarına təhvil verilib. 47 yaşlı Bülbül Davlatşoyev Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda anadan olub. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün mühakimə olunub. 2007-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində həbsxanada cəza çəkib. Qohumlarının dediyinə görə, Bülbül Davlatşoyev 2022-ci il oktyabrın 19-da Rusiya tərəfdən Ukraynada müharibəyə cəlb olunub. Bülbülün qardaşı deyib ki, Rusiya hakimiyyəti ölümün rəsmi olaraq “döş qəfəsindən güllə yarası və güclü qanaxma”dan baş verdiyini açıqlayıb. Davlatşoyevlər ailəsi Bülbülün Ukraynada müharibəyə göndərilməsi şəraitini müəmmalı adlandırıblar. Dusti rayon hakimiyyətinin nümayəndəsi xəbəri təsdiqləyib, lakin hadisə barəsində ətraflı məlumat verməyib. Məlumata əsasən, Bülbül Davlatşoyev Rusiya tərəfdən döyüşüb Ukraynada ölən ilk məhbus tacikistanlı deyil. 2022-ci ilin dekabrında Xatlon vilayətində iki nəfər dəfn olunub. Onlar da Rusiyada narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olduqları üçün cəza çəkib və Ukraynada müharibədə ölüblər. 22 yaşlı Boboəziz Tuydiyevin meyiti ötən il dekabrın 12-də Rusiyadan ölkəsinə gətirilərək Yavan rayonunda dəfn edilib. 28 yaşlı Mənuçehr Şodovun meyiti isə Kuşoniyonda torpağa tapşırılıb. Mənuçehrin atası Hokimşah Şodov müsahibəsində vurğulayıb ki, oğlunun müharibəyə aparılmasını onlardan gizlədiblər: “İndi heç nə edə bilmərəm. İddiam da yoxdur. Oğlumu öldürüblər”.

Əslində, bu hadisələr bir sıra suallar yaradır. Tacikistan hakimiyyəti hadisələrə necə münasibət bildirir? Vətəndaşının hüququnu müdafiə edəcəyi öhdəliyini götürən dövlət başçısı hansı addımı atacaq? Hüquq müdafiəçilərinin də hadisə ilə bağlı irəli sürdükləri iddialar əsassız deyil. Məsələnin başqa tərəfi də təəccüblüdür. Ukraynada müharibədə ölən tacikistanlılar narkotik maddələri sataraq Rusiya vətəndaşlarını zəhərləyirlər. Deməli, Rusiyanın bütün baxımlardan təhlükəsizliyinə zərbə vurublar. Belə insanların Rusiyanın mənafeyi və maraqlarını müdafiə edəcəyi nə dərəcədə mümkündür?! Təbii ki, paradoksdur.

Yeri gəlmişkən, məhbus döyüşçüdən söz düşmüşkən Sovet İttifaqı Marşalı Konstantin Konstantinoviç Rokossovskini xatırlamağın yeri var. Rusiya sərkərdəsi 1938-ci ildə həbs olunub və 1940-cı ildə azadlığa buraxılıb. İkinci Dünya müharibəsi zamanı inzibati taqıma başçılıq edib. Həmin hərbi hissədəkilər keçmiş məhbus olub. Onların çoxu siyasi əqidəsinə görə həbs olunmuş şəxslər olublar. Rokossovski bu müharibənin qəhrəmanlarından olub. Çünki vətənini sevib. Ancaq Priqojinin məhbus döyüşçüləri əqidə adamı deyillər. Bu səbəbdən onlar heç vaxt öz dövrlərinin Rokossovskisi ola bilməzlər. Çünki şirnikləndirilərək “Vaqner”ə cəlb olunanlar Rusiyanın itkilərinin sayının artmasına xidmət edirlər, əlavə xərcdirlər.

Nəhayət, 2017-ci ilin məlumatına əsasən, Rusiya həbsxanalarında xarici ölkələrin 29 397 vətəndaşı saxlanılır. Onların 90 faizi ağır və xüsusilə ağır cinayətlər törədiblər. Həmin ilin statistikasına əsasən, birinci yerdə 8 002 məhbusla Tacikistan ilk sırada dayanır. Ondan sonrakı yerləri 6 362 məhbusla Özbəkistan, üçüncü yerdə isə 4 761 məhbusla Ukrayna tutur.

“Report” İnfomasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir