Cəmiyyət

Son 6 ayda Azərbaycanda ciddi
iqtisadi nailiyyətlər əldə edilib

Sharing is caring!


Bu gün bütün dünyada bu və ya digər səbəblərdən iqtisadi geriləmə baş verdiyi halda Azərbaycan haqqında bu fikirləri səsləndirmək olmaz. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar, həyata keçirilən layihələr, ölkəmizdə etibarlı investisiya mühitinin yaradılması, xarici siyasətdə çevik və balanslı siyasətin yürüdülməsi bizə imkan verir ki, inkişafımızda dinamizmi təmin edək, yeni-yeni uğurlar qazanaq. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Təbii ki, burada həyata keçirilən meqalayihələrə böyük maliyyə vəsait lazımdır. Bütün bu vəsait Azərbaycanın öz hesabına edilir. Bu barədə Prezidentimiz 6 ayın yekunlarına həsr olunmuş müşavirədə də fikirlərini bildirdi. Qeyd etdi ki, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın.
Əldə edilən iqtisadi uğurlar insanların social durumuna da təsir edib. Prezidentin də müşavirədə qeyd etdiyi kimi, son müddət ərzində əməkhaqları artıb. Orta əməkhaqqı 14 faiz, pensiyalar 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi isə dövlət büdcəsidir. O büdcədən biz ordumuzu gücləndiririk, sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq. Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. Beynəlxalq müstəvidə əldə edilən iqtisadi və siyasi müstəqillik sayəsində heç bir ölkədən, yaxud beynəlxalq maliyyə qurumlarından asılı deyilik. İqtisadi sahədə aparılan islahatlar imkan verib ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılsın. Bu da şəffaflıq, dürüstlük, hesabatlılıq sayəsində əldə edilib. Bu ilin 6 ayında iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Bu da imkan verir ki, maaşlar, pensiyalar artsın. Qeyri-neft-qaz məhsullarının ixracının 60 %-ni sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 % artıb. Bu da sənaye potensialının artırılması ilə birbaşa bağlıdır. Bu nailiyyətlərin əldə olunmasında əsas amil, əlbəttə Cənab Prezidentin rəhbərliyi ilə iqtisadi islahatların real nəticələr verməsidir. Dünyada baş verən iqtisadi axsamalara baxmayaraq bu ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb. Bir sözlə, son 6 ayda Azərbaycanda ciddi iqtisadi nailiyyətlər əldə edilib.

Aydın Hüseynov, jurnalist, “Yeni gün” qəzetinin redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir