Cəmiyyət

Erməni dilini öyrənməliyikmi? – Professor izah edir + FOTO

Sharing is caring!


Bir milləti tanımaq üçün onun tarixini və dilini öyrənmək lazımdır. Əgər həmin xalq bizim düşmənimizdirsə, buna xüsusi önəm verməliyik. Necə ki, bir çox erməni Azərbaycan dilində sərbəst danışa bilir.

Bəs Azərbaycanda erməni dilinin öyrənilməsinə münasibət necədir?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda Azərbaycan və türk dillərinin tədrisinə orta məktəblərdən başlayırlar. İrəvan Dövlət Universitetində kafedra, kürsülər və müvafiq mərkəzlər var.

Onun fikrincə, Azərbaycanda da bu işə peşəkar yanaşma olmalı, erməni dili ali məktəblərdə tədris edilməlidir. Müsahibimiz qeyd edib ki, başqa dillərdə olduğu kimi, bu dili bilən mütəxəssislər hazırlanmalı, bu məsələyə dövlətin strateji xətti kimi yanaşılmalıdır:

“Azərbaycanda, bildiyimə görə, BDU və Dillər Universitetində tarix-regionşünaslıq fakültələrində ermənicə tədris olunur. Amma ayrıca bölüm, yəni kafedra yoxdur. Bu isə fundamental dil dərsi verib, yaxşı mütəxəssis hazırlamağa yetməz”.

Professor qeyd etdi ki, dil öyrənmək işi o dilə sevgidən qaynaqlanmır, həmin dili bilərək özünə və xalqına fayda vermək düşüncəsi ön planda olmalıdır:

“Azərbaycanda insanlarla təmaslarım bunu deməyə əsas verir ki, maraq çoxdur, amma bunu bir sistem halına gətirməyə ehtiyac var”.

Həmsöhbətimiz erməni dilini bilməklə yalnız günümüzün reallığında mövcud erməni ideologiyası və millətimizə qarşı planlardan deyil, həm də tarixi keçmişimizdən xəbərdar olmaq imkanı əldə edə biləcəyimizi vurğulayıb:

“Sevsək də, sevməsək də bu dildə bizim üçün yararlı olan və mübarizədə əlimizi gücləndirəcək qaynaqlar yatır. Yetişdirilən bu mütəxəssislər onları ortaya çıxaracaqlar və hər mənada əlimizi gücləndirəcəklər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir