Cəmiyyət

Valideyn sevgisindən məhrum körpələrin işgəncə gördüyü deyilən sığınacaqdan REPORTAJ + FOTO

Sharing is caring!

Bu gün Sabunçu Rayon Prokurorluğu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı araşdırma aparılması barədə məlumat yayıb. 

Oxu.Az əməkdaşları uşaqlara aylarla əzab verildiyi iddia edilən sığınacağa baş çəkib. 

“Sevgi Evi” adlanan qadın və uşaq sığınacağına yaxınlaşdıq. Qapını döysək də, heç kim açmadı. 

Hətta əməkdaşlar jurnalistləri qapıda gördükdən sonra əraziyə polis də çağırdılar.
Ərazidə yaşayan şahidlər bildirdilər ki, artıq neçə gündür ki, polis əməkdaşları sığınacağın qarşısında növbə tuturlar. Səbəbini isə bilmədiklərini qeyd etdilər. 

Bir müddət keçdikdən sonra sığınacaqda hüquqi xidmət göstərən Ağamirzə Bağırov qapıdan çıxdı və jurnalistlərə açıqlamasında bildirdi ki, uşaqlara işgəncələrin olub-olmadığını istintaq açıqlayacaq:

“Hələ ki bununla bağlı açıqlama vermək düzgün deyil. Mən Sabunçu Rayon Prokurorluğunun açıqlamasını oxumamışam. Əslində, onlar istintaq materiallarını yaymamalıdırlar”.

Hüquqşünas bizi inandırmağa çalışdı ki, qapının bağlı olması sığınacaqdakı azyaşlıların yatmasına görədir:

“Qapının bağlı olmasının müxtəlif səbəbləri ola bilər. Bəlkə, içəridə təmizlik işləri gedir? Gözləyək. Buradakı uşaqlara heç bir şiddət göstərilməyib. Sığınacağa gətirilən uşaqların hər birinin ayrı problemi var.

Onların buraya götürülməsi könüllüdür. Bura dövlət sığınacağı deyil. Nəzərə alsaq ki, bura müxtəlif səbəbdən uşaqlar gətirilirlər, biri işgəncələrə məruz qalıb, birinin anası yüngül həyat tərzi keçirir, birinin isə atası narkomandır”. 

Hüquqşünas açıqlamadan sonra sığınacağa daxil oldu. Xeyli müddət keçdikdən sonra əməkdaşlar qapıları açdılar və jurnalistləri içəri buraxdılar. 

Bir məqamı da qeyd edim ki, əməkdaşlar jurnalistlərdən narahat olduqlarını bildirərək “Ceka” adlı cangüdənlərini də otağa dəvət etdilər…

Daha sonra əməkdaşlar bildirdilər ki, uşaqlara heç bir işgəncə verilməyib. 

Kimsəsizlərə və xüsusi qayğıya ehtiyacı olan insanların sosial həyatına dəstək olan “Könüldə Nur” İctimai Birliyinin rəhbəri Könül Qasımova jurnalistlərə açıqlamasında qeyd etdi ki, rəsmi məlumatda sığınacağın adı qeyd edilməyib:

“Sığınacaq təşkilata aid deyil. Burada prokurorluq əməkdaşları heç bir axtarış aparmayıblar. Bizim müəssisəyə şiddət görmüş uşaqlar gətirilirlər. Polislər bizdən niyə razıdırlar? Gecə 3-də uşaqları evinə aparası deyillər ki. Bizə zəng vururlar və uşaqları gətirirlər.

Ən çox bizim sığınacağa polis orqanlarından, sosial xidmətlərdən, eləcə də televiziyalarda verilişə çıxan uşaqlar gətirilirlər. Bizim sığınacaqda araşdırılma aparılmayıb. Sadəcə olaraq, monitorinq gəlib. Bu, bütün müəssisələrə gəlir. Sonuncu yoxlama mayın 28-də gəlib və heç bir problemimiz olmayıb”.

O qeyd edib ki, sığınacaqda uşaqlar əsasən anaları ilə qalırlar:

“Burada şiddət görənlər ailələri dağılanlardır. Hazırda beş-altı uşaq var. Bir neçəsini polislər anaları ilə bağlı aparıblar. Sığınacağımız indiyə kimi dövlətdən bir manatlıq da layihə almayıb. Öz büdcəmiz hesabına buranı saxlamışıq. Hansı sığınacaq bunu bacarır? Biz bu mərkəzi pul qazanmaq məqsədi ilə açmamışıq”.

Hüquqşünas Ağamirzə Bağırovun sözlərinə görə, bütün yerlərdə monitorinqlərin nəticəsində cüzi qüsurlar ola bilər:

“Bizim də müəssisədə qida ilə bağlı müəyyən çatışmazlıq ola bilər. Aparılan monitorinq yekun olaraq sənəd şəklində bizə təqdim edilməyib”.

İlhamə Əbülfət

FOTOQALEREYA: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir