Cəmiyyət

DÜNƏNİN, BU GÜNÜN, SABAHIN PARTİYASI

Sharing is caring!

Yeni Azərbaycan Partiyasının növbədənkənar Vİİ qurultayı ölkədə siyasi dialoq mühitinin bərqərar olmasının daha bir sübutu oldu. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktını Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsi kimi qiymətləndirmək olar.​ Bu, o deməkdir ki, YAP sözün əsl mənasında xalqın partiyasıdır.
​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ Qeyd edək ki, YAP-ın yaranışı Azərbaycan tarixinin son dərəcə ağır, ötən əsrin sonundakı çətin bir dövrə təsadüf edir. O zaman ölkədə baş verən ağır proseslər xalqın sağlam düşüncəli hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu səbəbdən də ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

​ ​ ​ ​ ​ ​ ​ Məhz belə bir çətin vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün​ xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. O dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edən Ulu Öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət tərəfindən maneələr yaradılırdı. Elə buna görə də partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

​ ​ ​ ​ ​ ​ ​ Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar çıxararaq partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Bu hadisə ilə bağlı VII qurultayda Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qeyd edib ki, “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın, bu müstəqillik tariximiz məhz ondan başladı”.
​ ​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağlam mərkəz yönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.
​ ​ ​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ Tam əminliklə deyə bilərik ki, YAP bu gün əsl ümumxalq partiyasına çevrilib. Haqlı olaraq qeyd olunur ki, bu gün ölkədə YAP-la rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Müasir dövlətçiliyimizin inkişafında, milli mənliyimizin qorunub saxlanılmasında özünəməxsus rolu olan YAP-ın fəaliyyəti danılmazdır. Prezident İlham Əliyev Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən bir lider olmaqla yanaşı, həm də, görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Cənab Prezidentə xalqın sevgisidir ki, partiyanın sıraları günü-gündən, durmadan artmaqda davam edir.
​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ Bu gün YAP Qadınlar Şurasının və YAP Gənclər Birliyinin fəaliyyəti də göz önündədir. Bacarıqlı gənclərin və qadınların irəli çəkilməsi, onlara hər cür şəraitin yaradılması partiyanın Sədri cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər seçkidən-seçkiyə partiyanın namizədləri arasında gənclərin və qadınların sayı durmadan artır. Yeni Azərbaycan Partiyası hələ bundan sonra da xalqımızın tükənməz inamı və etibarı ilə uzun müddət yaşayacaq və milli dövlətçiliyimizin möhkəmlənməsinə yeni-yeni töhfələr verəcəkdir.
​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ Bütün bunları əsas götürərək bir daha qeyd etmək olar ki, siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən, onun sıralarının gücündən xəbər verir. Digər, nisbətən kiçik partiyaların ona qoşulması da məhz bu güclü təşkilata olan inam və etibardan irəli gəlir. Bu, həm də iqtidara qarşı olan müsbət ictimai rəyin artması deməkdir. Prezidentin söylədiyi kimi, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək.
​ ​ ​ ​ ​ ​ ​ Belə hesab edirik ki, belə bir tendensiya, yəni siyasi qüvvələrin inteqrasiyası ölkəmizin siyasi partiyalar sisteminin daha səmərəli fəaliyyətinə xidmət edir. Bu, bir daha bariz şəkildə göstərir ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” kəlamı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz təcəssümünü tapmışdır. Qarabağ məsələsini həll edən, bizi torpaqlarımıza qovuşduran liderin sədrlik etdiyi ən nüfuzlu, ən güclü partiyaya qovuşmaq​ çox gözəl ideyadır. Düşünürük ki, bundan sonra gücümüzü birləşdirib müstəqilliyimizin, azərbaycançılığımızın, dövlətçiliyimizin qorunması uğrunda birgə fəaliyyət gözəl nəticələr verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir