Dünya

Deputat: “Fransa səfiri ölkəsinin prezidentinin anti-Azərbaycan fikirlərindən xəcalət çəkir” – FOTO

Sharing is caring!

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 6-da Praqada baş tutan dördtərəfli görüşdən sonra ardıcıl olaraq Azərbaycan əleyhinə təhqiramiz ifadələr səsləndirdi. Bununla yetinməyən Makron Qarabağı “mübahisəli ərazi” adlandıraraq bölgənin Ermanistanın “ürəyi” olduğunu və Fransanın daim Ermənistana dəstək göstərəcəyini vurğuladı. Bütün bu hadisələr isə vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə “həllinə” çalışan Fransanın 23 il ərzində tutduğu “tərəfsiz mövqeni” açıq şəkildə gözlər önünə sərdi.

Bütün baş verənlərdən sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun “Praqa: sülhə gedən yolda əsas mərhələdir” məqaləsini yayımlaması isə olduqca gülməli bir vəziyyət yaratdı. Belə ki, səfir dördtərəfli görüşdə Fransa prezidentinin iştirakının Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malik olduğunu bildirdi:

“Avropa İttifaqının sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir. Yaşasın Praqa ruhu!”

Halbuki “Praqa ruhu”nu Makron anti-Azərbaycan bəyanatları ilə torpağın dərin qatlarına basdırdı. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında ilk olaraq Zakari Qrosun belə bir addım atmasına aydınlıq gətirib:

“Hər bir ölkənin səfirinin borcudur ki, ölkəsini müsbət rakursda təqdim etsin. Ancaq baxaq görək, cənab Qrosun dedikləri nə qədər inandırıcıdır? Onun dediyi ilə İranın Azərbaycandakı səfirinin dedikləri eyni dərəcədə “doğru” və “inandırıcı”dır. Yəni Azərbaycan xalqı onların heç birinin dediklərinə inanmır. Bu gün hadisənin harada baş verməsindən asılı olmayaraq istənilən bir informasiyanı hər kəs çox asanlıqla əldə edə bilir. İnformasiya əlçatanlığı 20 il bundan əvvəlki ilə müqayisədə 20 dəfə çoxdur. Əgər İranın səfiri: “İran Azərbaycanla yox, Ermənistanla sərhəddə təlim keçirir”, – deyirsə, hamı bilir ki, bu, cəfəngiyyatdır. Eyni zamanda Fransanın buradakı səfirinin dediyi də həqiqəti əks etdirmir. Əgər hər şey onun dediyi kimidirsə, onda niyə ABŞ səfiri ilə birlikdə Şuşaya getmək istəmirlər? Onların qarşısını nə kəsir? Səfir çox şey deyə bilər, amma əsas səfirin təmsil etdiyi ölkənin başında duran şəxsin hərəkətləri, verdiyi açıqlamalardır”.

Millət vəkilinin sözlərinə görə, Zakari Qrosun açıqlaması ondan xəbər verir ki, o öz dövlət başçısının hərəkətindən xəcalət çəkir:

“Çünki regiondadır və reallığı, Azərbaycanın rolunu yaxşı bilir. Bunların fonunda öz dövlətinin başçısının fikirlərinin nə dərəcədə təxribatçı səsləndiyinin və onun ilk növbədə Fransanın əleyhinə yönəldiyinin fərqindədir”. 

Fransa prezidentinin Azərbaycan əleyhinə verdiyi açıqlamalara gəldikdə isə deputat hesab edir ki, bu, bizim mövqelərimizə elə də təsir edəcək şey deyil:

“Amma Avropanın özündə parçalanmaya cəhddir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və Avropanın buna nə qədər ehtiyacı olduğunu göz önünə gətirək. Bir də Fransanın Azərbaycanın enerji resurslarını boykot etməklə bağlı çağırışlarına baxaq. Bu çıxış kimin maraqlarına xidmət edir? Biz açıq şəkildə görürük ki, Fransa prezidentinin çağırışları birbaşa Rusiyanın maraqlarına cavab verir. Bu ya bilərəkdən baş verir, ya gizli bir anlaşmanın nəticəsidir, ya da Fransa Rusiyanın bəlli strukturlarına bağlı hay lobbisinin təsiri altındadır. Hiss olunur ki, o hay lobbisində Fransa prezidenti ilə bağlı hansısa kompromatlar var. Elə ona görə də Fransa dövlət maraqlarına tamamilə zidd olmasına baxmayaraq, təxribatçı, reallıqdan uzaq və həddini aşan bəyanatlar verir”. 

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir