Cəmiyyət

Xəzər dənizinin ən unikal gəmi-bərəsindən VİDEOREPORTAJ

Sharing is caring!

Aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərini Qazaxıstanın Kurık limanına həyata keçirib.

Sənayenin ən son texnoloji yeniliklərinin tətbiq edildiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, göyərtəsinin hündürlüyü isə 7,5 metrdir.

Daimi heyəti 30 nəfərə çatdırılması mümkün olan gəmi-bərənin Kurık limanına səfəri zamanı göyərtəsində 25 heyət üzvü, 43 sərnişin, 38 yük maşını və 18 minik avtomobili olub. Ələt Beynəlxalq Dəniz Ticarət Limanına qayıdanda isə gəmidə 25 heyət üzvü, 53 sərnişin, 41 yük maşını olub.

Bu gəmi-bərə yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud olan bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Bu gəmi-bərə ilə bağlı maraqlı məqamlardan biri də budur ki, onu ASCO-nun ən gənc kapitanı Təhmiraz İsmayılov və komandası idarə edirlər.

T.İsmayılov bildirir ki, Azərbaycanın flaqman gəmisinə kapitanlıq etməsi onun məsuliyyətini daha da artırıb:

“Bundan əvvəl də digər gəmi-bərələrdə çalışmışam. Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin ilk səfəridir və bu gəmiyə kapitan təyin edilməklə öz üzərimdə böyük məsuliyyət hiss edirəm. Çalışacağam ki, mənə olan etimadı düzgün və layiqli yerinə yetirim, rəhbərliyin göstərişi və verdiyi tapşırıqları vaxtlı-vaxtında düzgün icra edim”.

Komandirin növbə köməkçisi Seymur Əhmədov isə ümumilikdə 22 illik təcrübəsinin olduğunu və yeni gəmi-bərədə səfərə çıxmağın ona zövq verdiyini açıqlayıb. Onun gəmidə əsas vəzifəsi yükləmə və yükboşaltma əməliyyatları zamanı prosesə nəzarət etməkdir:

“Dəniz həmişə biz gördüyümüz kimi sakit olmur. Dənizdə külək də olur, fırtına da olur. Hər bir dənizçi istəyər ki, onun üzdüyü gəmi sakit sulardan keçsin. Əvvəllər tankerlərdə işləmişəm, elə vaxt olub ki, üç-dörd ay dənizdə çalışmışıq”.

Ələt-Kurık-Ələt marşrutu üzrə səfər zamanı gəmidə olanların qidalanmasına cavabdeh olan əsas şəxs – baş aşpaz Ruhəngiz Cəfərovadır. 17 illik təcrübəyə malik Ruhəngiz Cəfərova deyir ki, bütün sərnişin və heyət üzvlərini razı salmaq çətindir, insanların sağlam və keyfiyyətli qidalanması üçün əlindən gələni edir:

“Gəmidə daha çox ev yeməklərinə üstünlük verirəm. Evimdə nə bişirirəmsə, burada da onu bişirirəm. Məsuliyyət hiss edirəm ki, insanlar ən azından, ev yeməyi yesinlər. Yəqin ki, işimiz qənaətbəxşdir”.

“Zərifə Əliyeva” gəmi-bərəsinin digərlərindən fərqli və üstün cəhətlərini açıqlayan Şamxal Əliyev həmin gəminin heyətində yer alan ən gənc dənizçilərdəndir. Ümumilikdə doqquz illik təcrübəyə malik olan növbə köməkçisi gəminin komfortlu və daha geniş manevr imkanlarına malik olduğunu deyir:

“Yeni gəmimiz manevr və komfort baxımından digər gəmilərdən fərqlənir. “Zərifə Əliyeva” gəmi-bərəsi minimum suyaoturma qabiliyyəti ilə daha çox yükgötürmə imkanına malikdir. Bu da digər sərnişin bərə-gəmilərindən fərqlənir”.

Gəmidə ən mühüm vəzifələrdən birini də bosman Yevgeni Çesnokov icra edir. Əsas işi matrosların fəaliyyətinə nəzarət etmək olan Yevgeni deyir ki, havanın küləkli, dənizin isə dalğalı olması onların da işinə mənfi təsir edir:

“Mənim əsas işim lövbərləri və körpüyə yanalma kəndirlərini verməkdir. Su və kanalizasiya sistemində də problem olarsa, onun da həllinə biz baxırıq. Gəmi çirkli olanda, deməli, bosman da təmizkar adam deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir