Cəmiyyət

Qiyməti reytinqlərdən daha ucuz insan həyatı

Sharing is caring!

Aytac Qasımova yazır…

İnsan intiharlarından yazmağın əleyhinəyəm. Mövzu həssas olduğu qədər sarsıdıcıdır. Lakin Vətən müharibəsində döyüşən, sağlamlığını bu uğurda fəda edən insanların intiharı barədə düşünmək kimi yazmaq da çətindir. Hər dəfə xəbəri yuxudan qazi intiharı ilə oyananda dəhşətə gəlirdik. Bu cür xəbərlər yayılanda keçirilən sarsıntının təsirindən uzun müddət çıxmaq olmur. Həmin şəxsin həyat hekayəsini araşdırıb, dərdini, həyatla ölüm arasındakı o incə cizgidə qaranlıq tərəfi seçməyinə səbəbi öyrənməyə çalışırsan.

Ötən gün özünü yandıraraq intihar edən qazinin dəhşətli görüntüləri sosial şəbəkələrdə yayıldı. Bəli, siz düz oxudunuz və mən də düz yazdım. Çünki biz onu xilas etmək, onu incidən məsələyə qulaq vermək əvəzinə, özünü yandırdığı anları videoya çəkməklə məşğul idik. Axı reytinqlər insan həyatından daha qiymətlidir… 

Qulağımız, gözlərimiz nə zaman bu qədər uyuşdu? Bəlkə, beynimiz tam olaraq məsələnin nə yerdə olduğunu o an dərk etmirdi? Şüuraltımda durmadan bu kimi suallar dolaşır, amma nə verilən suallarla, nə də birtəhər onlara tapdığım cavablarla razılaşa bilirəm…  

İnsan yaradılışlar arasında ən vəhşisidir. Bu fikirlə sonuna qədər razı olmağım üçün elə təkcə son dövrlərdə yetərincə hadisələr görmüşəm. Lakin hər bir insanın ürəyində ən azı mərhəmət hiss olur axı, bir də vicdan… Elvin özünü intihara cəhd edən zaman onu videoya çəkmək əvəzinə fikrindən daşındırmağa çalışmaq, lazım gəlsə, güc tətbiq edərək əlində özünə xətər yetirə biləcəyi vasitələri almaq olmazdımı?! İnsan yatanda başını vicdan yastığına qoymalıdır. İnanın heç incitmir, ruhən rahatlıq tapırsan. Bəs, qarşında xilas edə biləcəyin bir həyat varkən, onun məhv olmasını izləməyin insanlıqda adı, yeri nədir?! 

Onun “Məni o dərinlikdə sındırmağın yeri yox idi” sözləri düşüncələrimi zəbt edib. Elvini kim, necə sındırmışdı, alçaltmışdı ki, ölümün kandarında bu sözləri demək ehtiyacı duydu?! Onu bu vəziyyətə gətirən cəzasını alacaq?

Vətən üçün savaşan, qazi, şəhid adını daşıyan oğullarımız! Biz gələcək nəsillərimizə sizin qəhrəmanlığınızdan danışmaq istəyirik, acı ölümünüzdən yox. Unutmayın ki, dünyəvi olan heç bir şey sizin həyatınızdan daha dəyərli deyil!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir