Dünya

Ermənistan seçim qarşısında – Şimal, yoxsa Qərb? – ŞƏRH + FOTO

Sharing is caring!

Qafqaza yerləşdirildikdən sonra ermənilər daim regiondan kənardakı qüvvələrlə əməkdaşlıq ediblər. Onlar xalqlar arasında iğtişaş yaratmaq məqsədilə xarici qüvvələrə saxta məlumatlar ötürüb və bir sıra hallarda istəklərinə nail olublar. Çünki həmin iğtişaşların baş verməsində bu qüvvələrin maraqları ermənilərin istəkləri ilə üst-üstə düşüb. Həmin qüvvələr, konkret Rusiya onlar üçün Ermənistan qurdu və yüz ildən artıqdır ki, Cənubi Qafqazda onları himayə edir. Arxalarında Rusiya kimi gücü hiss etdikdən sonra onlar Qafqazda yeni-yeni əraziləri ələ keçirməyə cəhd göstərdilər. Bu qanunsuz əməllərinə və ərköyünlüyünə görə onların başı həmişə sığallanıb və bu hal indi də davam etməkdədir.

Tarix ermənilər barədə bir mətləbi – onların “çörəklərinin dizləri üstündə olduğunu” təsdiqləyib. Bunun üçün ermənilərin ideallaşdırdıqları, milli lider sayıb ağızdolusu təriflədikləri Andranik Ozanyan, Dro və Qaregin Njdenin həyat fəaliyyətini yada salmaq kifayət edir. Andranik Osmanlı ordusunda qulluq edib. O, dövlət zəifləyəndən sonra xarici qüvvələrin əlaltısı olaraq mərkəzi hakimiyyətə qarşı qiyama, Qafqazda müsəlmanların və türklərin soyqırımına başçılıq edənlərdən olub. Njde SSRİ-yə qarşı olaraq Hitler faşizminə işləyib. Faşist Almaniyası dağıldılandan sonra sovetlərlə əməkdaşlıq edib. Erməni liderləri batmaqda olan gəmini ilk tərk edənlərdən olduqlarını çoxdan isbatlayıblar.

Çar Rusiyası çökən ərəfədə də saraya qarşı çıxış edərək, yeni qüvvə sayılan bolşeviklərin ətrafında ermənilərdən ibarət bir xeyli “lider” peyda oldu. Onlar Azərbaycan başda olmaqla Qafqazda, Orta Asiyada, o cümlədən Özbəkistanda da “yeni quruluşun” yaranmasında canfəşanlıq etməyə başladılar. Onlar sovetlər dağılanda da yaranmış vəziyyətdən və mərkəzi hakimiyyətin, onun liderinin zəifliyindən istifadə edərək Azərbaycandan yeni torpaqlar qoparmaq üçün fəaliyyətə başlamışdılar. Bu etnosun liderləri Qərbi Azərbaycandakı azərbaycanlıları (türkləri) dədə-baba yurdlarından sovet əsgərlərinin yardımı ilə çıxarmağa nail oldular. Bunun ardınca onlar sovet və Rusiya hərbçilərindən istifadə edərək Azərbaycanın bir sıra yaşayış məntəqələrini işğal etdilər və Xocalı, Ağdaban soyqırımlarını törətdilər.

Son illər Ermənistan hakimiyyəti Rusiyaya qarşı münasibətdə “ənənəvi səmimiliyi” nümayiş etdirmir. Ölkənin baş naziri Nikol Paşinyanın siyasi fəaliyyəti buna nümunədir. O, hökumət başına gəlməzdən əvvəl qatı anti-Rusiya mövqeyindən çıxış edirdi. Hətta Moskvanın sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından çıxmağın vacibliyini parlamentdə açıq şəkildə bəyan edirdi. Ancaq baş nazir olandan sonra Rusiya ilə əbədi əlaqələrdən, qardaşlıqdan və s. belə dəyərlərləndimələrdən istifadə etməyə başladı.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçiliyi ilə bağlı keçirilən tədbirlərdən sonra verdiyi açıqlamalar onun “səmimiyyətinin”, əslində Rusiyaya mövcud şərtlər daxilində münasibətinin göstəricisidir. Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüşdən sonra rəsmi İrəvanın verdiyi razılıq Rusiyanın maraqlarına uyğun olmayıb.

Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən rəsmi Bakı buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, Aİ missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Oktyabrın 11-də Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsində üzv ölkələrin səfirləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verilib və müsbət qərar qəbul olunub. Bildirilib ki, missiyanın Ermənistana gedəcəyi birmənalıdır. Hazırda Müşahidə Missiyasının tərkibi, onların yola düşəcəyi tarix müzakirə olunur. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə oktyabrın 11-də keçirdiyi brifinqdə Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsini şərh edərkən bildirib ki, bunda Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına istənilən yolla müdaxilə etmək cəhdi görürlər. Onun sözlərinə görə, Avropa İttifaqı bu yolla Rusiyanı bu məsələnin həllindən sıxışdırmaq istəyir. Zaxarova avropalıları 8 il ərzində Berlinlə Parisin Ukrayna ətrafındakı vəziyyəti nizamlaya bilməməkdə, indiki münaqişənin yaranmasında ittiham edib. Avropa İttifaqının müşahidə missiyası ilə bağlı Rusiya XİN sözçüsünün ifadələri rəsmi Moskvanın mövqeyi sayılır. Düzdür, Praqa görüşündən sonra Nikol Paşinyan da Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitinə qatıldı. O, hətta Vladimir Putini 70 yaşı münasibətilə təbrik etdi.

Ancaq Avropa İttifaqı artıq Ermənistana Müşahidə Missiyasını göndərmək üçün ilk addımı atıb. Zaxarovanın Ukraynanı xatırlaması da təsadüfi deyil. Sözçü bununla Aİ-nin bu ölkədəki fəaliyyətindən Rusiyanın həm narahat, həm də narazı olduğuna eyham vurub. Moskva Ermənistana 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı unutmamağı, o günlərdə Ermənistanın vəziyyətini xatırladır.

Zaxarova məlum eyhamı ilə bildirmək istəyir ki, Rusiyanı rəsmi İrəvanın əli ilə Cənubi Qafqazda “oyundankənar” vəziyyətdə saxlamağa cəhd, proseslərdən sıxışdırmaq Ukrayna hadisələrinin Ermənistanda təkrarlanmasına səbəb ola bilər. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Bundan başqa ölkənin İran və Türkiyə ilə sərhədlərini Rusiya qoruyur. Avropa İttifaqının bu ölkədə nəyi var? Təbii ki, Rusiya ilə müqayisə də heç nəyi. Ona görə də Aİ-nin bu addımı Ermənistanı Rusiyanın əlindən almaq istəyi üçün məşq də sayıla bilər. Bu, Ermənistanın yeni tarixi sınaqla üz-üzə qaldığının göstəricisidir. Erməni liderlər ya ənənəni davam etdirərək Rusiyaya “əlvida” deyəcək, müstəqil olmaq üçün mübarizə aparacaq, ya da iddialarından əl çəkib tələb olunanlara əməl edəcək.

Bundan başqa Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanı görməzdən gəlməsi Ermənistanda fərqli şəraitin yarana biləcəyini ehtimal etməyə əsas verir. Başqa sözlə regionda sabitlik və təhlükəsizlik yaratmağa səy göstərən Avropa İttifaqı ölkə daxilində vəziyyətin ağırlaşmasına təkan verər. Çünki bu ölkədə müxalifət sayılanlar birmənalı olaraq Rusiyayönümlüdürlər. Onların işarəni Moskvadan gözlədikləri istisna edilmir.

 “Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir