Dünya

Qreq Saymons: “Finlandiya və İsveç Türkiyəyə söz verdilər, lakin öz sözlərinə hörmət qoymadılar” – MÜSAHİBƏ

Sharing is caring!

İsveç və Finlandiyanın NATO-ya qəbulu təşkilata 30 üzv dövlətin 28-nin parlamenti tərəfindən ratifikasiya edilib. Bu barədə İsveçin Baş naziri Ulf Kristersson NATO-nun Baş katibi Yens Stoltenberqlə son görüşdə bildirib. Yalnız Macarıstan və Türkiyə NATO-ya yeni üzvlərin daxil olmasını ratifikasiya etməyiblər. Eyni zamanda məlumdur ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında müqavilənin ratifikasiyası məsələsi oktyabrın 24-də Macarıstan parlamentində keçiriləcək iclasda müzakirə olunacaq. Bu müzakirənin nəticələrini proqnozlaşdırmaq çətindir.

İsveçdən olan analitik, professor, Uppsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (IRES) tədqiqatçısı Qreq Saymons mövcud vəziyyəti Oxu.Az-a şərh edib.

– NATO üzvü olan yalnız iki ölkə – Türkiyə və Macarıstan İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasına hələlik razılıq verməyiblər. Türkiyənin motivləri aydındır, bəs Macarıstan niyə Stokholm və Helsinkidən gələn ərizələrin təsdiqini gecikdirir? Macarıstanla İsveç və Finlandiya arasında ziddiyyət təşkil edən məsələlər varmı?

– Macarıstanın hazırda üzləşdiyi müxtəlif aktual milli problemlər var. Məsələn, enerji böhranı və ölkə sərhədlərində müharibə ilə bağlı geosiyasi vəziyyət. Bu, Macarıstanın milli təhlükəsizliyi baxımından Budapeşt üçün İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən qat-qat vacibdir. Macarıstanın Baş naziri Viktor Orban da ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin geosiyasətdə və beynəlxalq münasibətlərdə “disbalansın” mövcud problemləri həll etməyəcəyi, daha da gərginləşdirəcəyi ilə bağlı tezisinə əsaslanaraq, məsələ ilə bağlı şübhələrini dilə gətirib.

– Sentyabrın sonunda İsveç Türkiyəyə silah ixracına qoyulan embarqonu ləğv etdi, lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki həftə əvvəl Stokholm və Helsinkiyə xatırlatdı ki, NATO-ya üzvlük Ankara tərəfindən təsdiqlənməyəcək, çünki onlar Kürdüstan Fəhlə Partiyası və FETÖ-nun terror fəaliyyətlərinə qarşı çıxacaqları ilə bağlı vədlərini yerinə yetirməyiblər. Bu, Stokholm və Helsinkinin “Türkiyə siyahısı”ndan insanların ekstradisiyasına razı olmadığı üçün İsveçin NATO-ya gedən yolunun bağlanması deməkdir?

– Artıq bir neçə ay əvvəl demişdim ki, İsveç keçmişdə Türkiyəyə qarşı kifayət qədər təkəbbürlü davranıb. İndi də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın güzəştə getməyə, ilkin tələblərini dəyişməyə ehtiyacı yoxdur. Sadə dillə desək, İsveç NATO-ya daxil olmaq istəyirsə, hansısa sövdələşmə aparası vəziyyətdə deyil. Sadəcə başa düşmək lazımdır ki, indi hər şey Türkiyənin əlindədir. Ona görə ki, Finlandiya və İsveç hansısa boşluq axtarmaqdansa,  Ankaranın bütün tələblərinə əməl etməlidirlər.

Təbii ki, Türkiyənin ekstradisiya siyahısı ilə bağlı tələbləri İsveç və Finlandiya cəmiyyətləri tərəfindən bəyənilmir və bu səbəbdən ciddi siyasi dilemma yaranır.

– Yeri gəlmişkən, Finlandiyanın Baş naziri Sanna Marin maraqlı açıqlama verib. Onun sözlərinə görə, Helsinki ərizələrinin təsdiqi üçün heç bir maneə görmür. Belə çıxır ki, Finlandiyanın Türkiyənin təsdiqini alma ehtimalı daha çoxdur? Əgər belədirsə, səbəb nədir?

– Hesab edirəm ki, Finlandiyanın baş naziri ola bilsin ki, dalandan çıxmaq üçün hansısa ictimai ritorik hiylədən istifadə etməyə çalışır. Amma onun sözləri o qədər də inandırıcı səslənmir. Əgər bu diplomatiyanın köməyilə ictimai rəyə təsir etmək cəhdi olubsa, o zaman, çox güman ki, uğursuzluqla nəticələnəcək.

– Bəs İsveç və Finlandiya NATO-ya daxil olacaq?

– Əgər Türkiyə rəhbərliyinin bütün tələblərini yerinə yetirməsələr, bütün göstəriş və ədəbazlıqlarına baxmayaraq, Helsinki və Stokholm çətin ki, NATO-ya daxil olsunlar. Həm Finlandiya, həm də İsveç Türkiyəyə vədlər verəndən sonra Ankara bu ölkələrin NATO-ya mümkün qəbulu ilə razılaşdı. Lakin Stokholm və Helsinki öz vədlərinə hörmət etmədilər və razılaşmanı yerinə yetirmədilər. Ona görə də mən Türkiyənin yenidən Finlandiya və İsveçə inanaraq güzəştə getməsi üçün xüsusi səbəb görmürəm.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir