Cəmiyyət

Bakıda açılan “Kənddən Şəhərə” Novruz yarmarkasının ilk günü – REPORTAJ + FOTO

Sharing is caring!


Qarşıdan Novruz bayramı gəlir. Bu bayram həm də çoxunun sevimli fəsli olan yazın gəlişinin müjdəçisidir. Hər il olduğu kimi bu il də paytaxtda bayramqabağı yarmarkalar təşkil edilib.

Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinin Novruz bayramı ilə əlaqədar təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkasından reportajı təqdim edir:

İlk gün olmasına baxmayaraq, bayram öncəsi alış-veriş etmək istəyənlər artıq yarmarkaya üz tutublar. Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçirilən yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat, eləcə də avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər.

Yarmarkaya üz tutan vətəndaşlar bunu iki amilə görə izah edirlər:

“Bayram günlərində ailəmizə sağlam məhsulları münasib qiymətə almaq üçün yarmarkaya gəlirik. İri marketlərdə bu məhsulları bir az baha təklif edirlər, ona görə də bayram ərəfələrində yarmarkalara, digər vaxtlarda da bazardan alış-veriş etməyə üstünlük veririk”.

Belə baxanda elə yarmarkanın təşkilində əsas məqsəd də vətəndaşların kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etməkdir. Bununla yanaşı keçirilən yarmarkalar fermer təsərrüfatları üçün də alternativ satış kanalıdır.

“Kənddən Şəhərə” Novruz yarmarkasında ümumilikdə 25-dək regiondan fermerlər iştirak edirlər. Hər regionun da özünəməxsus məhsulları, tam təbii formada, heç bir qatqısız alıcılara təqdim edilir.

Yarmarkaya üz tutan alıcılar burada 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını əldə edə bilərlər. Novruzda süfrəyə qoyulacaq təamları nəzərə alsaq, xüsusilə çərəzlərə – qoz, fındıq, badam, kişmiş və s. maraq diqqət çəkir. 

Hazırda yarmarkada qabıqlı qozun bir kq-nın qiyməti 9 manat, qabıqlı badamın qiyməti 5 manata təklif edilir. 

Qırmızı Quba almasının bir kq-nın qiyməti 1,50 manata təklif edilir. Eləcə də bir kq-ı 0,50-1,20 manat arasında dəyişən müxtəlif növ alma çeşidlərini də yarmarkadan əldə edə bilərsiniz. Naringinin bir kq-ı 3,20 manata, qreypfrutun isə 2 manata təklif edilir.

Təmizlənmiş qoz ləpəsinin bir kq-nın qiyməti isə 9-15 manat arasında dəyişir. Təmizlənmiş badamın bir kq-ı isə 15-17 manata təklif edilir. 

Yarmarkada, eləcə də, şorabalar da satışa çıxarılıb. Bir balon pomidor turşusunun qiyməti 4 manat, badımcan turşusunun qiyməti 5 manat, göyəm turşusunun qiyməti 4 manat, zirinc 10 manat, zoğal turşusu isə 4-5 manat təklif edilir.

Ərik qurusunun bir kq-ı isə 15 manata təklif edilir.

Novruzun simvoluna çevrilən səmənilər müxtəlif qiymətlərə təklif edilir. Belə ki, süfrəyə qoyulan sadə səməninin qiyməti 5 manatdan başlayır və 20 manata qədər çatır. Qiymət səməninin həcmindən asılı olaraq dəyişir. 

Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir