Cəmiyyət

Bakıda səkidə olan velosiped zolaqlarının aqibəti necə olacaq? – AÇIQLAMA

Sharing is caring!

“Bülbül prospektində paralel velosiped zolaqlarının layihəyə daxil olmayan ərazilərdə ləğv edilməsi və səkilərin bərpası nəzərdə tutulur”.  

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimaiyyətlə əlaqələr və media ilə iş departamentindən məlumat verilib.

Bildirilib ki, AYNA tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb olunmaqla Bakı şəhərində velosiped yollarının yeni şəbəkəsinin layihəsi hazırlanıb və bu ilin əvvəlindən etibarən layihənin icrasına başlanılıb.

Məlumatda daha əvvəl təşkil edilən infrastrukturun bəzi hissələrinin də yeni şəbəkəyə daxil edildiyi vurğulanaraq, səkilərin üzərində salınan və layihəyə daxil olmayan ərazilərdəki velosiped zolaqlarının ləğv edilməsinin və səkilərin bərpa olunmasının nəzərdə tutulduğu da diqqətə çatdırılıb.  

Parkın ərazisindən keçən velosiped zolağının niyə ləğv olunması ilə bağlı suala cavab olaraq isə bildirilib ki, Sahil parkının ərazisində mövcud velosiped zolağı 2022-ci ildə təşkil edilib. Zolağın parkda salınması ilə bağlı vətəndaşlardan quruma çoxsaylı şikayətlər daxil olub.

Qeyd edək ki, velosiped zolaqları layihəsinin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqlarının salınması planlaşdırılır.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir