Cəmiyyət

Ərzaq qıtlığından unikal çıxış yolu, yoxsa ölümcül təhlükə? – Ekspertdən AÇIQLAMA + FOTO

Sharing is caring!

Koronavirus pandemiyasının bitdiyi bir vaxtda başlayan Rusiya-Ukrayna müharibəsi qlobal ticarət şəbəkəsində və maliyyə bazarlarında yaratdığı dalğalanmalarla yeni problemləri gündəmə gətirib. Rusiyanın enerji və metal istehsalında kritik oyunçu olması və tətbiq edilən sanksiyaların bazarda təklifə mənfi təsir göstərərək əlavə inflyasiya təzyiqi yaratması gündəmin zirvəsini zəbt edib. Digər tərəfdən, müharibənin ilkin mərhələlərində nisbətən arxa planda qalan, lakin müharibə davam etdikcə təsirini artıran taxıl təminatında yaşanan problemlər ciddi qlobal ərzaq böhranının mümkünlüyünü ortaya qoyub.

Pandemiya və müharibə bu gün qida tədarükü zəncirində qlobal problemlərin iki ən böyük səbəbi kimi göstərilsə də, qida tədarükü ilə bağlı həyəcan təbili uzun müddətdir ki, çalınır. BMT-nin bu yaxınlarda dərc etdiyi qlobal ərzaq böhranı hesabatına görə, əsas qida ehtiyaclarını ödəməkdə çətinlik çəkən və ərzaq böhranı səbəbindən təcili yardıma ehtiyacı olan insanların sayı 193 milyondur. Unudulmamalıdır ki, qlobal istiləşmə ilə müşayiət olunan quraqlıqlar, xüsusilə Afrikada qida istehsalına ciddi təhlükə yaradır. Belə olan halda böhranı ən az zərərlə ötüşdürmək üçün beynəlxalq təşkilatlar və eyni zamanda dövlətlər alternativ yollar axtarmaqdadır.

Bəs böhrandan çıxış yolu üçün ən unikal variant kimi görünən alternativ qidalardan istifadə nə qədər real görünür?  

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən ərzaq təhlükəsizliyi üzrə ekspert Eldəniz Əmirov qeyd edib ki, istənilən sahədə alternativlər daim mövcud olur, bu, olmadığı təqdirdə isə risklərin sığortalanması baxımından yeni alternativlər yaradılır:

“Ümumiyyətlə bütün sahələrdə risklərin sığortalanması üçün mütləq şəkildə alternativ variantların seçilməsi zəruridir. Məhz Rusiya-Ukrayna müharibəsindən də əvvəl alternativ qida məsələsi gündəmdə idi. Dünya ərzaq böhranı ilə üz-üzə qaldığı vaxtda, digər tərəfdən də müharibənin baş verməsi ərzaq təhlükəsizliyi məsələsini daha da qabardıb”. 

Ekspert əlavə edib ki, ölkələrin ərzaq təhlükəsizliyi məsələlərinin gündəm olması, qıtlıqla əlaqədar BMT-nin vaxtaşırı verdiyi açıqlamalar və ümumilikdə perspektivdə 70 milyona yaxın insanın aclıqdan əziyyət çəkməsilə bağlı verilən proqnozlar alternativ qida istehsalçılarını hərəkət keçirib:

“Fikrimcə, alternativ qidalardan mümkün qədər az hallarda istifadə etmək lazımdır. Düzdür, istəsək də, istəməsək də planet alternativ qidalardan qaça bilməyəcək. Sadəcə olaraq bu prosesə mümkün qədər gec keçmək hər bir ölkənin prioritet vəzifəsi olmalıdır. Hesab edirəm ki, ərzaq təhlükəsizliyinin daha çox təbii vasitələr, ənənəvi üsullarla ödənilməsinə üstünlük vermək lazımdır. Ənənəvi qidalara üstünlük verilməsi ənənəvi üsul demək deyil. Ənənəvi qidanı innovativ üsullarla yetişdirmək lazımdır. Bunun üçün yüksək texnologiyalara ehtiyac var. Həmçinin alternativ qida yetişdirilən zaman ən innovativ yanaşmaları tətbiq etmək lazımdır”.

E.Əmirov vurğulayıb ki, biz ərzaq təhlükəsizliyimizi təmin edən qidalarımızda yüksək texnologiyalar tətbiq etməklə keyfiyyətli məhsul əldə etmək istəyirik:

“Lakin keyfiyyətsiz olsa da ənənəvi qida səhhətimiz üçün alternativ qidalar qədər zərərli deyil. Ancaq alternativ qidalar keyfiyyətsiz olarsa, bu, orqanizm üçün daha ciddi problemlər yarada bilər və bu, elə problemlərdir ki, 1-2 il ərzində müəyyən edilə bilməz. Məhz buna görə problem təkcə iqtisadi deyil, həm də qida təhlükəsizliyi məsələsidir. Bir daha vurğulanmalıdır ki, gündəlik istifadə etdiyimiz ənənəvi qida məhsullarının keyfiyyətsiz olmasına bu və ya digər şəkildə göz yumsaq da, yaxud da qiymət baxımından keyfiyyətinin bir o qədər yüksək olmasına önəm verə bilməsək də, eyni yanaşmanı alternativ qida məhsullarında tətbiq etmək çox təhlükəlidir. Çünki iqtisadi cəhətdən 1 manatlıq fayda tibbi baxımdan illər sonra çox ciddi fəsadlar verə bilər. Buna görə alternativ qida məsələsi yüksək keyfiyyət və yüksək texnologiya tələb edir”. 

Bir sözlə, ötən dövrlərdə enerji sahəsində baş verən geosiyasi gərginliyə qida və suyun da əlavə olunması uzaq ehtimal deyil.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir