Cəmiyyət

Kişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir – İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTO

Sharing is caring!

Şamaxıda vətəndaş məmur tərəfindən döyüldüyünü iddia edir.

Bu barədə Oxu.Az-a döyüldüyü deyilən Şamaxı rayon Məlikçobanlı kənd sakini 1990-cı il təvəllüdlü Nuriyev Ülvi Daşqın oğlunun atası Nuriyev Daşqın Yusif oğlu məlumat verib.

Şikayətçi ata iddia edir ki, oğlu Ü.Nuriyev Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən döyülüb:

“Oğlumu İcra və Probasiya Şöbəsində qolunu burub otağa saldılar. Babək adlı əməkdaş və onun yanındakı şəxslər oğlumu döydükdən sonra buraxıblar. Axşam təcili tibbi yardım çağırmışam. Mübahisə zamanı qurum əməkdaşları ilə aramızda çəkişmə yarandı, həyat yoldaşımın sinəsi, mənim qolum əzildi. Bunlar ciddi xəsarət olmasa da, oğluma sağlamlığına ağır zərər dəyib. Aidiyyəti qurumların bu məsələni araşdırmasını və həmin şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri üçün işdən azad edilmələrini istəyirik”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş tərəfindən məsələ ilə bağlı DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub:

“Vətəndaşın müraciəti əsasında onun izahatı alınıb. Araşdırmanın davam etdirilməsi üçün iş rayon prokurorluğuna göndərilib”.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb:

“Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək”.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən səsləndirilən iddialara cavab olaraq Oxu.Az-a bildirilib ki, iyunun 6-da Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə gələn borclu şəxs Ozal Nuriyevin yaxın qohumları kimi özlərini təqdim edən 1990-cı il təvəllüdlü Nuriyev Ülvi Daşqın oğlu və digərləri borclunun şöbəyə dəvət edilməsinə etiraz edərək icra məmuru Babək İsmayılovu təhqir etməklə qurumun iş rejimini pozmağa cəhd göstəriblər:

“Şöbənin əməkdaşlarına qarşı yol verilmiş qanunazid hərəkətlərin qarşısının alınması ilə bağlı qanunamüvafiq tədbirlər görülüb və aidiyyəti orqanlara məlumat verilin.

Baş vermiş hadisə ilə bağlı araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir