Cəmiyyət

Media nümayəndələri atlarla terapiyanın keçirildiyi reabilitasiya mərkəzində – FOTO

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.

Oxu.Az xəbər verir ki, budəfəki təlim “Əlillik sahəsində göstərilən xidmətlər və əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası” mövzusunda olub.

Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində təşkil edilən iki günlük təlimdə 8 media qurumundan jurnalistlər iştirak edib.

Media nümayəndələrinə son illər əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsi prosesi, reabilitasiya mərkəzləri və bu mərkəzlərdə göstərilən xidmətlər haqqında məlumat verilib. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiq olunan yeni üsullardan biri kimi ippoterapiya (atlarla terapiya) xidmətlərinə də başlanıldığı bildirilib.

Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu eyni zamanda əlilliyi olan şəxslərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Bununla yanaşı, onkoloji xəstəliyi səbəbindən əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətləri göstərilməsindən də bəhs edilib. Onkoloji xəstəlik səbəbindən əlilliyi olan şəxslər üçün psixoloji seanslar həm reabilitasiya müəssisəsi daxilində, həm də səyyar və ya onlayn şəkildə həyata keçirilir.

Təlimçilər tərəfindən daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək üçün vörkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqları cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Sosial Jurnalistika” təlimlərinin təşkili media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması və bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir