Cəmiyyət

Otelə qəfil zəng, Zaqatalada qeybə çəkilən hindistanlı turist: “Diri tapın” – TƏFƏRRÜAT + FOTO

Sharing is caring!

Balaca, xudmani otaqdır. İki çarpayılıq. Məşhur “Otel otağ”ını xatırladım. Kərimi yazıçı Anar aparıb çıxarmışdı o otağa. Elə o otaqdaca canını tapşırmışdı Kərim müəllim. Məni isə hindistanlı Manikant Kondaveeti.

Hə, mayın 10-da uzaq Dehlidən Bakıya gəlib çıxmışdı. Daha sonra Şəkiyə getmişdi. Hətta piti belə yeyərkən çəkdirdiyi şəkli Hindistanda yaşayan ailəsinə, dostlarına göndərmişdi. 

Mayın 11-də Zaqatalaya gəldi. Günorta saat 4-də. Azca dincəlmiş, daha sonra şəhərin Bayraq Meydanı ətrafında var-gəl edib, yenidən otelə qayıtmışdı. 

Mayın 12-si sübh tezdən isə səhər yeməyini yeyib oteli tərk etmişdi. Və bir daha ondan səs gəlməmişdi. Yox, bir dəqiqə, oteli tərk edəndən sonra bir dəfə inzibatçıya zəng vurmuşdu, çantasının otaqda qaldığını bildirmişdi.

– O, bir gecəlik yer götürmüşdü. Günorta saat 12-də vaxtı bitirdi. Təxminən həmin ərəfədə bizə zəng etdi ki, çantam orada qalıb. Dedik, narahat olma. Qoyduq başqa otağa ki, nə vaxt qayıtsa, götürsün.    

Zaqatalada qaldığı oteldə deyirlər bunu bizə.

– Bax, səhər elə sizin əyləşdiyiniz bu stolda oturdu, çay içdi, azca yedi, çıxdı getdi.  

Bunu isə otelin restoranında deyirlər. 

Elə bizim şam yeməyimizi də Manikantın yemək yediyi masaya gətirmişdi ofisiant. Biz elə onun gecələdiyi otel otağında qalacaqdıq. Təsadüf idi, təbii.  
Elə biz də bir gecə qalacaqdıq. Səhəri bu otağı tərk edib onun iziylə gedəcəkdik. Qardaşı Dharan demişkən, “ümidliyik”… 

Zaqataladan Qəbzidərəyə təxminən 10 kilometr yoldur. Kənddə bizə deyirlər ki,  hindistanlı turist barəsində ancaq eşidiblər. Sadəcə bura gəlib, buradan da Honzoqora getmək istəyib. Bax, buradan yola düşüb Manikant, bu yerdən.

Məqsədi Qəbizdərə kəndindən dağlıq meşə yollarıyla Şamil yaylağına getmək və Car kəndi istiqamətində yenidən Zaqatalaya enmək olub.

Onun Şamil yaylağına çatıb-çatmadığı bəlli deyil. Buradan Honzoqora 6,5 kilometr yoldur. Hər halda yol işarəsi belə göstərir. Honzoqordan  Manikantın yola düşəcəyi Cara isə daha çoxdur. Haradasa 16 kilometrə yaxın.

Bəzi versiyalara görə, Manikant ümumiyyətlə Honzoqora gedib çıxmayıb. Yerli sakinlər deyir ki, mayın 12-i dağlarda güclü yağış yağırmış. Hər tərəfi sıldırım qayalarla əhatələnmiş meşəlik ərazidə özü də tək, bələdçisiz hərəkətin nə dərəcədə təhlükəli olduğunu  təsəvvür etmək çətin deyil yəqin.

29 yaşlı hindistanlının elə yoldaca itdiyi ehtimal olunur. Bir versiya odur ki, vəhşi heyvanların, xüsusən ayıların qurbanı olub. Yerli sakinlərin dediyinə görə, ayılar adətən ovladıqlarını həmin andaca yemirlər. Əvvəlcə kahalarında və ya hansısa bir yerdə basdırırlar.

Başqa bir versiya isə odur ki, Manikant sadəcə sürüşüb, dərəyə düşüb. 

Yoxa çıxmamışdan az əvvəl Manikant Zaqataladan, dağlardan xeyli foto da çəkib göndəribmiş. Bunu onun qardaşı Dharan da deyir. Elə dostları da təsdiq edirlər.
Amma mayın 13-ü saat 12 radələrindən Manikantla əlaqə itib. Onun telefonuna zəng çatmayıb, İnternet bağlantısı kəsilib. Bunun nömrə əldə etdiyi mobil operator da təsdiq edib.

Dharan deyir ki, qardaşı səyyah idi. “Onun macəralarına qulaq asmaq xoş idi həmişə. Mənə deyəndə ki, Azərbaycana gedirəm, bir qədər həyəcanlandım. Səfərdən bir gün əvvəl Dehliyə, mənim yanıma gəldi. Biz yerdə şam etdik. Səhəri mən onu aeroporta apardım. Biz mayın 12-ə kimi hər gün onunla danışırdıq. Sonucu dəfə mayın 12-i axşam 19 radələrində söhbətləşdik. Daha sonra mən ona yazdım, amma cavab gəlmədi. Fikirləşdim ki, yəqin olduğu yerdə şəbəkə yoxdur”. 

Dharan yanılır, həmin ərazidə, ondan da yüksəkliklərdə şəbəkə var. Özü də yüksək səviyyədə. Sadəcə, Manikant yoxdu. Düz, 26 gündür sanki ərşə çəkilib, nə ölüsündən xəbər var, nə dirisindən. İndi onun atası və qardaşı Drahan Zaqatalada oturub hər gün ümidlə ondan xəbər gözləyirlər. Polis, yerli əhali, könüllülər, hamı onun axtarışındadır. Atası Manikantı tapana 10 min manat mükafat da vəd edir. Hətta belə bir müraciət də yayıb.

“Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, Manikantı tapan şəxsə 10000 manat pul mükafatı  verəcəyimizi bildirmək istəyirik”.
Və ata və qardaş eyni zamanda öz şərtlərini də açıqlayıblar.

– Nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək. İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verənlər haqqında hüquqi prosedur tətbiq ediləcək. Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

Və ən əsası  pul mükafatı ancaq Manikantın sağ-salamat tapıldığı halda veriləcək. İnsafən, Manikant itəndən, istər bu və digər dövlət qurumları, istərsə də yerli camaat bu qərib turistin axtarışını yüksək səviyyədə aparır. Elə Zaqatala camaatı da hazırda şəhərdəki otellərin birində qalan ata və oğula biganə deyillər. Otel rəhbərliyi onlara bəzi güzəştlər də edib. Onların tərcüməçisi Ramil İbrahimovun Lent,az-a dediyinə görə, bütün Zaqatala onların halına acıyır. Bacardıqca dəstək olmağa çalışır.  

– O dəfə parka apardım ki, bir az fikirləri dağılsın. Parkda hamı gəlib görüşür, Manikantla maraqlanırdı. Təskinlik verirdilər. Hərə öz köməyini təklif edirdi. Hətta evlərinə aparmaq istəyənlər də vardı. Mənim özümün telefonlarım susmur. Manikantın Hindistandakı dostları hər saat yazırlar. Hamı onun tapılacağına ümidlidir.

Biz Zaqatalada olarkən, Dharan sübh tezdən alpinistlərlə birgə qardaşının axtarışına çıxmışdı. Axşam qayıtmışdı; yenə uğursuzluq, yenə tapılmamışdı.

Axşam elə qaldıqları oteldə görüşdük ata və oğul Kondaveetilərlə. Ata çox kədərliydi. Sadəcə, salamlaşdı, ağır addımlarla öz otağına tərəf getdi. Dharan isə azca da olsa, danışdı.

Deyir onunla əlaqə itdikdən sonra ürəyinə damıbmış ki, Manikantın başına nəsə gəlib. 

– Ən azı anamı nigaran qoymazdı. Bizə də olmasa, mütləq ona yazardı. Amma 25 gündür ki, heç bir xəbər yoxdur. 

Bəs Manikant niyə Zaqatalanı seçibmiş?  Bunu heç Dharan da bilmir. O, qardaşını sadəcə Dehlidən yola salıb. Bir də deyir ki, Azərbaycandan qayıdandan sonra Vyetnama gedəcəkmiş.

Əslində, Dharanın təkbaşına dağlara çıxmağa qərar verməsi də başa düşülən deyil. İlk dəfə olduğu ölkədə, ilk dəfə girdiyi meşədə, qalxdığı dada nəyə ümid edib, bu inam onda haradandır, bax, bu da bilinmir.

Zaqatala Turizm və  İnformasiya Mərkəzinin mütəxəssisi Vüsalə Əliyevanın Lent.az-a dediyinə görə, adətən onlara müraciət edən turistlərə hər cür köməklik göstərirlər. İstər bələdçi, istərsə də at və ya texnika verilir.  

– Onların əvvəlcədən gedəcəyi marşrut üzrə lazım olan bütün tədbirlər görülür. Hindistanlı turist isə bizə müraciət etməyib, özbaşına hərəkət edib. Bu isə çox təhlükəlidir. Nabələd olduğun yerə getmək təbii ki onun azmasına gətirib çıxaracaqdı. Amma Allah eləsin, sağ-salamat tapılsın. 

Elə Zaqatalada da hamı bunu arzulayır. Tez tapılsın, qoca atanın gözləri yoldan yığılsın… 

Amma Manikant sanki qeybə çəkilib… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir