Cəmiyyət

“O rahatlığı Şuşada tapdım” – Kanadanın ən yaxşı müəlliminin Oxu.Az-a MÜSAHİBƏSİ

Sharing is caring!

“Xaricdə yaşayan uşaqları davamçılarımız olaraq böyütməli, Vətənə bağlamalıyıq”.

Bunu Oxu.Az-a Kanadada ilin ən yaxşı müəllimi mükafatına layiq görülən Yeganə Cəfərova deyib.

Müsahibəni təqdim edirik:

– Yeganə xanım, necə oldu ki, Kanadaya getmək qərarı aldınız?

– On doqquz ildən çoxdur ki, Kanadada yaşayıram. Kanadaya gəlişimizin səbəbi yoldaşımın işi ilə bağlı oldu. Yoldaşım qida sənayesi mühəndisi idi. O, həmişə başqa ölkələrə iş üçün müraciət edirdi. Təsadüf belə gətirdi ki, yoldaşımı Kanadada mühəndis kimi qəbul etdilər. Bu səbəbdən Kanadaya üz tutmalı olduq. Yoldaşım işə qəbul olmasaydı, biz burada olmazdıq. 2003-cu ilin mart ayının 20-də Kanadaya gəldik.

İllər ötüb. Azərbaycanı çox sevirəm. Azərbaycanla nəfəs alıram. Burada da azərbaycançılığı hərtərəfli inkişaf etdirirəm. Artıq on altı ildir ki, Azərbaycan dilini tədris edirəm. Kanadanın Toronto şəhərində təhsil mərkəzində xarici dillər bölməsinin Azərbaycan dili müəllimiyəm. 2007-ci ilin martın 2-dən bu sinifdə Azərbaycan dilini tədris edirəm.

Sizin müəllim olmaq istəyiniz haradan qaynaqlanıb?

 – Uşaq olandan özümdən balacaları yığıb, onlara nağıllar, hekayələr danışırdım. Uşaqlarla ünsiyyətim əla alınırdı. Hər zaman ətrafımda uşaqlar olardı. Hətta çox aqressiv uşaqlar belə, mənim yanımda sakit dururdular. Anam 47 il ibtidai sinif müəllimi olub. Müəllim olmaq arzusu ailədən irəli gəlib. Əslində dil-ədəbiyyat müəllimi olmaq istəyirdim, təsadüf elə gətirdi ki, Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat-informatika fakültəsini oxudum. 1988-ci ildə ali məktəbi bitirdim. 1990-cı ildən artıq uşaq bağçasında işləyirdim. On il orada fəaliyyət göstərdim. Sonra Kanadaya üz tutdum. Kanadada imtahandan keçdikdən sonra mənə uşaq bağçalarında işləmək icazəsi verildi. Burada özləri mənim diplomumu təsdiq etdilər. Artıq uşaqlarla işləməyə icazə aldım. Bütün fənlər üzrə kollecdəki müəllimlərə mühazirələr deyirəm. Başqa fakültələrdə də ingilis dilindən dərs deyirəm. Bir sözlə, arzum Kanadada reallaşdı.

– Bir neçə ildir ki, davamlı olaraq ilin ən yaxşı müəllimi mükafatına layiq görülürsünüz. Təəssüratınızı bizimlə bölüşə bilərsinizmi?

Burada ümumi uşaq bağçaları var. Bir də Kanadanın uşaq bağçalarının qanunları ev bağçaları üzərində qurulub. Evdə sən qanuni olaraq bir biznes aça bilərsən. Mən ev bağçası açmaq qərarı aldım. Şəhər sovetinin nəzdində, ona tabe olan ev bağçası açdım. 10 il müxtəlif uşaqlarla çalışdım. Qüsurlu uşaqlarla belə işlədim. Başa düşdüm ki, valideynlər və tələbələr uşaqları düzgün anlamırlar. O səbəbdən qərara aldım ki, mən bunu etməliyəm. Bu sahəni araşdırdım. Çox şanslı oldum ki, birinci olaraq kollec işə qəbul etdi. Əslində, bütün fənlərdən müəllim köməkçilərinə dərs deyib, 12 fəndən mühazirələr oxuyub, tələbələr hazırlayaram.

Özündə 500-dən çox kolleci birləşdirən Kolleclər Assosiasiyası 2017-ci ildə məni ən yaxşı müəllim mükafatına layiq gördü. Kollecin özü ən yaxşı müəllimin adlarını göndərir. Yalnız yeddi kollecdən namizədlər seçilmişdi ki, bu müəllimlərdən biri də mən oldum. Yeddi nəfər ilin ən yaxşı müəllimi adına layiq görüldü. 2018-2019-cu illərdə də davamlı olaraq bu mükafata layiq görüldüm.

Pandemiyadan sonra biz ilk dəfə buraxılış günü keçirirdik. 2020-2021-2022-ci ilin buraxılışları hamısı birlikdə idi. Bizim bir azərbaycanlı tələbəmiz ilin ən yaxşı tələbəsi mükafatına layiq görüldü.

Tələbələrə yalnız mühazirələr oxumuruq. Onları iş həyatına hazırlayırıq. Bir professorun tələbəsi oxuyub-bitirirsə, biliklərə yiyələnirsə, işlə təmin olunursa, deməli, sən yaxşı müəllimsən. Tələbələr iki ay təcrübədə iştirak edirlər. Elə olur ki, artıq tələbə tələbə kimi yox, bir işçi kimi fəaliyyətini davam etdirir. Mənim tələbələrim 100 faiz işlə təmin olunurlar. Bu da nəinki kollecdə, hətta sənayedə dövlətə kömək etməkdir. Bu, dövlətin, sənayenin inkişafına bağlanır. Buna görə mən ən yaxşı müəllim mükafatına layiq görülmüşəm.

– Əslən şuşalısınız, bir qarabağlı olaraq uşaqlara tariximizdən bəhs etmisinizmi?

– Bəli, mən əslən şuşalı, qarabağlıyam. Ulu babalarım Qarabağın bütün torpaqlarında yaşayıblar. O torpaqlara mən 18 yaşıma qədər hər il getmişəm. Qarış-qarış gəzmişəm. Uşaqlara tariximizdən çox bəhs etmişəm. Bizim əksər tələbələrimiz valideynləri ilə birlikdə Azərbaycanda oldular. Azərbaycanı çox sevirlər. Hər il Xocalı soyqırımının ildönümünü qeyd edirik.

– Nə zamansa müəllimlikdən imtina edə bilərsinizmi?

– Öyrətməyi, biliklərimi insanlara çatdırmağı çox sevirəm. Bir müəllim olaraq hələ ki yorulmuram, yorulan zaman dayandırmaq istəyərəm. Mən özüm kimi müəllimlər yetişdirmək istəyərəm ki, onlar mənim davamçılarım olsunlar. İşləmək həvəsim var.

– Vətən müharibəsi xatirənizdə necə qalıb?

– Vətən müharibəsi dövründə əsgərlərimizlə irəlilədim. Qarabağı qarış-qarış gəzdiyimiz üçün artıq hər dağda, daşda əsgərlərimizin irəliləməsini ruhən duyurdum. Vətən müharibəsi başladığı gündən sosial şəbəkələrdə aktiv fəaliyyət göstərdim. Müharibə dövründən danışanda çaşıb qalıram. O həyəcanı yenidən yaşayıram. Qarabağın azad olunmasına çox sevinirdik, şəhidlərimizə görə isə məyus olurduq. Kanada rəsmilərini Azərbaycanın səsini dinləməyə məcbur etdik. Biz 2020-ci ilin dekabr ayında separatçılarla bağlı sanksiyanı ləğv elətdirdik. Hər bir parlament üzvünə, senata məktublar yazırdıq.

– Doğma ata-baba yurdunuz olan Şuşaya səfər etmisinizmi?

– Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı idim. Şanslıyam ki, Şuşaya yolum düşdü. Uşaqlıqda hər gün oynadığımız gül bağını axtarırdım. “Qarabağ” hotelinin qarşısında olan bağ həmin bağ idi. Bunu mənə deyəndə çox sevindim. Şuşaya daxil olanda özümü rahat hiss edirdim. Elə bil ki, evimizə geri döndüm. Sözlə ifadə etmək olmaz. Nə qədər yorğun olsan da, evə gələndə insan rahatlıq tapır. Mən o rahatlığı tapdım. Parkı görəndə öz-özümə dedim ki, bu həmin bağdır. Həqiqətən də, elə imiş.

– Azərbaycana dönməyi düşünürsünüzmü?

– Azərbaycana dönmək istəyərəm. Çünki Vətənimi çox sevirəm. Azərbaycana çox bağlıyam. Evimin bir otağında ancaq Azərbaycana aid milli geyimlər var. Mən sanki Azərbaycanda yaşayıram. Azərbaycanı təmsil etdiyim üçün çox xoşbəxtəm. Azərbaycan rəqslərini xarici tələbələrimə öyrədib, milli adət-ənənələri aşılayıram. Həmişə Azərbaycana can atıram. Ümid edirəm ki, bir gün buradakı işlərim dayanarsa, Azərbaycana dönərəm. Dönməyimə çox xoşbəxt olaram. Qarabağın quruculuq işlərində də rolumun olmasını istərdim. Qarabağda xaricdə doğulan azərbaycanlı uşaqlar üçün məktəb açılmasını istərdim. Sırf uşaqların Vətənə bağlı böyüməsi üçün arzulayıram.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir