Dünya

Kraliça ailəsinin ən dəhşətli sirri

Sharing is caring!

Qan Turalı yazır…

Dünyanın ən məşhur ailəsi heç şübhəsiz ki, İngiltərə kralının ailəsidir. Çox istifadə etməsələr belə Vindsor soyadını daşıyan bu ailənin hər bir fərdi dünya şöhrətinə malikdir. Ailə daxilində baş verən kiçik bir hadisə belə bütün dünyanın diqqət mərkəzinə çıxır. Diana ilə bağlı baş verənlər XX əsrin ən görkəmli skandallarından biri idi. Bu yaxınlarda Şahzadə Harri ilə baş verənləri də xatırlamaq kifayətdir.

Ancaq nə qədər məşhur və göz önündə olsalar belə hakim sülalənin dəhşətli bir sirri var, onlar bu haqda ucadan danışırlar. Kraliçanın həyatından bəhs edən Netflix serialı “Taxt-taç” (Crown)  belə məsələyə xala, xətrin qalmasın deyə toxunur. Halbuki Kraliça II Elizabet məhz bu sirr səbəbindən taxta çıxmaq imkanı qazanmışdı. 

Əhvalata 1910-cu ildən başlayaq. Bu ildə İngiltərə taxtına V Corc oturdu. Onun hakimiyyəti 1936-cı ilə qədər davam etdi. V Corcun vəliəhdi ənənələrə uyğun olaraq böyük oğlu  Edvard idi. Bu Edvard kraliça II Elizabetin əmisi idi. Edvarddan sonra da taxta onun oğlu çıxmalı idi. II Elizabet taxt üçün hazırlanmamışdı. Heç kim də onun taxta çıxacağını gözləmirdi.

Edvard 1936-cı ilin yanvar ayında taxta çıxdı. Ancaq onun səltənəti heç bir il də çəkmədi. Elə həmin ilin dekabr ayında Edvard taxt-tacdan imtina etdiyi ilə bağlı sənəd imzaladı. Elə o gün də ölkəni tərk etdi. Əslində isə Edvard əleyhinə olan proseslər o hələ taxta çıxmamışdan başlamışdı.

Kralın imtina sənədində bir cümlə vardı: “Sevdiyim qadının köməyi və dəstəyi olmadan kral vəzifələrini icra edə bilmərəm”. Belə ki, Edvard Simpson soyadlı amerikan qadınla evlənmək istəyirdi. Qadın isə boşanmışdı və əri hələ həyatda idi. İngiltərənin kilsə qanunlarına görə boşanmış bir qadının əri həyatdadırsa, onunla evlənmək olmazdı. Siyasətçilər də bu nikaha qarşı idilər. Bəli, belə bir məsələ vardı, rəsmi sənəddə də bu məsələ göstərilmişdi, ancaq əsl səbəb başqa idi. 

İndinin özündə də Edvardın sevgisinə görə taxtdan imtina etdiyi barədə lirik-sentimental fikirlər səsləndirilir, Edvarda Məcnun, Fərhad, Kərəm, Novruz (“Novruz və Qəndab” dastanındakı Novruz – red.) kimi baxılır. Halbuki əsl səbəb Edvardın nasizmə olan rəğbəti idi. Məhz bu cəhətdən o ailəsinin və dövlət rəsmilərinin təzyiqi ilə taxtdan imtina etməyə məcbur edilmişdi.

İngilis kəşfiyyatı kralın gələcək həyat yoldaşı Simpsonu çoxdan izləyirdi. Simpsonun bir avtomobil alverçisi ilə münasibətinin olduğu aşkara da çıxarılmışdı. Ancaq bu nə idi ki? Molotov-Ribbentrop paktını və ya rəsmi adı ilə Almaniya və Sovet İttifaqı arasında hücum etməmə müqaviləsini xatırlayırsınızmı? Bu paktı imzalayan Ribbentrop həmin dövrdə Almaniyanın İngiltərədəki səfiri idi və Simpsonun onunla da intim münasibəti vardı. Simpson sarayda danışılan hər şeyi Edvarddan öyrənib ona çatdırırdı. Bu məsələ də aşkara çıxdıqdan sonra hökumətin və ailənin təzyiqi ilə taxtdan imtina edərək xaricə getdi. Simpsonla da xaricdə evləndi. 

Ancaq onun faşizm sevgisi heç də sönmədi. 1937-ci ildə həyat yoldaşı ilə birgə Hitleri ziyarət edərək ona sevgisini göstərdi. Ancaq heç də hər şey bu qədər məsumca deyildi. Hitleri İngiltərəni bombalamağa təşviq edən də o idi. Hitlerin qələbə çaldığı təqdirdə yenidən taxta oturacağını düşünürdü. Çörçill onu Avropadan uzaqlaşdırmaq üçün Bahama adalarına qubernator təyin etdi. Ancaq yenə də onun nasistlərlə əlaqəsi bitməmişdi.

Bu ilin mart ayında Kral arxivinin və ələ keçirilən alman sənədlərinin əsasında “VIII Edvard: Britaniyanın xain kralı”  adlı sənədli film ekranlara çıxmışdı. 

Bir sözlə, həyat düşündüyümüz qədər romantik deyil…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir