Cəmiyyət

Bulvarda bir ildir bağlanan tennis kortu niyə işləmir? – AÇIQLAMA + FOTO

Sharing is caring!

İsti yay günlərində insanlar hər gün istirahət etmək istəyirlər. İstirahətin isə müxtəlif növləri var. Vətəndaşlar daha çox günün birinci yarısı çimərliklərə, ikinci yarısı isə şəhərin mərkəzinə üz tuturlar.

Bakının ən gözəl məkanlarından olan Dənizkənarı Bulvarda gəzinti ilə yanaşı, istirahət üçün də bir sıra məkanlar var. Onlardan biri də gözümüzün gördüyü, amma əlimizin çatmadığı tennis kortudur.

Kukla Teatrının yaxınlığında yerləşən tennis kortu artıq uzun müddətdir ki, təmirə bağlanıb. Lakin təmir-bərpa işləri harada, necə gedir – onu görmək olmur.

Ətrafdan keçən insanlar da bizim kimi tennis kortunun nə zaman açılacağı ilə maraqlanırdılar.

Türkiyədən gəldiyini deyən turist bildirib ki, bu kimi təmirlərin mövsüm vaxtı aparılması uğursuzdur:

“İnsanlar yay vaxtı həm dincəlmək, həm də idman etmək istəyirlər. Tennis ən gözəl və rahat istirahət növüdür. Çox təəssüf ki, hazırda bu gün tennis kortuna girişə icazə vermirlər”.

Tennis kortunun daxilində bir neçə nəfər olsa da, suallarımıza cavab verməkdən imtina etdilər. 

Uşaqdan-böyüyə hər kəsə maraqlı olan tennis kortunun təmir-bərpa işləri nə zaman yekunlaşacaq?

Ərazidən uzaqlaşarkən bir nəfər əməkdaşın tennis kortuna daxil olduğunu gördük. Maraq üçün ondan da tennis kortunun nə zaman istifadəyə veriləcəyini soruşduq.

Əməkdaş bildirdi ki, ərazidə təmir işləri gedir, burada fitnes-klub istifadəyə veriləcək:

“Hazırda tennis kortu işləmir. Orada təmir işləri aparılacaq. Lakin içərisində yenilik olacaq. Bu binada fitnes-klub istifadəyə veriləcək. Açılışın sentyabr ayının sonlarına doğru baş tutması gözlənilir. Tennis kortunun nə zaman istifadəyə veriləcəyini isə bilmirik”.

Suallarımıza, bəlkə, Dənizkənarı Bulvar İdarəsi cavab verər deyib, sorğu ünvanladıq.

İdarənin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Dənizkənarı Bulvar ərazisində yerləşən tennis kortunun təmir-tikinti işləri artıq tamamlanmaq üzrədir:

“Hazırda mərkəzə yeni avadanlıqların alınması ilə bağlı işlər aparılır”.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin “Iam Construction” şirkəti ilə müqavilə bağladığı ilə bağlı məlumat paylaşılmışdı. Müqavilədə Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən tennis kortu binasının yenidənqurma və gücləndirmə işlərinin satın alınması nəzərdə tutulur. Bütün bu işlərin ümumi məbləği isə 239 130 manat təşkil edəcək.

Könül Cəfərli
Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir