Cəmiyyət

Mənzili qaz sızmasına qurban gedən, “üzdürülən” qonşular: Kompensasiyanı kimdən almalı? – FOTO

Sharing is caring!

“Ehtiyatsızlıqdan baş verən istənilən hadisəyə cinayət işi açılır. Hadisə cinayətin tərkibinə daxil olur, ağırlığı və ya yüngüllüyü müəyyən edilir. Bu məsuliyyətsizliyi edəni hətta həbs cəzası da gözləyə bilər”.

Bunu ehtiyatsızlıqdan yaranan hadisələrdə məsuliyyət yükü, kompensasiyalarla  bağlı Oxu.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Xatırladaq ki, ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış qeydə alınıb. İlkin ehtimala görə, hadisə binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan dörd nəfər xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev hadisədən sonra verdiyi açıqlamasında qeyd edib ki, ilkin məlumata görə, hadisə evdə işləyən ustaların mənzildən çıxanda qazı açıq qoyub getmələri səbəbindən baş verib.

Bəs görəsən, əməlləri sübuta yetiriləcəyi təqdirdə həmin ustalardan da kompensasiya tutula bilərmi? Ümumiyyətlə, qaz partlayışı, su axıdılması zamanı zərərçəkənlərə, qonşulara dəyən ziyanı kim ödəməlidir?

Ekspertin sözlərinə görə, qaz sızma ehtimalı varsa, orada xüsusi cihazlar yerləşdirilməlidir:

“Harada qaz sızma ehtimalı olursa, orada xüsusi cihazlar yerləşdirilməlidir. Qaz sızması olanda həmin cihazlar işə düşür və qaz axınını dayandırır. Bu gün, demək olar ki, əksər evlərdə bu cihazlar quraşdırılır. Əslində, onlar bütün mənzillərdə quraşdırılmalıdır.

Təzə tikililərdə qaz çəkilişi zamanı həmin cihazları quraşdırırlar. Amma köhnələrdə olmur. Unudurlar. Qaz harada istifadə olunursa, orada həmin cihazlar mütləq olmalıdır”.

Hüquqşünas Fərhad Mehdiyev əlavə edib ki, ehtiyatsızlıq olsa belə, ustalar məsuliyyət daşıyırlar:

“Burada məsuliyyəti onları işlədən şəxslərə də yönləndirmək olar. Onları işlədən şəxs qeyri-rəsmi olaraq işlədir, işəgötürən qismində deyil. Ustalar hər hansı bir yerə bağlı olmadan, heç VÖEN-ləri olmadan, günəmuzd işləyirlər. Buna görə də şəxsən özləri məsuliyyət daşıyırlar. Ehtiyatsızlıqdan yaranmış məsuliyyət var. Qəsdən etmiş olsalar, cinayət hesab olunacaq”.

F.Mehdiyev qeyd edib ki, dağıntı nəticəsində hər hansı bir şəxsin sağlamlığına ziyan dəyməyibsə, o zaman təqsirkar mülki məsuliyyət daşıyacaq:

“Hüquqi qaydada məhkəməyə versələr, onlardan o zaman kompensasiya tutulacaq. Məhkəmə qərarlarının icra problemləri olur. Şəxsin adına maşın, mülk varsa, onlara həbs qoydurub, pulu oradan çıxmaq daha rahat olar. Daimi iş yeri varsa, maaşından çıxılır. Yoxdursa, iş daha da çətinləşir”.

Fərhad Mehdiyevin sözlərinə görə, qaz partlaması və su axıdılması zamanı hüquqi cəhətdən kompensasiyanı suyu axıdan, qazın partlamasına səbəb olan ödəməlidir:

“Tutaq ki, uşaq suyu axıdıbsa, dəyən zərəri valideyni qarşılayacaq. Çünki uşaq yetkinlik yaşına çatmayıb. Nəzarət öhdəliyi valideyndədir. Ev sığorta olunubsa belə, o, tamamən zərərçəkmiş şəxslərin seçiminə bağlı olan məsələdir. Sığorta əlavə təminatdır. Avtomobillərin sığortası da eyni məqsəd daşıyır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir