Cəmiyyət

Min şükür, nankorluq yoluxucu deyil, genlə, südlə ötürülür…

Sharing is caring!

Şəhriyar Del Gerani yazır…

Nankorluğa dair…

Çox adama elə gəlir hər kim, hər kimə yaxşılıq edirsə, bu, onun boynunun borcudur. Amma elə deyil. İnsan yaxşılıq etmək üçün yaradılmayıb. İnsanın mahiyyətində vəhşilik var, pislik var. Ona görə də adamlar pislik etməkdə qətiyyən çətinlik çəkməzlər. Yaxşılıq etmək isə çətindir. Pis insan olmaq üçün adamdan xüsusi heç bir şey tələb olunmur. Yaxşı adam olmaq üçün isə zəhmət, əxlaq, mədəniyyət tələb olunur. Yaxşı adam olmaq asan məsələ deyil.

Mövlanə deyir, insanın kökü torpaqdır, ona görə nankorluğa meyl edər. Yalnız vəfalı insanlar əxlaqıyla yarandığı və gedəcəyi torpağı zinət edər. Çağdaş insanın itirdiyi ən mübarək duyğulardan biri də minnətdar olmaq hissidir. Əksəriyyət təşəkkür etməkdən min yol uzaqlaşıb. Düzü, bu məni çox narahat edir. Təşəkkür etmək əksəriyyətin yadından çıxıb. Elə bu dəqiqə soruşun ən yaxınınızdakı adamdan, elə-belə, maraq üçün, soruşun görün axırıncı dəfə kimə təşəkkür edib? Başqa cür başa düşməyin, özünüzə də sual edə bilərsiniz. Sonuncu dəfə nə vaxt, nəyə görə, kimə təşəkkür etmisiniz?

Deyəndə də xətrinizə dəyir. Amma kimsə inciməsin, dostca söhbətləşirik. Gəlin əvvəla bunu qəbul edək ki, həqiqətən də insan mahiyyətində bütün pisliklər yer almış natamam bir varlıqdır. Doğrudur, bu cümlələr dindar kəsimin, yaxud bəşəriyyət haqqında yüksək fikirdə olan kimsələrin könlünü oxşamaya bilər, razıyam. Gərəkdir onlar da azacıq adekvat olub düşünsünlər. Əgər insan həqiqətən də mükəmməl yaradılıbsa, o zaman səmavi kitablara, peyğəmbərlərə, alimlərə və ümumiyyətlə, təhsilə, tədrisə nə ehtiyac var idi?

Nankorluqdan söhbət açırıq. Ona görə də daha həssas və daha soyuqqanlı olmalıyıq nəyisə idrak etmək üçün. İnanın, bütün bunları dərk edib, qəbul edəndə yaşamaq sadələşir, fərəhli olur. Məsələn, birmənalı şəkildə qəbul etmək lazımdır ki, insan elə nankor olmalıdır normalda. Niyə? Çünki nankorluq insanın mahiyyətində, yaradılışındadır. Yalnız normal ailələrdə doğulmuş, yaxşı təhsil almış və özünü tanıyaraq tərbiyə etmiş kəslər, hansısa məqama, mərtəbəyə çatmış kimsələr yaxşı insan olar. Təhsil dedikdə hansısa uşaq bağçasından, məktəbdən, universitetdən bəhs etmirik. Öncəki yazılarımızı izləyən diqqətli oxucular yaxşı bilir ki, “Təhsil nə bağçada, nə məktəbdə, nə də universitetlərdə verilir” düşüncəsindəyik. Öyrənmək istəyən ortabab şüur sahibi təhsilin ən gözəlini həyatdan alar. Hər kəsin həyatında öyrənə biləcəyi bir kimsəsi olar mütləq. Normal ailədə doğulmaq böyük bir səadətdir. Amma normal ailədə doğulmasan belə Allah heç kəsi kimsəsiz qoymur. Həmişə həmin o bir nəfər haradansa çıxar adamın qarşısına.

İnsan natamam varlıqdır. Pislik etmək insanın mahiyyətindədir. Buna görə də insan zaman-zaman özünü tərbiyə etməyə, oxumağa, öyrənməyə məcburdur. Zaman o qədər amansız sürətlə keçir, dövr elə dəyişir bir göz qırpımında, çox vaxt yaxşılıq etmək, yaxşılığa görə təşəkkür etmək, minnətdar olmaq insanların yadından çıxır. Ağıllı adamlar yaxşılığı, təşəkkür etməyi insanların yadına salmalıdır hər gün. İnsan pisliyə meyllidir çünki. 

Bura qədər yazdığımı oxudum, yaxşı gəlirik. Min şükür. Düzü, çalışırıq son dərəcə sadə, həddindən artıq adi cümlələr, primitiv misal və məsəllərlə ifadə edək özümüzü ki, nə demək istədiyimiz anlaşılsın. Məqsədimiz həm bilik və düşüncələrimizi paylaşmaq, həm də paylaşaraq özümüzü də inkişaf etdirməkdir. Azərbaycan oxucularını qınamaqdan uzağıq. Allah şahiddir. Yaxşı bilirik Azərbaycan oxucusu ömründə 2-3 kitabı normal şəkildə oxuyub başa düşməyib. Əksəriyyətinin də vaxtı olmayıb. Ciddi sözümdür. Son 30 ildə başımıza gələnləri Allah heç bir millətə göstərməsin. Kitaba qarşı biganəlik isə başqa bəladır bizimkilərdə. Açığı, Azərbaycan oxucuları üçün yazmaq məşəqqətdir. Təsəvvür edin, ölkənin 99 faizi müsəlmandır, amma araşdır, görəcəksən heç 99 nəfər Quranı düz-əməlli oxuyub idrak etməyib. Tapındığı dinin kitabını oxumayan adamlardan hansısa digər kitabı oxumasını gözləmək sadəlövhlük olar. Odur ki, bizim yazarlar da bunu nəzərə alıb ağlasığmaz dərəcədə sadə cümlələrlə ifadə etməlidirlər özlərini. İmkan olsa şəkillərlə, karikaturalarla qüvvətləndirməliyik fikrimizi. Ola bilsin kimsə cümləni başa düşməsin, şəkildən, karikaturadan aydın olsun mətləb. Azərbaycan oxucuları barədə xüsusi yazımız olacaq. Ona görə də qayıdırıq mövzumuza.

Nankorluqdan söz açmışıq. Zəruri qeyd olaraq bildirək ki, nankor insan heç bir zaman dəyişməz. Bir nankor insanlar, bir də xəsis insanlar heç bir zaman dəyişməzlər. Bunu unutmayın. Cahil ağıllana bilər, kibrli, qəzəbli mülayimləşər, sırtıq abırlanar, amma nankor qətiyyən düzəlməz. Nankor insanlar üçün dəyər yoxdur, qiymət var. Onlar hər şeyi qiymətlə ölçər. Sən özünə dəyər verərsən, amma onlar yanlış anlar, səni qiymətləndirib bazara çıxarar, dəyər-dəyməzə satarlar. Onlar üçün heç bir dəyər vahidi yoxdur. Qınamayan olsa hal-əhval tutanda “Necəsən?” yerinə “Neçəsən?” soruşarlar. İstəyərlər hamı alınıb-satılsın. Ürəkləri gedir al-ver üçün. Onlar üçün mənfəətdən başqa heç nə yoxdur. Onlar səninlə quzu balası kimi yola gedərlər, elə ki qazancları kəsildi, ilana dönərlər. Min bir dəfə yaxşılıq et, bir dəfə etmə, vəssalam, bitdi sənin o min bir yaxşılığın. Necə deyərlər, sənin o min bir yaxşılığına bir quş. Özü də o məşhur mahnıdakı “ay uçan quşlar”dan.

Ümumiyyətlə, insanlarla eyni dövrdə yaşamaq çətindir. Gərək hər pisliyi nəzərə alasan. Bir dostum deyir, adamlar da qarpız kimidir, kəsib içini görməyincə bilmək olmur. Haqlıdır. Birinə uzun müddət yoldaşlıq edirsən, fərqində olmursan. Elə bir məqam yetişir, görürsən uzun müddətdir yoldaşlıq edib könül bağladığın adam nankor çıxdı. Nə edəcəksən? Aparıb qaytarılası da deyil ki, aparıb qaytarasan. Özü də nankor adamlar adətən cahil olmazlar, yarımçıq olarlar. Cahildən qorxmayın. Cahil adam qorxulu deyil. Əksinə, sizə hörmət etməsə də, heç hörmətsizlik də etməz. Cahildir. Adı üstündə. Ən təhlükəlisi yarımcahillərdir. Yarımcahillər qorxulu sinifdir. Allah iraq eləsin, qandıqları bir qrafa yox, amma hər şeyi “bilirlər”. Belələri son dərəcə murdar, əlahiddə iyrənc olar, nankorluğun bütün cəhətlərini, bütün tərəflərini sənə göstərərlər.

Düzü, dünyadan şikayətçilik heç də xoşuma gəlmir. Amma nə etməli? Bunsuz da alınmır. Bizim işimiz budur bir növ. Dünyadan şikayət etmək şairlərin ən qədim peşəsidir. Talat Sait Halman adlı gözəl bir kişi olub. Özü də şair. Mənim kimi həftəlik köşə yazıları da yazarmış. Ortada tərcümə işləri də görərmiş. Bir qələm adamı kimi gördüyü faydalı işlərdən biri də “Antik Misir şeiri” kitabını türk dilində çap etməsidir. Misilsiz əməkdir. Təsəvvür edin, bunlar dünyanın ən qədim şeirləridir. Onlardan biri də, demək olar 4 000 (dörd min) il əvvəl yaşamış misirli din xadimi və şair Anxunun “Pozuq intizam” adlı şeiridir. Oxuyursan, elə bilirsən bizim Mirzə Ələkbər Sabir dünən yox, srağagün yazıb bu şeiri. Yəni mahiyyətcə heç nə və heç kim dəyişməyib.

Təkrar etməkdə fayda var ki, bəli, çox incidilməmək üçün ətrafına, həyatına son dərəcə az adam daxil edəcəksən. İctimai işlərdə olmayan, sosiallaşmayan adamlar gərəkdir buna riayət etsinlər. Ən azı özlərini qorumaq üçün. Bizdən keçib daha. Biz çoxluqla münasibət qurmağa məhkumuq. Az adamı tanı ki, az sarsılasan. Deyim xəbəriniz olsun ki, lap əslində heç kəs dəyişmir. Sadəcə, sən onları zaman keçdikcə daha yaxşı tanıyırsan. Bunu bir dəfə demişdim.

Nankorluqdan danışırıq. Yuxarıda qeyd etmişik, bir nankor insanlar, bir də xəsislər heç vaxt mahiyyətlərini dəyişməzlər. Amma bəzən dərs verməyə dəyər. Hətta, bəzən dərs vermək lazımdır. Diqqətli olsanız bir real hadisəni nəql edəcəm, bununla da mövzunu qeyri-müəyyən vaxta qədər bitirək.

Ulu babam Şeyx olub, Şeyx Abasqulu Axund. İndikilərdən yox, köhnələrdən. İyirmi beş il Nəcəfdə dərs alıb. Qayıdanda babamı təyin ediblər Mil-Muğan bölgəsinə Qazi. Tarix kitablarında rast gələrsiniz adına. Deməli, bizim Şeyx əfəndi coğrafiyanın, bu ərazilərdə yaşayan xalqın xarakteri ilə tanış olmaq üçün mahalın sayılıb-seçilən, indiki dildə desək, şəhərin bərkgedən kişilərini çağırıb görüşə, bir qonaqlıq verib, süfrə açıb, hal-əhval tutub. Simsar bildiyi adamlardan soruşub ki, bəs buralarda qoçular-filanlar da var deyirlər, onlar kimlərdir? Sadalayıblar. Xüsusi olaraq birini qeyd ediblər. Həmin xüsusi qoçu da mahiyyətcə quldur imiş, amma qoçuluq adı altında gizlədirmiş özünü. Hamı bilirmiş bunu. Amma tədbir görməyə cəsarətləri, gücləri çatmazmış. Xahiş edirəm diqqətlə oxuyun, zaman-zaman misal çəkəcəyiniz söhbətdir bu. Sizə görə deyirəm. Mənim nəyimə lazım? Mən onsuz da bilirəm. Sizə görə deyirəm ki, sanballı bir məclisdə danışa biləcəyiniz urvatlı bir hekayəniz də artsın. Xülasə, Şeyxə deyirlər ki, (filankəs, məsələn, şərti adı Qoçu Əsgər olsun. Ona görə şərti adla yazıram ki, qohum-əqrəbası yaşayır, oxuyub pis olmasınlar babalarına görə – Ş.D.G) Qoçu Əsgər kimsəylə düz yola getmir, bazarlarda adamlardan pul yığır, qonşu kəndlərə mal-qara oğurluğuna gedən dəstələrə yiyəlik edir, bir sözlə, haramzadədir. Di gəl, bir neçə nəfər başının dəstəsi var, özünə müxtəlif yollarla hörmət qazanıb, qoçuluq edir, biz bacarmırıq. Şeyx deyir, yaxşı, məsələ aydındır. Nə etməli? Hər halda Şeyxdən çox bilməyəcik. Baxın görün nə edir. Şeyx başlayır həmin bu qoçunu nəzarətdə saxlamağa. Necə? Məsələn, bir yerdə tirə davası düşüb, kənd dəyib bir-birinə, qanlı-bıçaq olub iki nəsil, Şeyxi çağırırlar qan barışdırmağa. Ağır söhbətdir əlbəttə. Şeyx nə edir? Mahalın sayılıb-seçilən kişilərini, ağsaqqallarını çağırır yanına, köməkçilərinə tapşırır ki, o Qoçu Əsgəri də çağırın gəlsin. Bəli, Qoçu Əsgər də gəlir, hörmətli, sanballı adamlarla, ağsaqqallarla birgə düşür Şeyxin yanına, gedir qan barışdırmağa. Yaxud, Şeyxi dəvət edirlər çox önəmli bir tədbirə, indiki dildə dövlət əhəmiyyətli bir toplantıya, iclasa. Şeyx yenə də başının dəstəsi ilə getməlidir, deyir, Qoçu Əsgəri də çağırın gəlsin. Belə-belə jestlərlə Qoçu Əsgəri tərbiyə etməyə, adam olmağa sövq edir. Yəni layiq olmayan adama aşırı hörmət göstərir ki, ən azı ehmalca zərərsizləşsin. Zaman keçdikcə Qoçu Əsgərə rəğbət yaranır.

Zarafat deyil, o boyda alimin, bölgənin Qazisinin, Şeyxin yanında hərlənir. Günlərin bir günü bazarda dava düşür, Şeyxin çox zəhmətkeş, halalzadə, hörmətli bir əmisi oğlunu üç nəfər ölümcül dərəcədə döyüb qaçır. Xəbər gəlib Şeyxə çatır. Soruşur, bəs dava düşəndə ətrafda nüfuzlu adamlardan kim vardı? Deyirlər, Qoçu Əsgər. Soruşur, Qoçu Əsgər görürdümü davanı? Deyirlər, bəli, çay içə-içə baxırdı, arabir qəlyanını da xoruldadırdı. Şeyx deyir, bəli. Sonra məlum olur ki, Qoçu Əsgər döyülənin də, döyənlərin də kim olduğunu yaxşı bilirmiş. Amma heç bir reaksiya vermirmiş. Şeyx bu hadisəni atır yaddaşının bir küncündə. Hadisənin üstündən bir neçə gün keçir, ətraf kəndlərin birində yas məclisi düşür. Daha dəqiqi, Sarı xanın gənc yaşında güllələnmiş oğlunun meyiti gəlir. Bəli, düz tapdınız, Xan oğlunun üç mərasimində Şeyx məclisdədir, moizə edir. Qədimdə yas mərasimlərində çoxlu sayda adam olarmış. Xan oğlunun da yas məclisini özünüz təsəvvür edin, bütün yerlərdən başsağlığına gələn adamlar, haradasa 800-1000 nəfərlik bir məclis. Şeyx moizə edir, hamı qulaq asır, bu dəmdə Qoçu Əsgər başının dəstəsiylə məclisə daxil olur. Şeyx qəti şəkildə tövrünü pozmur. Müsəlman yas məclislərində olanlar bilirlər, məclisə adamlar gələndə, qalxıb gedəndə dua oxunur, salavat çəkilir. Adətdəndir. Amma Şeyx, dediyimiz kimi, qəti şəkildə tövrünü pozmur. Detalları xüsusi olaraq qeyd edirəm ki, təsəvvürünüz yaransın. Xülasə, moizənin ortasında Şeyx deyir, “Qoçu Əsgər!”, Qoçu Əsgər qalxır ayağa, deyir, “Bəli, Şeyx həzrətləri”. Hünəri nədir qalxmasın? Zarafat adam deyil Şeyx, bir kəlməsiylə bütün mahal atlanar. Qoçu Əsgər də bunu yaxşı bilir. Qoçu Əsgər ayağa qalxmağında olsun, Şeyx də moizəsinə davam etməkdə. Üstündən bir 15 dəqiqə keçir, Qoçu Əsgər tər tökür ayaq üstündə, camaat da arabir baxır buna. (Diqqətli olun, söhbət buradadır) Şeyx təzədən üzünü tutur buna, deyir, “Ay Qoçu Əsgər hey!” Qoçu Əsgər cavab verir, “Bəli, Şeyx həzrətləri…”. Şeyx deyir: “Ay Qoçu Əsgər, mən səni hər dəfə ingilis yəhəri eləyib qoyuram kəhər atın belinə, bəs sən niyə quşqun olub keçirsən atın filan yerinə?”. Əslində Şeyx “filan yerinə” deməyib, adıyla deyib, sadəcə, mən yazmıram. Özünüz başa düşdünüz.

Məlumunuz olsun ki, ingilis yəhəri hələ də ən qiymətli yəhər hesab olunur. Quşqun isə yəhərin qabağa sürüşməməsi üçün atın quyruğunun altından keçərək yəhərə bağlanan qayışa deyirlər. El dilində məsəl də var, deyir, “Quşqun olub quyruğa keçincə, yüyən olub ağıza keç”. And içirdilər, Qoçu Əsgər ard-arda bir səkkiz dəfə udqunub, cibindən dəsmal çıxardıb tərini silə bilməyəcək qədər quruyub. Məclisə lal sükut çöküb. Və Şeyx başlayıb moizəsinə davam etməyə. Təxminən beş dəqiqə sonra nitqi bərpa olunan Qoçu ürkək səslə dillənib ki, “Şeyx, zəhmət olmasa bir fatihə verin, icazənizlə gedim”. Şeyx də əlinin dalıyla işarə edib ki, get. Bildiniz hansı hərəkəti deyirəm. Milçəyi qovanda edirik ha, eynən ondan. Yəni sənə fatihə düşmür. Qoçu Əsgər o gedən gedib. Şeyx dünyadan köçənə qədər də gözünə görünməyib və əlbəttə, əvvəlki qoçuluqdan da bir əsər-əlamət qalmayıb ondan sonra. Bəzən nankor adamları belə üsullarla da qandırmaq mümkündür. Hətta lazımdır, vacibdir. Sevə-sevə başa düşməyəni, söyə-söyə qandırarlar misalı.

Əlbəttə, bu hekayətdə sonsuz mənalar, intəhasız məntiqlər və göz işlədikcə uzanan mətləblər, ibrətlər vardır. Nankorluq gördüyünüz adamlara yeri gəldikcə bu hadisəni danışın, tərləsinlər. Bəli, biz çox adamları ingilis yəhəri edib kəhər atların belinə qoyduq. Amma onlar quşqun olub atın quyruğunun altında qərar tutmağı seçdilər. Özləri bilər.

Nankor insanlardan danışdıq. O kəslərdən ki, hamımızın ətrafında var. Bəzən hər gün onlarla üz-üzə gəlir, eyni məclisdə qərar tutmağa məcbur qalırıq. Nə etməli? Bir təhər yolunu tapıb qorunmaq lazım. Min şükür, nankorluq yoluxucu deyil, genlə, südlə ötürülür nəsildən-nəslə. Amma təəssüf, müalicəsi də yoxdur. Yoxdur ki, yoxdur…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir