Dünya

Senatın qətnaməsi xoruzun vaxtsız banlamasıdır: Avropa İttifaqında dağıdıcı Fransa – ŞƏRH + FOTO

Sharing is caring!

Fransa Senatının Azərbaycana qarşı qətnaməsi bütün baxımlardan beynəlxalq münasibətlərə və normalara ziddir. Bu sənəd Fransanın işğalçı siyasətini və dağıdıcılığını nümayiş etdirir. Ölkə sübut edir ki, əməkdaşlığa yararsızdır. O, özünü daha çox avantüristcəsinə qüdrətli, böyük və ədalətli göstərməyə çalışır. Belə davranışı ilə dələduzları xatırladır.

Bu xüsusiyyətinə görə Fransa Avropa İttifaqının perspektivi üçün də problem yaradır.

Ehtimal etmək olar ki, Böyük Britaniyanın İttifaqdan çıxmasına səbəblərdən biri də rəsmi Parisin davranışıdır. 2016-cı il iyunun 23-də krallığın seçiciləri ölkəsinin Avropa İttifaqından çıxmasına səs veriblər.

Böyük Britaniya bununla həm də suverenliyini qoruyub saxlayıb. Ölkədə qanunverici hakimiyyətin xalq tərəfindən seçilən parlamentin icra etməsinə baxmayaraq, son sözü Brüssel söyləyirdi. Bu hal ittifaqı tərk etmək üçün ən böyük səbəb göstərilirdi.

Belə düşünmək olar ki, “Brexit” həm də İttifaqın qeyri-rəsmi lideri sayılan Fransanın diktəsinin qəbul edilməməsi demək idi. Tarixən krallıqla Fransa arasında yaşanmış hadisələr ikincinin birinci üzərində qeyri-formal hegemonluğu kimi görünürdü.

Britaniyanın bu addımı perspektivdə başqalarının bu quruma üzvlüyünə təsir göstərə bilər. Çünki Fransa İttifaqı özününkü bilir. Orada istənilən qərarı qəbul etdirə biləcəyini düşünür. Avroparlamentdə də fransalı milliyyətçilərin təmsil olunması təşkilatın ədalətli qərarlar qəbul edəcəyinə şübhə yaradır.

Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlıq proqramının üzvüdür. Fransa Senatının bu qətnaməsi təşkilata rəsmi Bakının və Azərbaycan cəmiyyətinin münasibətinə şübhə yaradır.

Onu da qeyd etmək lazımdır ki, məlum sənəd Azərbaycanda demokratik dəyərlərlə bağlı deyil, bu, sırf olaraq ölkənin ərazi bütövlüyü və suverenliyini təhdiddir. Yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmağa, təbliğata cəhddir.

Azərbaycan öz torpaqlarını işğaldan təmizləyərək həmin ərazidə suveren hüquqlarını bərpa edir. Habelə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı 5 maddəlik təklif irəli sürüb. Rəsmi İrəvan isə 2020-ci noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyini yerinə yetirmir, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrə gecikdirir.

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca 4 görüş keçirilib. Dördüncü görüş rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi 5 maddəlik prinsiplər üzərində qurulub.

Yeri gəlmişkən, bu ilin ilk 6 ayında Fransa rotasiya qaydasında Avropa İttifaqı Şurasına sədrlik edib.

Ermənistanın bu prinsiplərdən yayınması üçün Fransa Senatı onlara dəstək verir.

Belə görünür, 44 günlük müharibədə həm də Fransanın timsalında Ermənistanın havadarları da uduzub. İndi məğlubiyyətin heyfini Senat Azərbaycana qarşı qanunazid qətnamə qəbul etməklə çıxmaq istəyir.

Qətnamə ilə Yelisey sarayı və ölkə parlamentinin Yuxarı Palatası Avropa İttifaqı Şurasına qarşı da fəaliyyət göstərmiş olur. Fransa bununla da belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinin üzərinə kölgə salır, ona etimadı azaldır.

Başqa bir məsələyə də diqqəti çəkmək istərdik. İndi Aİ 27 dövləti birləşdirən dövlətlərarası iqtisadi, siyasi təşkilatdır. Ancaq bu təşkilatın təməli 1951-ci il aprelin 18-də Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyətinin yaradılması ilə qoyulub. Deməli, qurumun əsasında enerji daşıyıcıları ilə bağlı məsələ durur. Odur ki, enerji təhlükəsizliyi məsələsinin ittifaq üçün prioritet saymaq olar.

Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen imzalayıblar.

“Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsindən sonra RF ilə yolları ayıraraq üzünü daha etibarlı tərəfdaşlara üz tutmağa qərar verib. Azərbaycanı onların arasında görməyə şadam”, – Ursula Fon der Lyayen bildirmişdi. Komissiyanın Prezidenti onu da vurğulamışdı ki, Avropa Azərbaycanı etibarlı tərəfdaş hesab edir.

Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırmağı hədəfləyiblər. Azərbaycan bu ilin ilk 10 ayı ərzində Avropaya 9,3 milyard kubmetr təbii qaz tədarük edib. İlin sonuna kimi bu göstəricinin 11,5 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrünün faktiki göstəricisindən 40 faiz çoxdur.

Senat bu əsassız qətnaməsi ilə Avropa İttifaqının etibarlı tərəfdaşlığına şübhə yaradıb.

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da ölkəsinin Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam etdiyini vurğulamışdı:

“Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

Fransa ilə ABŞ arasında da Avropa İttifaqına münasibət baxımından mübahisələr var. Ölkənin maliyyə naziri Bryuno Le Mer ştatları Avropa üzərində ağalıq etməyə cəhddə ittiham edib: “Biz Ukrayna münaqişəsinin ABŞ-ın iqtisadi üstünlüyü və Avropanın zəifləməsi ilə nəticələnməsinə imkan verməməliyik”.

Rusiyanın Ukraynada apardığı müharibədə Fransanın birmənalı mövqe tutmaqda çətinlik çəkməsi də onun ittifaq daxilində nüfuzuna zərbə vura bilər. Bu müharibə başa çatandan sonra Aİ daxilində nüfuz dairəsində dəyişikliklərin yaranacağı gözlənilir. İttifaq daxilində oyunçuların yeni düzülüşü ehtimal olur. Bu hadisə həm də Fransanın mövqeyini laxladacaq. O zaman nüfuzdan düşəcək belə Fransa ya “frexit” edəcək, ya da Avropa İttifaqı daxilində pozuculuqla məşğul olacaq. Bu da Avropa İttifaqının dağılmasına təkan verib, onu gözdən sala bilər.

Göründüyü ki, Fransa üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınır. Onun belə fəaliyyəti Aİ-nin perspektivinə problem yaradar, qurumu etibarsız təşkilata çevirər. Odur ki, özünü hamıdan ağıllı sayması Fransa hakimiyyətini axmaq vəziyyətə qoyur. Senatın qətnaməsi də Avropa İttifaqı üçün münasib vaxtda qəbul edilməyib. Bu baxımdan onun atdığı addım xoruzun zamanında banlamamasına oxşayır. Belə xoruzu isə adətən tez çıxdaş edirlər…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir