Cəmiyyət

Bizdə “Allah qoruyar” deməkdən o tərəfə keçmir…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Əziz analar, atalar! 

Sizdən son dərəcə təvəqqe edirəm, uşaqları kollektiv surətdə harasa aparmayın və getməsinə icazə verməyin. Siniflə, qrupla, dəstə-dəstə. Yox, madam ki, çox vacib olan qrup şəklində olan gəzintidir, o zaman bir dəqiqə belə uşağı gözünüzdən kənara qoymayın. 

Hadisə bir dəfə baş verir, baş verdisə də bitdi. 

Faciə dünən baş verib. Adını çəkmək istəmədiyim məktəbin I sinif uşaqları valideynləri ilə Şamaxıya piknikə gediblər. 

Bir dəstə uşaq öz aralarında ağac-çubuqla oynayanda bir uşağın gözünü çıxarıblar. Uşaq ağır vəziyyətdə, qanaxmayla Bakıya gətirilib. Göz yoxdur. Yəni 7 yaşlı bala bir gözündən ömürlük məhrum oldu. Onun çəkdiyi ağrını, şoku, qorxunu, aldığı psixoloji sarsıntını hələ demirəm. 

Özümü ömür boyu günahkar hiss edəcək, vicdan əzabıyla yaşayacaq valideyni demirəm. 

İndi deyəcəksiniz ki, valideyn hara baxırdı, müəllim hara baxırdı və s.

Bütün suallar artıq mənasızdır. Çünki I sinif uşağı ömürlük əlil qaldı. Çünki bir dəstə, onlarla uşağı açıq məkanda, çöldə-bayırda daim nəzarətdə saxlamaq mümkün deyil. Ən azı qadınların başı qarışır söhbətə, ya da telefona, uşaqlar özləri üçün oynayır, sonda isə belə hallar yaşanır. 

Dünən də bir qrup şagirdin Şəkidə avtobusla qəzaya düşməsi ilə bağlı xəbər aldıq. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi açıqlamaya əsasən Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus dünən Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir. 

Bildirim ki, dünən Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusu dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Hələ qarşıda dəniz mövsümü gəlir. Yenə hər il olduğu kimi faciələr yaşanacaq. Nəzarətsiz qalan uşaqlar dənizdə boğulacaq, ya da onları xilas etmək üçün çalışan başqa adamlar həyatlarını itirəcək. 

Ya da kimsə alkoqoldan aşırı dərəcədə istifadə edib, özünü birdəfəlik atacaq Xəzərin qoynuna. Sonra da nə olar, nə olmaz.

Tam səmimi danışsaq bizdə nəzarət də, qayda-qanuna riayət də “Allah qoruyar” deməkdən o tərəfə keçmir.  Bizdə ən elementar təhlükəsizlik qaydalarına belə riayət olunmur. Adi sürücü belə kəməri cərimələnməsin deyə taxır, nəinki təhlükəsizlik üçün. 

Hansı sahəyə baxsaq eyni münasibətin şahidi olacağıq. 

Özünüzü hansı oda atırsınız atın, özünüz bilərsiniz. Canınız cəhənnəmə. Bircə uşaqları qoruyun!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir