Cəmiyyət

Böyük alimin həyata gəldiyi gün

Sharing is caring!

     Akademik Zərifə xanım Əliyevanın adını milyonlarla insan çox yaxşı xatırlayır. Onun adı mehriban insan, nəcib qadın, qayğıkeş ana və bunların hamısını özündə ümumiləşdirən qəlbigeniş, insanlara nur bəxş edən İLAHƏ kimi əbədiləşib. Onu tanıyanlar bu insanın nəcibliyi, qayğıkeşliyi qarşısında həmişə heyrət və minnətdarlıq duyublar. İşlədiyi uzun illər ərzində onu həm Azərbaycanda, həm də ölkəmizin sərhədlərindən kənarda Azərbaycan qadınının uca timsalı kimi tanıyıblar. Bu böyük insan öhdəsindən çox böyük uğurla gəldiyi müxtəlif ictimai işləri – həm məsuliyyətli həkim və dərin bilikli alim, həm uzun illər Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyevin həyat yoldaşı, həm də ailədə mötəbər və sevilən ana olması ilə böyük qadın ürəyinin genişliyi və əzəmətli insan xarakterini təcəssüm etdirib.

     Dünyaşöhrətli oftalmoloq-alim Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun (indiki Kəngərli) Şahtaxtı kəndində görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 1942-ci ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə institutu bitirən Zərifə xanım Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.

     Zərifə xanım o həkimlərdən idi ki, xəstələrlə, ümumən insanlarla ünsiyyətdə üstün əxlaqi davranışa, incə danışığa və qayğıkeş münasibətə üstünlük verirdi. Bu baxımdan görkəmli alim təkcə güclü elmi bilik və tibbi məharətə malik həkim kadrların yetişməsi üçün yox, həm də elmi və ictimai əxlaqi davranış və münasibətə malik olan kadrların yetişməsi və tərbiyəsi üçün səy göstərirdi. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunub, “Yüksək etimad” əsəri isə məhz cəmiyyətdə həkimin şəxiyyət kimi formalaşması prosesinə həsr olunaraq özünün əvəzedilməz töhfələrini veribdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərqin əmək sərf edibdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişibdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıbdır. Zərifə xanım heç zaman gərgin işdən usanmayıb, ürəkdən və ilhamla çalışıbdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazanıbdır.

      Zərifə xanım Əliyeva minlərlə Azərbaycan anasını müvəffəqiyyətlə təmsil edən böyük ürəkli, sonsuz məhəbbətli əzəmətli bir ANADIR. Bu böyük insan bir tərəfdən milyonların xidmətində dayanan bir həkim, tibb işçisi kimi qeyrətlə dayanır, digər tərəfdən milyonlarca insana, qüdrətli bir ölkəyə rəhbərlik edən dövlət başçısına sədaqət və məhəbbətlə ömür-gün yoldaşlığı edir, digər tərəfdən bu gün Azərbaycan xalqının yolunda böyük ürəklə, bütün varlığı və qeyrətlərilə xidmət edən, xalq üçün, dövlət üçün çalışan, Azərbaycanı uğurdan-uğura aparan vəfalı, vətənpərvər övladlar tərbiyə edirdi. Öhdəsinə düşən bu qədər çoxcəhətli işin öhdəsindən müvəffəqiyyətlə gələn, həm elmin, öhdəsinə götürdüyü tibbi vəzifənin, milyonlarla insanın ona dikilmiş qaranlıq gözlərinə işıq gətirmək missiyasını yorulmadan icra edən, görkəmli alim, oftalmoloq, həkim kimi zirvələrə qalxan Zərifə xanım Əliyeva həm də sədaqətli, vəfalı bir həyat, ömür-gün yoldaşı kimi bu gün Azərbaycan xalqının yaddaşında əzəmətli, unudulmaz bir yer tutur.

Ramella İsmayılova

Saatlı şəhər Bülbül adına UMM-nin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir