Cəmiyyət

Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir

Sharing is caring!

  Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. 1993-cu il iyunun 24-ü Azərbaycanın  sosial-iqtisadi və mədəni inkişafında dönüş günü oldu.  Həmin gündən sonra ulu öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. Ulu öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. 
    Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.
  Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmışdır.  Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.
  Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
    Respublikamız Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu fəaliyyət sayəsində bu nüfuz qorunub saxlanılır.  

Varid Əsgərov, Cəlilabad RİH-nin baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir