Cəmiyyət

Ölkədə yanğınların miqyası genişlənir – ƏHALİYƏ XƏBƏRDARLIQ + FOTO/VİDEO

Sharing is caring!

Artıq bir neçə gündür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğınlar başlayıb. Bu gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Başdaşağıl kəndləri istiqamətində də yanğınlar başlayıb və söndürülməsi üçün üç helikopter cəlb edilib. 

Ərazilər çətin relyefə malik olduğu üçün yanğınların qısa zamanda söndürülməsi mümkün olmur. 

Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan sakinlər baş verən yanğından narahat olduqlarını və nə edəcəklərini bilmirlər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təbiət ərazilərində baş verən son yanğın hadisələrindən narahat olmamaq mümkün deyil:

“Bu, bir fəlakətdir və hər birimizə toxunur. İstər biçənək ərazilərində, istər bələdiyyə torpaqlarındakı yaşıllıqlarda, istərsə də meşə sahələrində baş verən yanğınların söndürülməsinə bütün əməkdaşlarımız səfərbər olunurlar”. 

O, təbiət ərazilərində yanğınların baş verməməsi üçün vətəndaşlarımızı maksimum ehtiyatlı olmağa çağırıb:

“Sonradan heyifsilənməmək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmamaq üçün hər kəs yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli, odla ehtiyatlı davranmalı, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamalıdır. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb olur”.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və aviasiya dəstəsinin üç ədəd helikopteri, ETSN-in Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, polis və yerli sakinlər iştirak edirlər.

ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, avqustun 29-dan Zaqatalanın Yuxarı Tala meşə zonasında yanğın başlayıb:

“Bugünkü vəziyyətdə yanğın lokallaşdırılıb, amma tüstülənmə nöqtələri qalıb. Yanğının baş verdiyi ərazi çətin relyefə malikdir və söndürülməsində insan əməyi, helikopterdən istifadə edilir. Qeyd edim ki, avqust ayında 570 hektar meşə ərazisi yanıb və başvermə səbəblərini təhlil edən zaman bir sıra faktorlar ortaya çıxır. Əsas səbəb isə insan faktorudur”.

“Meşə əraziləri elədir ki, aşağı hissəsində kəndlər, pay torpaqları yerləşir. Havaların isti keçməsi ilə bağlı istirahətə gələnlər tonqal yandırırlar. Tam sönməyən tonqal ərazidə yanğının başlamasına səbəb olur. Nəticədə yanğınların qarşısının alınmasında ciddi çətinliklər yaranır”, – deyə o əlavə edib.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə saytımıza açıqlamasında qeyd edib ki, baş verən meşə yanğınlarının səbəbləri təbii və antropogen mənşəli olur:

“Azərbaycanda da meşə yanğınlarının insanın iştirakı olmadan baş verməsi, demək olar ki, mümkün deyil. Aparılan araşdırmalar göstərir ki, bizim ərazidə potensial təbii mənbə olan ildırım əksər hallarda leysan yağışla müşayiət edildiyindən yanğının yayılması imkanı məhduddur. Məsələn, bu ilin iyun ayında orta hesabla doqquz gün, iyulda beş gün, avqustda isə daha az, cəmi üç gün şimşək çaxıb və əsasən də yağışla müşayiət olunub.

Digər potensial təbii mənbələrdən biri palçıq vulkanlarının nadir hallarda güclü püskürməsidir, lakin ölkəmiz yarımsəhra, quru çöl zonasında yerləşdiyindən bu hal da yanğına səbəb olmur. Torflu sahələrə gəldikdə isə Azərbaycanda belə ərazilər olmadığı üçün digər ölkələrdə olduğu kimi, istilər nəticəsində öz-özündən alışma halları müşahidə edilmir. Beləliklə, ölkəmizdə baş verən yanğınların əsas səbəbi insan faktoru, adamların ehtiyatsız davranışı və təsərrüfat fəaliyyəti ilə bağlıdır”.

“Təbii amillər Azərbaycanda meşə yanğınlarının səbəbi olmasa da, baş vermiş yanğının daha geniş ərazini əhatə etməsinə meteoroloji amillər təsir göstərir. Belə ki, davamlı istilər, yağmurlu günlərin az olması, quru isti küləklərin üstünlüyü, yer səthinin rütubət çatışmazlığı quraqlığın daha uzunmüddətli olduğu halda yaranan lokal yanğın mənbələrinin daha şiddətli olmasına və geniş ərazilərə yayılmasına səbəb olur.

Bu ilin iyun-iyul aylarından fərqli olaraq, avqust ayı quru isti küləklərin üstünlüyü, quraq və çox isti hava şəraiti ilə səciyyələnib. Həmçinin meşə yanğınlarının sayı və əhatə sahəsi avqust ayında daha çox olub. Meteoroloji müşahidələrin təhlili göstərir ki, meşə yanğınları olan bölgələrdə yağmurlu günlərin sayı iyunda 14 gündən 21 günədək, iyulda 12 günədək, avqust ayında isə cəmi 6-7 gün olub, bu da digər meteoroloji amillərlə yanaşı, prosesə öz təsirini göstərib.

Belə ki, Qubada iyunun 20-də baş verən yanğın 1 hektar, 11 iyulda 9,4 hektar sahəni əhatə etmişdisə, avqustun 15-də bir mənbədə baş vermiş yanğın üç gün davam edərək 296 hektar ərazini əhatə edib. Oxşar tendensiya digər rayonlarda da izlənilib”, – deyə xidmət rəisi qeyd edib.  

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir