Dünya

Eldəniz Əzizli: “Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik”

Sharing is caring!

“Ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istəyirik”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı danışarkən deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa tam sürətlə hazırlaşdıqlarını bildirib:

“Dünya çempionatından az müddət keçib. Buna baxmayaraq, heç birimiz istirahət etmədən güclü hazırlıq prosesinə start vermişik. Komanda olaraq özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik. 2022-ci ilə yaxşı start vermişik. İlin ilk yarısında Avropa çempionu adını qazandıq, daha sonra isə komanda olaraq dünya ikinciliyinə sahib çıxdıq. Qarşıda bizi daha bir mötəbər turnir gözləyir. Bakıda güləşdiyimiz üçün Dünya Kuboku bizim üçün daha vacibdir”.

30 yaşlı güləşçi Dünya Kubokunun püşkünün tam ədalətli olduğunu sözlərinə əlavə edib:

“Turnirdə Türkiyə, İran, Azərbaycanla yanaşı, dünya yığması da iddialıdır. Güclülərdən ikisi bir qrupa, digər ikisi isə başqa qrupa düşüb. Bizim qrupdakı ən böyük rəqibimiz dünya seçməsidir. Son dünya çempionatında Serbiya da özünü yaxşı tərəfdən göstərib və dörd qızıl medal qazanıb. Buna baxmayaraq, digər çəkilərdə boşluqları var. Onları buna görə üstələyəcəyimizi düşünürəm. Dünya yığmasında isə son mundialın medalçıları yer alıblar. Qrupda ən çətin görüşümüz onlara qarşı olacaq”.

İkiqat dünya və ikiqat Avropa çempionu ilin son sınağına çıxacaqlarını vurğulayıb:

“Azərbaycan çempionatında iştirak etməyəcəyəm. Amma 2023-cü ilin ilk yarısında bizi ciddi sınaqlar gözləyir. Məşqçilər və federasiya rəhbərliyinin qərarı ilə hansı çəkidə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, Bakı İdman Sarayındakı Dünya Kuboku 5-6 noyabrda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir