Cəmiyyət

Tbilisidə Mirzə Fətəli Axundov küçəsinə yeni ünvan lövhələri vurulub – FOTO

Sharing is caring!

Tbilisidə Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) adını daşıyan küçəyə yeni ünvan lövhələri vurulub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhərin Krtsanisi rayonunda, tarixi Abanotubani məhəlləsində yerləşən küçədə 13 lövhə quraşdırılıb.

Yeni lövhələrin quraşdırılmasını Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin müraciəti əsasında Tbilisi Şəhər Şurasının Ad və simvolika üzrə Komissiyası həyata keçirib.

Muzeyin direktor müavini Leyla Əliyeva “Report”a bildirib ki, küçəyə M.F.Axundov haqqında məlumatlandırıcı lövhənin də vurulması planlaşdırılıb.

Onun sözlərinə görə, böyük ədibin anadan olmasının 210-cu, həmçinin muzeyin təsis olunmasının 40-cı ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və dramaturqun adını daşıyan küçəyə yeni lövhələrin vurulması da məhz bu plan çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, küçəyə M.F.Axundovun adı 1930-cu ilin əvvəllərində verilib. Tbilisi şəhərinin 1934-cü ilə aid baş planında bu küçəyə rast gəlinir. Küçədə mövcud ünvan lövhələri olduqca köhnə və yararsız halda idi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin 66 illik ömrünün 44 ili Tbilisinin payına düşüb. O, 1878-ci ilin martın 10-da Tbilisidə vəfat edib, məzarı Nəbatat bağı ərazisindəki panteonda yerləşir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir