Cəmiyyət

Taksilər və biz: Deyəsən, yenə qiyməti qalxacaq…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Bu səhəri olduqca maraqlı xəbərlə açdıq. 

Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb. Bununla bağlı ölkəyə beynəlxalq mütəxəssislər də dəvət edilib. Yaxın günlərdə ölkədə taksilərlə bağlı problemin həlli üçün yeni qərar qəbul olunacaq.

İndi taksilərlə bağlı nə qərar, nə qanun qəbul olunacaq, onu yəqin ki, yaxın günlərdə biləcəyik. Amma hər dəfə taksi mövzusu gündəmə gələndə yadıma elə Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin “ARB 24” kanalında dediyi məşhur sözlər düşür (Taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır. Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur). 

Qısası, mənası o idi ki, taksi maddi durumu yaxşı olanlar üçündür. Kasıb piyada getsin, necə ki, əsrlər əvvəl yeriyib. Uzağı eşşəklə, ya atla… Kasıb nədir, taksi nədir?

İndi də hər dəfə taksi sözü işlədiləndə ürəyimdə deyirəm ki, vəssalam, deyəsən, yenə qiyməti qaldıracaqlar. Dərd odur ki, qiymət qalxsa da, keyfiyyət qalxmır…

Elə o günlərdə sıradan taksi sifariş etdim və gördüm ki, taksinin içində sanki qasırğa baş verib. Konfet kağızı, pirojki tikəsi, çörək qırıntıları, hələ bir az da diqqətlə baxsaydım yəqin ayaqqabı tayı da görərdim. Taksini yola saldım ki, qardaş mən 3-5 manata görə üstümü-başımı bulaya bilmərəm. Sürücü də yazıq görkəm aldı ki, “bəs 3 uşaqla ana oturmuşdu, dağıtdılar aləmi, indi 4 manat aldığım gedişə görə gərək filan qədər kimyəvi təmizləməyə pul verim?”

Əslində maraqlı məsələdir axı. Gecə-gündüz taksi sürücülərini yıxıb-sürüyürük amma bir dəfə də olsun, onlar üçün danışmırıq.

Əliuşaqlı bir dərd, yaşlısı başqa dərd. Bir də görürsən 2 manat 60 qəpik pul ödəyəcək amma sürücü ilə elə danışır ki, elə bil avtomobili bu alıb qoyub sürücünün altına. Hər nə qədər kənardan asan iş görünsə də, taksi fəaliyyəti ən təhlükəli iş növlərindən biri hesab olunur. 

Birinci yerdə soyğunçuluq və silahlı hücum durur. Əgər diqqət etmisinizsə bir sıra xarici ölkələrdə sərnişinlə sürücü arasında arakəsmə var ki, bu da arxadan sürücüyə hücum etmənin qarşısını qismən alır. Keçmiş sovet ölkələrində isə belə bir təcrübəyə demək olar ki, rast gəlinmir. Çünki sürücülər çox vaxt şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu üçün arakəsmədən istifadə etmirlər.

İkinci yerdə qeyri-adekvat sərnişinlər ola bilər ki, sürücüyə bu və ya digər mənada şər atsınlar. Burada məsələ seksual qısnamadan tutmuş, oğurluq halına qədər uzana bilər. Bu halda da məsləhət görülür ki, avtomobilin salonuna videoqeydiyyat quraşdırılsın. İndi bunu nə dərəcədə edən var, o da başqa məsələdir. 

Üçüncü yerdə kobud rəftar, təhqir və şəxsiyyətin alçaldılması və s. göstərilə bilər. Və siyahını xeyli uzatmaq olar. Ən geniş yayılmışlardan biri də, gediş haqqının tam ödənilməməsidir. Bəzən sərnişin “olanım budur, götürürsən götür, götürmürsən özün bil” deyib pulu sürücünün üstünə atması halları da olur. 

İndi bütün bu məsələləri yazmaqda məqsədim odur ki, sərnişinlər taksi kimi fəaliyyət göstərən avtomobilə bir zərər yetirəndə, taksi sürücüsünü təhqir edəndə və s. hallar yaşananda bunun bir qanunla cavab verməsi varmı? 

Deməli sadəcə nəqliyyat vasitəsinə ziyan yetirildikdə sərnişin qanun qarşısında cavabdehlik daşıyır.

Daha sürücünü söydü, təhqir elədi, taksinin içini bazara çevirdi, üç uşaqla taksidə yedi-içdi, uşağın bezini də taksidə dəyişsə belə sərnişin cavabdehlik daşımır. İndi mənə maraqlıdır, taksi sürücüsü üç uşaqla ananı yolda düşürdüb, ona xidmət göstərməkdə imtina etsə, hamımız o taksi sürücüsünü yerində taksinin arxa bamperinə bağlayıb Bakı-Sumqayıt yolunda sürüyərdik. Amma heç birimiz demərik ki, “ay ana, uşağının yeyib-tökdüklərini yığışdır”. 

Hər nə isə, görək qiymətlər nə vaxt qalxır. Çünki səhərki xəbər elə bil anons idi…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir