Cəmiyyət

“Location” gecə klubunda xəsarət alan əcnəbi rəqqasə məhkəmədə “MedEra” hospitalı ittiham edib – FOTO

Sharing is caring!

Bakıda “Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən bugünkü iclasda zərərçəkmiş qismində tanımamış Nigeriya vətəndaşı Momodu Fatimah Semira dindirilib.

Fatimah Semira hadisə baş verən gün əylənmək məqsədilə klubda gəlib. Hadisə nəticəsində ağır bədən xəsarətləri alıb. İki dəfə əməliyyat keçirsə də, bu günə qədər əllərini hərəkət etdirə bilməyən zərərçəkmiş ifadəsində müalicə olunduğu “MedEra” hospitaldan şikayətçi olduğunu bildirib. Zərərçəkmiş “MedEra” hospitalında onu yaxşı müalicə etmədiklərini deyib: “Əllərim hələ də işləmir, ayaqlarım zədəlidir. Mənə ağrıkəsici verib saxlayırdılar. Xəsarət alanlardan ən çox mənə pul xərclənib deyirlər, amma nəticə göz qabağındadır. Məni yersiz manikür edir, süni qaş qoyurdular”.

Təqsirləndirilən Orxan Səfərovun vəkili də “MedEra” hospitaldan narazı qaldığını deyib.

Vəkil hospitalın prokurorluq və digər vasitələrlə onları şantaj edib pul tələb etdiklərini deyib: “Fatimah Semirahın müalicəsi üçün bu günə qədər 58 min manat xərcləmişik. “MedEra”da 21 min manat pul xərclədikdən sonra bir nəticə olmadığı üçün zərərçəkmişi başqa klinikaya apardıq. Zərərçəkmiş hazırda reabilitasiyadadır, həkimlərin dediyinə görə, əlləri tədricən hərəkət edəcək”.

Fatimah Semirah ifadəsinin sonunda müalicəsi tam başa çatandan sonra Nigeriyaya biletlə təmin olunmasını tələb edib.

Daha sonra məhkəməyə sədrlik edən hakim Faiq Qəniyev məhkəməyə gəlməkdən imtina edən zərərçəkmiş şəxslərin ərizələrini elan edib.

Bloqer Aysel Şükürova və digər bir neçə zərərçəkmiş şəxs ərizələrində heç bir şikayətlərinin olmadığını bildirərək məhkəməyə gəlmək istəmədiklərini deyiblər.

Proses sentyabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.

İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir