Cəmiyyət

Görkəmli pianoçu, caz ustası Vaqif Mustafazadənin doğum günüdür – VİDEO

Sharing is caring!

Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, Vaqif Mustafazadə 1940-cı ildə Bakıda anadan olub.

O, ilk musiqi təhsilini anası Zivər xanımdan alıb. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların – İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəyovun və digərlərinin əsərlərini düzgün ifa etməyi öyrədirdi.

Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və 1963-cü ildə oranı bitirib. Bu dövrdə o, S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın, V.A.Motsartın əsərlərini böyük ustalıqla ifa edirdi.

Gənc Vaqifi Amerikada, Qərbi Avropada təşəkkül tapmış caz musiqi janrı özünə cəlb edirdi. O, daim radio dalğalarında caz musiqisi dinləyir, onun sirlərini öyrənir və bu janrı muğamla əlaqələndirməyə başlayır, onları müasir akkordlarla, caz üslubuna uyğun improvizasiya edirdi.

Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə Tbilisi şəhərinə gedib, Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

Vaqif Mustafazadə 1970-ci ildə Bakıya qayıdıb və Azərbaycan Bəstəkarlar İttifaqında “Leyli” adlı ilk qadın vokal kvartetinin əsasını qoyub. Bu kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçib və “Sevil” kvarteti kimi fəaliyyətini davam etdirib.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülərək “Azərbaycanın Əməkdar artisti” adını alıb, Dövlət mükafatına layiq görülüb.

1979-cu ildə Azərbaycan televiziyasının “Məktəblilərin musiqi klubu” verilişində “Caz və Azərbaycan muğamları” mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra Daşkəndə qastrol səfərinə gedib və 1979-cu il dekabrın 17-də orada vəfat edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir