Cəmiyyət

Gender məsələsi qadın ekspertlərin gözü ilə: “Qadın və kişi bərabərliyi yoxdur” – ARAŞDIRMA + FOTO

Sharing is caring!

Bu ilin altı ayı ərzində “860” Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 125 müraciət daxil olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şikayətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub və 125 qadının 79-u partnyoru tərəfindən zorakılığa məruz qalıb.

Gender məsələləri daim gündəmdə olan və statistikadan da görünür ki, heç zaman əriyib yox olmayacaq bir problemdir. Bundan çıxış yolu varmı? Ümumiyyətlə, qadın və kişi bərabərliyi mümkündürmü?

Psixoloq Vəfa Rəşidova Oxu.Az-a açıqlamasında deyib ki, zamanənin qadınları kişi ilə bərabərliyi yanlış anlayırlar:

“O demək deyil ki, sən kişi kimi qollarını çırmalayıb, kişi ilə meydana atlayasan. Müəyyən kriteriyalar var ki, o məqamları gözləmək lazımdır. Bir kişi qadının üzərində hegemonluq edib, məhdudiyyət qoyan zaman belə, qadının fikrini önəmsəməlidir. Bu, qarşılıqlı hörmətə bağlıdır.

Lakin dominant şəkildə “sən bunu etməyəcəksən”, “edə bilməzsən” kimi düşüncələr ortaya çıxır. Bu, son illərin artıq probleminə çevrilib. Kişilər bəzən vəziyyətdən sui-istifadə edirlər. Hörmət olmalıdır ki, sabah qadın kişiyə deməsin ki, mən də səninlə bərabərəm”.

Psixoloq qeyd edib ki, kişinin qadına qadağa qoyması onun özünə inamının olmamasının sübutudur:

“Bu, artıq kişilərdə psixoloji sarsıntıdır. Kişi qadına bunları tətbiq etdikcə özünü tamlaşmış, bütöv hiss edir. Ailədə özünü başçı kimi ifadə edir. Belələri həyatda çox vaxt uğur qazana, istədiyi həyatı yaşaya bilməyən insanlardır. Qadınlar da bunu səhv salmamalı, hədlərini aşmamalıdırlar. Hər şey bir çərçivə içərisində olmalıdır”.

V.Rəşidova feministlər barədə heç də yaxşı fikirdə deyil:

“Feministlər hədlərini aşmış insanlardır. Çünki kriteriyalar var. Bunları gözdən keçirmədən birbaşa meydana atılırlar ki, “biz kişi ilə eyniyik”. Eyni ola bilərsən. Lakin baxır harada. Hüdudlar var.

Bunun kökü ailədaxili münaqişələrdən gəlir. Qarşılıqlı hörmət yoxdur. Ailə eyni, bərabər olmalıdır. Ananın, atanın istəkləri qarşılanmalı, hörmət qoyulmalıdır. Humansit şəkildə ailə qurularsa, feminist düşüncələr olmaz. İndi qadınların əksəriyyəti feministləşib. Çox təəssüf edirəm. Orada artıq qadınlıqdan söhbət gedə bilməz. Hədlərini qorumalıdırlar. Qorunmayanda bu cür problemlər yaranır”.

Hüquq müadafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, qadınlarımız kişilərlə bərabər olmaq üçün iqtisadi cəhətdən sərbəstlik əldə etməlidirlər:

“Qadınlar öz müqəddəratını qorumalıdırlar. Elə ailələr var ki, kişi qadınının irəli getməsinə köməklik edir. Lakin qarşı çıxanlar çoxluq təşkil edir. Cəmiyyət də başa düşməlidir ki, qadın öndə gedən bir insandır. Bu səbəbdən qadınları irəli çəkmək lazımdır”.

N.Cəfəroğlu qadın və kişi bərabərliyinin olmadığını söyləyib:

“Qanunda qadın və kişinin hüquq və azadlıqları bərabərdir. Lakin real həyatda elə deyil. Qadın və kişi bərabərliyi yoxdur”.

Sosioloq Lalə Mehralı qadın və kişi hüquqlarının bərabərsizliyi qənaətinin doğru olmadığını söyləyib:

“Bu gün məktəblərdə qadın hegemonluğunun şahidi oluruq. Kişi müəllimlər, demək olar ki, yox dərəcəsindədirlər. Tibb sahəsində də belədir. Əksəriyyət qadınlardır. Qadın-kişi bərabərliyi uğrunda nə qədər ucuz mübarizə aparırıqsa, o qədər də məğlub oluruq”.

L.Mehralı kişilərin reaksiya müddətinin, fikir istehsal etmək qabiliyyətlərinin qadınlara nisbətən daha çevik olduğunu deyib:

“Tarix boyu qadınlar həmişə kişilərin köməyinə ehtiyac duyublar. Bu, fiziki əməkdə belədir. Bərabərliyi bütün hallarda əməl edəcəyin təqdirdə tələb etmək lazımdır. Əgər özünə sərf edən vəziyyətlərdə bərabərlik tələb edilirsə, bu, bərabərlik yox, istifadədir.

Etiraf edək ki, cəmiyyətə faydalı olmaq, fikir istehsal etmək qabiliyyəti qadın və kişi ilə ölçülmür. Yaxşı olar ki, bərabərliyi bütün hallarda əməl edəcəyimiz vəziyyətdə tələb edək”.

Araşdırmalara görə, dünya ölkələrində inkişafın əsas göstəricilərindən biri orada insan hüquqlarının qorunmasına hansı formada əməl edilməsi ilə bağlıdır.

Bu gün bütün ölkələrdə qadın-kişi hüquqları eyni səviyyədə təmin edilmir. 21-ci əsrdə yaşasaq da, qadınlarla hələ də orta əsrlərdə olduğu kimi davranan, qadın və kişilər arasında cinsi ayrı-seçkiliyə yol verən, qadının söz haqqını əlindən alan, təhsil almaq, işləmək hüququna məhəl qoymayan ölkələr var.

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsinə dair Konvensiyası (CEDAW) hələ 2016-cı ildə açıqladığı hesabatda Sudan, Cənubi Sudan, Somali, Palau kimi dövlətləri qadınların yaşaması baxımından ən pis ölkələr kimi dəyərləndirib.

Qeyd edək ki, hazırda Azərbaycanda istehsalatın bütün sahələrində qadınlar təmsil olunurlar.

Qadınların texniki və qeyri-ənənəvi sahələrə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu sahələrdə çalışan qadınların sayı da ilbəil artır. Bu, istər mədən sənayesi, istər maşınqayırma, istərsə də nəqliyyat sektoru üçün keçərlidir.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir