Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələri şərəfli tarixə malikdir

Sharing is caring!

Hər bir ölkənin suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında ordu müstəsna rola malikdir. Bu baxımdan, son üç onillik ərzində müharibə şəraitində yaşayan və işğal faktı ilə üzləşən Azərbaycanın öz Ordusunu davamlı şəkildə gücləndirməsi strateji önəm daşıyır. Azərbaycan ötən dövrdə müasir ordu quruculuğunu daim öz gündəliyinin mərkəzində saxlayıb. Respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Bəhs olunan dövrdə dövlət büdcəsindən hər il Silahlı Qüvvələrin möhkəmləndirilməsinə böyük həcmdə vəsaitlər yönəldilib. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini də adekvat şəkildə artırıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən ordumuz ulu öndərin adını daim yaşadacaqdır.
Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir.
Azərbaycan xalqının arzusunu, istəyini, müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən bu irs Azərbaycanda ordu quruculuğu təfəkkürünü, xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnəkdir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürürdü.
Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbiçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynamışdır. Bizim peşəkar hərbiçilər indi də Heydər Əliyevin yaratdığı məktəbin məzunları olmasıyla fəxr edirlər. Əlbəttə, eyni zamanda bütün Azərbaycan xalqı bununla iftixar hissi duymaqdadır.

Maşalla Əliyev, Qarabağ müharibəsi əlilləri İB-nin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir