Dünya

“Təhlükənin qarşısını almaq üçün Azərbaycanı gücləndirmək istiqamətində hər şeyi edəcəyik” – Corc Dik

Sharing is caring!

“Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik”.

Bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Diplomat bildirib ki, bu mənada ölkələr arasında tərəfdaşlıq dərindir və müxtəlif sahələri əhatə edir:

“Bu sahələrdən biri təhlükəsizlikdir və bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub – biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Onu da anlayırıq ki, Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.

Səfir bir neçə ay əvvəl İsrailin müdafiə naziri Benni Qantzın Azərbaycana gözlənilməz səfərindən danışıb:

“Cənab Qantzın səfərinin məqsədinə gəlincə, sizə deyə bilərəm ki, adətən, müdafiə nazirlərinin səfərləri media üçün sürpriz olur. Çünki nazirlərimiz səfər edərkən bunu şou üçün, sırf manşet üçün etmirlər, müzakirə olunacaq çox məqam var. Səfərin əsl məqsədi əməkdaşlığımızın mahiyyəti barədə müzakirələr aparmaqdan ibarət idi. Təəssüf ki, bu cür məsələlər barədə açıq danışa bilmərəm, amma sizə deyə bilərəm ki, İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir