Dünya

Qazaxların seçimi nə olacaq? – “Tokayevdən gözləntiləri çoxdur” – FOTO

Sharing is caring!

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkisinin noyabrın 20-də keçiriləcəyini açıqlayıb. O özünün də seçkilərdə iştirak edəcəyini bildirib. Həmçinin artıq Qazaxıstanda prezidentin bir dəfə seçilməklə yeddi il səlahiyyətli olacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Qazaxıstanda sonuncu prezident seçkisi Nursultan Nazarbayevin istefası səbəbi ilə 2019-cu il iyunun 9-da baş tutub. Qanuna görə, seçkidə qalib olan Tokayevin səlahiyyət müddəti 2024-cü ildə başa çatmalıydı. 

Məsələni Oxu.Az-a şərh edən politoloq İlyas Hüseynov ilk olaraq Qazaxıstanın ərazisinə, coğrafi mövqeyinə, karbohidrogen ehtiyatlarına görə Mərkəzi Asiyada güclü geosiyasi aktor olduğunu deyib:

“Dünyada gedən qlobal dəyişikliklər fonunda Mərkəzi Asiyada da bir sıra proseslər baş verir. 2022-ci ilin əvvəlində Qazaxıstan çətin sınaqdan keçdi. Vətəndaş müharibəsinin astanasında olan Qazaxıstan tarixinin ən böyük imtahanlarından birini verdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana müdaxilə etməsi, daha sonra ölkəni tərk etməsi də önəmli hadisə kimi qəbul oluna bilər. Sonrakı dövrdə Kasım-Jomart Tokayev artıq ənənəvi idarəçiliyin mümkün olmayacağını anlayaraq yeni proseslərə start verdi. Bu xüsusda Qazaxıstanda referendum keçirildi və bu, demokratikləşmə yolunda mühüm bir addım kimi qiymətləndirildi. Sentyabr ayında isə Tokayev xalqa müraciət etdi və növbədənkənar prezident seçkisinin olacağını açıqladı. Ona görə də hazırda Qazaxıstanda dəyişikliklərlə bağlı çox müsbət fikirlər var”.

Ekspert vurğulayıb ki, Tokayevin həm Sankt-Peterburq İqtisadi Forumunda çıxışı, həm də sonrakı proseslərdəki siyasi duruşu qazax xalqı tərəfindən dəstəklənir:

“Tokayevin cəmi bir dəfə prezident seçilmə imkanının olması hakimiyyətin keçici forma alacağından xəbər verir. Bu da siyasi ekspertlər və analitiklər tərəfindən qiymətləndirilir. Düşünürəm ki, növbədənkənar prezident seçkilərində Tokayevə etimad göstəriləcək və o, hazırkı siyasi reytinqinə görə elektoratın da etimadını qazanacaq. Lakin sonrakı dövrdə xalqın Tokayevin bugünkü müraciətində qoyduğu hədəflərə çatmaq və bu hədəfləri yerinə yetirməklə bağlı böyük gözləntiləri var”.

Siyasi şərhçi bildirib ki, Qazaxıstanda təhlükəsizlik və sabitliyin hökm sürməsi həm də Azərbaycan üçün önəmlidir:

“Tokayevin Azərbaycana çox uğurlu səfəri oldu və Azərbaycanla Qazaxıstan arasında strateji sənədlər imzalandı. Gələcəkdə nəqliyyat və kommunikasiya xətlərinin açılması kontekstində böyük nəqliyyat və logistika prosesləri həyata keçiriləcək. Ona görə də Qazaxıstan həm də nəqliyyat və karbohidrogen ehtiyatlarının nəqli baxımından Azərbaycan üçün aktuallığı ilə seçilir. Azərbaycan Qazaxıstan vasitəsilə gələn yüklərin ölkə ərazisindən keçməsində tranzit gəlirləri də əldə edə bilər. Yəni ölkəmiz üçün Mərkəzi Asiyada cərəyan edən proseslər, demokratikləşmə yolunda həyata keçirilən fəaliyyət önəmlidir”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir