Cəmiyyət

Daha hansı qurumlarda təmizləməyə ehtiyac var? – Deputatların rəyi + FOTO

Sharing is caring!

“Mənim əlimdə fakt yoxdursa, hansısa idarədə korrupsiyanın olduğunu deyə bilmərəm. Çünki haqsız danışmaq olmaz”. 

Bunu Dövlət Gömrük Komitəsindəki təmizləmə əməliyyatlarından sonra daha hansı sahələrdə buna ehtiyac olduğu barədə Oxu.Az-a danışan Milli Məclisin deputatı Aqil Abbas deyib. O qeyd edib ki, bu məsələni hökumət daha yaxşı bilir:

“Düzü, bilmirəm, nə təhər islahat gedir. Məsələn, təhsildə də islahat getdiyi deyilir, amma elə yerində sayır. O cümlədən mədəniyyətdə və ya digər sahələrdə islahat aparıldığını deyirlər, amma hələ heç nə görmürük. Lakin müəyyən sahələrdə islahat var, məsələn, tibdə bunu görürük. Həmçinin Gənclər və İdman Nazirliyində islahat gedir, amma nəticələrindən xəbərimiz yoxdur”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc isə islahatların kifayət qədər effektiv olduğunu diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin 2019-cu ildən bütövlükdə hakimiyyət qollarını əhatə edən genişmiqyaslı islahatları dövlət idarəçiliyi üçün yeni bir mərhələ sayıla bilər. Biz nəzərə almalıyıq ki, bu, institusional tədbirlərdir, yalnız bir strukturda hansısa dəyişiklik etməklə məhdudlaşmır. Buradakı məqsəd bütün hakimiyyət qollarının xalq qarşısında məsuliyyətini artırmaq, hesabatlılıq və şəffaflığı, korrupsiyaya qarşı mübarizəni təmin etməkdir. 

Prezident bu mərhələyə qədər öz komanda üzvlərindən bu və ya digər zərbələr almışdı. Nəticədə onların qanunsuz fəaliyyətlərinin qarşısını almaq üçün sərt tədbirlərə getməli oldu. İcra hakimiyyəti rəhbərlərinin, hökumət sistemindəki şəxslərin ən sərt şəkildə cəzalandırılması həyata keçirildi. Ölkə rəhbərinin o dövrdəki mesajları beləydi ki, biznes sahibkarlıq sisteminə kənar müdaxilələrin qarşısı alınmalıdır, məmur-burjuaziya fəaliyyəti olmamalıdır. Çünki bu, büdcə vəsaitlərinin ünvansız xərclənmələrinə, bir sıra hallarda talanmasına gətirib çıxarır”.

Zahid Oruc hesab edir ki, üç ildə görülən tədbirlər İlham Əliyevin yeni hakimiyyət quruculuğu siyasətidir:

“Prezident ilk növbədə iqtisadi və sosialyönümlü kütləvi xidmət sahələrində mühüm addımlar atdı. Tədbirlərin ana xəttini isə Azərbaycan xalqına xidmət təşkil edir. Bu gün altı-yeddi milyard vəsait təşkil edən dövlət satınalmalarının hamısı tenderler, təkliflər sorğusu vasitəsilə reallaşdırılır. Son addımlarda isə hüquqi prinsiplərin bərqərar olması məqsədini görməkdəyik.

Prezident ölkədəki həssas problemlər barədə məlumat alır, media məkanı onun üçün alternativ informasiya mənbələrindən biridir. Ona görə də hansı sahədə nəyə ehtiyac olduğunu yaxşı bilir.

Hansı qurumlarda islahata ehtiyac olduğu bizim tərəfimizdən təqdim olunan müxtəlif təhqiqatlarda da yer alır. Bunları indi sıralamaq sanki dövlətə hansı sahələrdə addımlar atılması istəyini göstərmək kimi çıxır. Biz mərkəz tərəfindən hazırlanmış xidməti istifadə üçün qapalı dövlət sənədlərinin əksəriyyətində problemli sahələri hər zaman vurğulayırıq”. 

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir