Cəmiyyət

İrəvan sakini: “Ermənilər Novruzda Azərbaycan ailələrinin oğlan uşaqlarını oğurlayırdılar”

Sharing is caring!

“Mən İrəvandan sonuncu dəfə 1987-ci ilin dekabrında çıxmışam. Amma yaxşı xatırlayıram, ağlım kəsəndən görmüşəm ki, ermənilər altdan-altdan bizə qarşı hansı oyunlardan çıxırdılar”.

Bu fikirləri İrəvan sakini Mətanət Əsgərqızı Bizim.Media-ya İrəvanda Azərbaycan mədəni irsinə qarşı erməni soyqırımından danışarkən səsləndirib. Uşaqlığını xatırlayan İrəvan sakini hələ 1960-cı illərdən Azərbaycan mədəni irsinin silinməsinə başlandığını qeyd edir. 

“Çox yaxşı xatırlayıram, 1967-ci il idi, Novruz bayramına bir gün qalmışdı. Atam təcili olaraq evə gəldi.

Anamla digər otaqda nəyisə müzakirə etdilər. Bizim əynimizi geyindirib evdən çıxardılar. Hər birimizin cibinə bir kağız qoydular. Anamdan illər sonra soruşdum ki, o kağızda nə var idi? Bizim adımızı, kimin övladları olduğumuzu yazmışdılar. Qorxurdular ki, bizi ayırarlar. O vaxt başımıza oyun açırdılar ermənilər. Xüsusən ailələrin tək oğul övladlarını öldürürdülər. Bunu da xüsusən bayram ərəfələrində edirdilər. Görün biz o ermənilərdən nələr çəkmişik. Biz bunu heç vaxt unuda bilmərik”.

Mətanət Əsgərqızı qeyd edir ki, İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi ilə bağlı UNESCO-ya edilən müraciət təqdirəlayiqdir. 

“Onlar ərazidə heç nə saxlamaq istəmirlər. Qəbiristanlıqları dağıdan ermənilər tarixi abidələri saxlayarlar? Əlbəttə ki, yox. Mən İrəvanda doğulmuşam. Orada böyük nəsildənəm. Mən Hüseyn ağanın nəslindənəm. Babam da İrəvan xanının sarayında həkim olub. Bir müddət orada yaşadıqdan sonra Bakıya köçməli olublar. Ermənilər keçmişdən qorxurlar. Ona görə də tarixi abidələrimizi məhv edirlər. Lakin bir sözü deyə bilərəm ki, biz oraya, İrəvana geri qayıdacağıq.

Mən İrəvanı yuxularımda görürəm. Oranı necə qoyub çıxmışamsa, yuxularımda da elə görürəm.

Qərbi Azərbaycan bizim bir hissəmizdir, ora ata-baba yurdumuzdur. Mən də 1960-cı ildə İrəvanda dünyaya gözlərimi açmışam. Əslində İrəvan işğalda qalıb. Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət edən insanlara mən təşəkkür edirəm”, – deyə M.Əsgərqızı qeyd edib. 

Qeyd edək ki, Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir